Xəbər verdiyimiz kimi, Cənubi Koreyanın mədəniyyət, idman və turizm naziri Ço Yun Sun korrupsiya qalmaqalı ilə bağlı hakimiyyətin yüksək pilləsində aparılan araşdırmadan sonra komissiya tərəfindən verilən sorğuya əsasən həbs edilib. Məlumata görə, məhkəmə həmçinin Prezident Administrasiyasının keçmiş rəhbərinin həbsinə dair də order verib.
Bu xəbər Azərbaycanda da maraqla qarşılanıb və haqlı olaraq hamı bir suala cavab axtarıb, niyə bizdə də korrupsioner nazirlərdən kimsə heç olmasa başqalarına görk üçün oxşar aqibət yaşamır? Olmaya bizdəki məmurlar rüşvətdən o qədər şişiblər ki, qollarına qandal gəlmir???
Tanınmış media eksperti, professor Qulu Məhərrəmli Moderator.az-a açıqlamasında deyir ki, bu bəladan qurtulmaq üçün məsələyə fərqli yanaşma sərgilənməlidir:
"Siyasi sistemindən asılı olmayaraq rüşvət istənilən ölkə üçün sosial bəladır. Rüşvətxorluq ölkə idarəçiliyini zəiflədir, iqtisadiyyata ağır zərbə vurur və ən başlıcası ictimai əxlaqı pozur və hakimiyyətə inamı sarsıdır. Bu mənada Cənubi Koreyada röşvətxor nazirin həbs olunması başqalarına görk olmaq mənasında yaxşı addımdır. Sovet dövründə də arada belə həbs faktları olurdu ki, digərlərini rüşvət almaqdan çəkindirsinlər. Hələlik müstəqil Azərbaycanda hansısa yüksək vəzifə adamının rüşvət almasına görə həbs olunmasını xatırlamıram. Düzdür, həbs edilən nazirlər olub, amma başqa motivə görə. Sadəcə, istintaqın gedişində məlum olurmuş ki, bu adam həm də rüşvət alırmış. Bir-iki il əvvəl ölkəmizdə korrupsiyaya qarşı mübarizə başlayanda hansısa tibb bacısı, bağça müdirəsi, universitet müəllimi, yaxud bələdiyyə üzvü rüşvət üstündə yaxalandı.
Əlbəttə, heç kimin rüşvət almasına bəraət qazandırmaq olmaz, amma axı bu adamlar kimdir ki, onların hansı böyük səlahiyyətləri və ya cəmiyyətə hansı təsirləri var ki?! Yəni rüşvətxorluğa qarşı mübarizə üçün başlanğıc nöqtəni düz tapmaq lazımdır. O qədər rüşvətxor nazir, komitə sədri, icra başçısı, struktur rəhbəri var ki! Məncə, ilk növbədə onları bu işdən-rüşvət almaq və korrupsiyaya yol verməkdən çəkindirmək lazımdır ki, indi iqtisadi çətinliklə üzləşmiş müstəqil dövlətimiz güclənsin. Gürün, məhkəmələrdən nə qədər şikayət var, ədalət niyə pozulur? Sözün qısası, biz rüşvət məsələsində Cənubi Koreya, Sinqapur, hətta Gürcüstan və Belarus təcrübəsini öyrənib tətbiq etsək, bir çox sahələrdə uğurlarımızı artıra bilərik"./moderator.az