AXTAR

“Heydər Əliyev bizi sakitləşdirdi, dedi ki, işiniz olmasın...”

eliie.jpg

"O zaman 20 yanvar hadisəsinə faktiki olaraq siyasi qiymət verilməmişdi. Rusiya mətbuatında qeyd olunurdu ki, guya bir qrup ekstremist Bakıda yaşayan ermənilərə divan tutmaq istəyirmiş, Sovet ordusu da gəlib onları xilas edib, Bakıdakı ekstremistləri də dağıdıb. Bu belə dəyərləndirilirdi. Amma faktiki olaraq biz hadisələrin əhatə dairəsini, Bakıda baş verənlərin mahiyyətini yaxşı bilirdik. Əlbəttə, həqiqəti yalnız Qərb mətbuatından aldığımız məlumatlar əsasında müəyyən edir, Heydər Əliyevin proseslərə münasibətindən öyrənirdik”.


"IKSmedia.az" APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Birinci mətbuat konfransının tarixi” sənədli filmində bildirir.

"Moskvada bir qrup hazırlanmış adam Heydər Əliyevin keçirdiyi mətbuat konfransı zamanı ona söz deyəndə biz tələbələr həmin o adamlara qarşı ciddi etiraz etmək istədik. Amma Heydər Əliyev bizi sakitləşdirdi, dedi ki, dəyməyin, işiniz olmasın. Gülümsəyərək üzünü zala tutub dedi ki, mən 20 Yanvar faciəsinə qiymətimi verirəm. Kim bunu necə dəyərləndirir, özü bilər. Burada verilən suallara da mən cavab verirəm. Heydər Əliyevin topu-tüfəngi, ordusu yox idi. Onun səlahiyyəti, hakimiyyəti yox idi ki, bu hadisəni, vəhşiliyi törədənlərə qarşı tədbir görsün. Onun bir səsi, iradəsi və milli ruhu var idi. O, milli əhval-ruhiyə, milli iradəyə arxalanaraq insanlara sözünü çatdırdı, hadisələrə qiymət verdi. Faktiki olaraq Azərbaycan xalqının kortəbii anti-Moskva hərəkatına bir sistemlilik gətirdi. Onun düşünülmüş fəaliyyəti milli azadlıq hərəkatını hədəfləri bəlli olan bir hərəkata çevirdi. Bu onun tarixi xidmətidir və onun adına həkk olunmuş xidməti biz hər zaman xatırlayacağıq”, - deyə Əli Həsənov filmdə bildirir.

PA rəsmisi vurğulayır ki, 1990-cı ildə təqiblər başlayandan sonra Heydər Əliyev Bakıya gələndə onu müşayiət edən iki adamdan biri olub: "Bilərəkdən Moskva Dövlət Universitetinin aspirantı kimi mən də onu Bakıya və buradakı təqiblərdən sonra Naxçıvana qədər müşayiət etmişəm. Faktiki olaraq Heydər Əliyevin proqramında, niyyətində, məqsədində yenidən siyasətə qayıdış yox idi. Heydər Əliyev ehtiyacdan Azərbaycanda hakimiyyətə gəldi və sübut etdi ki, o doğrudan da Azərbaycanda olmalı idi. Müstəqil Azərbaycan dövlətinin o çətin günlərində ona məhz belə bir müdrik, siyasətin bütün çalarlarını bilən adam lazım idi”.

Oxşar məqalələr