AXTAR

Rusiyanın ikibaşlı Qarabağ mövqeyi

moskva kremlj

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Ermənistanın Dağlıq Qarabağda işğal olunmuş Azərbaycan ərazilərini azad etməsinin mümkünlüyü barədə sualı cavablandırarkən deyib: “Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi şərti ilə işğal olunmuş ərazilərin azad edilməsi tələbi qüvvədə qalır”. Eyni zamanda o iddia edir ki, Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın daxili işi deyil.
Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda üzərinə hansısa rol götürmüş tərəflər uzun illərdir sülh yolu ilə nizamlama prosesindən danışırlar. Lakin hələ də Ermənistan bu çağırışları saya salmır, öz bildiyi şəkildə danışıqlar prosesini pozmağa, status-kvonun müddəıtini uzatmağa çalışır. Forpost ölkədə bu cəsarət hardandır? Axı, onun nə siyasi, nə iqtisadi, nə də hərbi gücü yaxud potensialı buna imkan verir.
Sergey Lavrovun yuxarıda misal gətirdiyimiz cavabında elə bizim sualın da cavabını tapmaq olar. İndiyədək Minsk Qrupunun 3 həmsədr ölkəsindən biri və başlıcası olan Rusiya tərəf həmişə münaqişənin qarşılıqlı güzəştlər müqabilində Azərbaycan və Ermənistanın özləri tərəfindən həll olunmasından danışırdılar. Lakin getdikcə vaxt daraldığından, nizamlanma prosesinin qaçılmaz olduğu ortaya çıxandan sonra həmsədrlər daha açıq və konkret danışmağa başlayıblar. Məsələn, Azərbaycan tərəfinin uzun sürən mübarizəsindən sonra axır ki, ötən ilin yayında münaqişənin mərhələli həll yolunun təsbitinə nail olunmuşdu. Lakin S.Lavrov bu dəfəki cavabı ilə qarşıda şərt qoyur. Bu isə yolverilməzdir. Əslində, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və digər hər hansı qurumun bu işə qarışması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Belə çıxır ki, indiyədək həmsədrlər yalan danışıblar. Əlaltdan isə Ermənistana “dil” verib ortaya salıblar. İşğalçı ölkə də hər vasitə ilə danışıqlar prosesini pozmağa nail olub.
Məsələyə digər rakursdan yanaşsaq, iddia edə bilərik ki, rus nazirin bir məqsədi də hazırda Ermənistanda gedən proseslərə müdaxilə etməkdir. Belə ki, erməni intellektinin böyük simaları ölkələrinin işğalçı rolunu qəbul etmir, Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi tələbi ilə cəmiyyətlərə müraciətlər ünvanlayırlar. Bu şəxslərin münaqişənin dinc yolla nizamlanmsı istiqamətində təşəbbüs göstərərək yaratdıqları Bakı platformasına qoşulan erməni ictimai xadimlərinin sayı günü-gündən artır. Bakı Platformasının irəli sürdüyü tələb konkret və aydındır: erməni qoşunları Azərbaycan torpaqlarını tərk etməli, Qarabağda ev-eşiyindən didərgin salınmış azərbaycanlılar geri qayıtmalı və Dağlıq Qarabağ ərazisinə Azərbaycanın tərkibində daha geniş statusda muxtariyyət verilməlidir. Görünür, bu hərəkat münaqişənin dominantı kimi qəbul edilmiş Rusiyanı qane etmir. Buna görə də eyni vaxtda ərazi bütövlüyü və yekun status söhbətini ortaya atmaqla prosesi pozmaq məqsədini güdür.
Təsadüfi deyil ki, Lavrovun ardınca Ermənistan parlamenti sədrinin müavini, Ermənistan Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov dərhal jurnalistləri yığıb qondarma “Dağlıq Qarabağ respublikası” haqda fərziyyələr söyləyib. S.Lavrovun bu cavabı Rusiyanın bu məsələdə tutduğu mövqenin heç də sülhə xidmət etmədiyini sübut etmiş olur və münaqişənin həllinin uzanmasına səbəb olacaq. Bu isə tükənmiş limitlər müqabilində Azərbaycanın silaha əl atmasına stimul yaradır.

IKSmedia.az

Oxşar məqalələr