Ötən il Bakı prokurorluq orqanlarının bir neçə əməkdaşı məsuliyyətə cəlb olunub.
Bakı Şəhər Prokurorluğundan virtualaz.org-a verilən məlumata görə, bu barədə yanvarın 13-də qurumda mərkəzi aparatın və ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə keçirilən 2016-cı ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.
Müşavirədə şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə bildirilib ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 17 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 5 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 1 nəfər isə vəzifədən azad olunub.
Müşavirədə, həmçinin qeyd edilib ki, ötən il ərzində qəsdən adam öldürmə, quldurluq cinayətlərinin və ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin sayının azalmasına baxmayaraq, 2 qəsdən adam öldürmə, 9 quldurluq cinayətləri, 3 ölümlə nəticələnən yol nəqliyyat hadisələri açılmamış qalıb.
Həmin işlərin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb.