“Ermənistanın ötən gün törətdiyi təxribat Azərbaycanın beynəlxalq münasibətlərdə mövqelərinin inkişafına xələr gətirmək məqsədi dayışır”. Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
S.Seyidov deyib ki, bu gün Azərbaycan, İran, Türkiyə, Rusiya münasibətləri geosiyasi nöqteyi-nəzərdən tamamilə yeni müstəviyə çıxıb:
“Ermənistan isə öz işğalçı siyasəti nəticəsində regionda müsbət tendensiyalardan kənarda qalıb. Ona görə də Ermənistan Azərbaycanın bu münasibətlərinə təsir göstərmək, Dağlıq Qarabağ məsələsini dondurmaq, status-kvonu saxlamaq və üçüncü ölkə vasitəsilə Azərbaycanda vəziyyəti gərginləşdirmək məqsədilə bu cür təxribatlara əl atır. Görürsünüz ki, bu təxribat işğal olunmuş ərazilərdə baş vermir, məhz Ermənistan-Azərbaycan sərhədində törədilir. Çünki Ermənistan bu təxribat vasitəsilə çalışır ki, Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv ölkələrini də bu işə cəlb etsin. Ancaq Ermənistan özü də dərk etmir ki, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus, hətta Rusiyanın özü Azərbaycanın ərazi bütövlüyünü heç vaxt şübhə altına qoymayıblar və bunu birmənalı olaraq təsdiq ediblər. Sadəcə Ermənistan yenə də öz təxribatçı siyasətindən istifadə edərək vəziyyəti gərginləşdirmək və hadisələri tamamilə başqa istiqamətə yönəltməyə cəhd edir. Digər bir tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar mərhələsi artıq elə bir səviyyədədir ki, danışıqlardan qaçmaq mümkün deyil. Lakin Ermənistan belə təxribatlar törətməklə növbəti dəfə danışıqlardan qaçmaq siyasətini ortaya qoyub".
Millət vəkili bildirib ki, bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının iclası olacaq və orada Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü nəzərdə tutulur: "Biz həmişə görüşə razılığımızı vermişik. Ermənistan isə bu görüşdən yayınmaq üçün, münasibətləri gərginləşdirməyə cəhd göstərmək məqsədilə bu təxribatları törədirlər”.
KTMT baş katibi Nikolay Bordyujanın Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən hadisə ilə bağlı bəyanatına gəlincə, S.Seyidov qeyd edib ki, bu bəyanat təşkilatın mövqeyi deyil və mövqeyi ola da bilməz:
“Bu bəyanatın baş katibin adından yayılmasına baxmayaraq, Ermənistanı çıxmaq şərtilə, KTMT-nin digər bütün üzvləri daim Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar və heç vaxt “Dağlıq Qarabağ respublikası” adlı qondarma bir qurumu tanımayıblar. Ancaq indi baş katibin bu şəkildə bəyanat verməsi həmin təşkilata üzv olan dövlətlərin siyasətinə tamamilə ziddir. Bu, Ermənistanın və onu dəstəkləyən bəzi qüvvələrin təxribatıdır və bu təxribat həyata keçməyəcək. Ona görə ki, Ermənistan istisna olmaqla bu təşkilata üzv olan hər bir ölkə ilə Azərbaycanın münasibətləri yüksək səviyyədədir və mən deyərdim ki, bu təxribat məhz bu münasibətləri korlamaq istəyənlər tərəfindən təşkil olunan bir təxribatdır”.