Ermənistanın imitasiya resursları tükənib
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin uzanması artıq regionda formalaşmış mürəkkb vəziyyətin rasional axarla düzəlməsinə əngəl olur. Bunu beynəlxalq təşkilatlar, hətta həmişə ermənipərəst mövqeyi ilə seçilən qüvvələr də etiraf edirlər. Güman edirik ki, bunun əsas səbəbi Azərbaycan iqtidarının beynəlxalq normalar çərçivəsində qətiyyətli və güzəştli, habelə demokratik və humanist mövqeyi ilə yanaşı, ABŞ-da prezident seçkilərinin nəticələri də təsir edir. Belə ki, Donald Tramp adlı yeni prezidentin siyasi arenaya qədəm qoyması və konkret olmasa da ümumi şəkildə hansı strategiyanı seçməsi son illər “cövlan” edən siyasi platformaların deformasiyaya uğramasına rəvac verəcək. Bunlardan biri də Minsk Qrupundakı həmsədr ölkələrin münaqişəyə ikili standartlardan yanaşmasıdır.
D.Trampın indidən verdiyi bəyanatlar və siyasət aləminə göndərdiyi mesajlar onun qənaətcil və işgüzar imicini daha da gücləndirir. Bu xüsusiyyətlərin siyasət aləminə də sirayət etməsi və Qafqazdakı geosiyasi maraqlarda iqtisadi amillərin üstün mövqeyə çıxarılması Dağlıq Qarabağ münaqişəsinin həlli olmadan mümkün olmayacaq. Belə olan halda Ermənistandan fərqli olaraq Azərbaycanın konstruktiv təkliflərlə çıxışı etməsi də əhəmiyyətli rol oynayacaq. Yəni, ortada “radikallıq” eşqinə düşən Ermənistanın reallıqla barışması məsələsi qalacaq. Əgər bu məsələdə razılıq olmasa, nə qədər sülhdən danışılsa da, Azərbaycan “aprel döyüşləri” tipli təsir vasitəsindən istifadə etmək məcburiyyətində olacaq. Bu üsul nəsə qeyri-adi, təzə kəşf edilmiş metod yox, ədalətsizlik və yersiz höcətçilik edən subyektin ram edilməsi üçün tarixin sınaqlarından çıxmış vasitədir.
Serj Sarkisyanın hakimiyyət komandasının üzvləri həmişə Qarabağda tökülən qanlarda əllərinin olduğunu fəxrlə bildirir, beynəlxalq kürsülərdən belə bu haqda danışmağı “qəhrəmanlıq” sayırlar. Görünür, belələri insan qanına susamış olurlar. Bu səbəbdən də yalnız qan axıdılması yolu ilə onların mürtəce mövqelərinə zərbə vurmaq olar. Çox ola bilsin ki, qan hərisləri belə məsələlərə tamamilə soyuqqanlı yanaşırlar. Bu səbəbdən də daşıdıqları məsuliyyəti dərk edə bilmirlər. Amma bütün bunlar onların vicdanına yazılır və vaxtı gələndə hər biri cavab verəcək.
Münaqişənin həlli yolunda Rusiyanın mövqeyi və fəaliyyəti də əsas mövzulardan biridir. ABŞ-ın yeni prezidentinin Rusiya ilə münasibətləri tarazlamaq niyyəti hiss olunur. Bu baş verərsə, bu iki super dövlət dünyada daşıdıqları missiyaya rəğmən regionda sülh razılaşmasının imzalanmasına çalışacaqlar. Rusiyanın məqsədi özünün təsir dairəsi hesab etdiyi Qafqazda möhkəmlənməkdir. Bunun iki yolu var: birincisi, zor gücünə, ikincisi isə əməkdaşlıq hesabınadır. Azərbaycan və Rusiya, habelə İranla aparılan son danışıqlar, bağlanmış müqavilələr, qarşılıqlı əməkdaşlıq memorandumları göstərir ki, nüfuz məsələsinin gücləndirilməsi üçün əməkdaşlıq yolu seçilib. Bum işdə iqtisadi əməkdaşlığın telləri daha güclüdür. Bu mənada iddia edə bilərik ki, siyasətdə iqtisadi amillərə üstünlük verən Donald Tramp da bu yolu məqbul sayacaq və Rusiya prezidenti Владимир Putinlə regional məsləhətləşmələrdə ümumi rəy əldə olunacaq. Bundan sonra çətin ki, Ermənistan qəbul edilmiş güzəştli həll yolundan imtina edə bilsin.
IKSmedia.az