İKSmedia.az Azərtac-a istinadən bildirir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası ərəfəsində ənənəvi olaraq təşkilatın Parisdəki qərargahında komitə iclasları keçirilir. Qış sessiyasında Parlament Assambleyasının gündəliyində olan bir sıra məruzələr və qətnamə layihələri komitə iclaslarında son dəfə müzakirə edilərək təsdiqlənir.
AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsinin dekabrın 8-də keçirilən iclasında Avropada azad mətbuat və jurnalistlərə qarşı həmlələr, korrupsiyaya qarşı parlament nəzarəti, onlayn media və jurnalistika kimi mövzular ətrafında geniş fikir mübadilələri aparılıb, qış sessiyasının gündəliyindəki məsələlərə dair məruzələrdən üçü səsə qoyularaq qəbul edilib.
Mədəniyyət komitəsinin hazırkı sədri, ukraynalı deputat Volodimir Ariyevin hazırladığı “Avropada mətbuat azadlığı və jurnalistlər əleyhinə hücumlar” sərlövhəli məruzənin qətnaməsindəki 9-cu bənd Azərbaycan üçün çox önəm daşıyır.
Belə ki, Avropa Şurasında qətnamə səviyyəsində qəbul edilən hər bir ciddi sənəddə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin əks etdirilməsi, Dağlıq Qarabağda separatçı rejimin fəaliyyət göstərdiyinin vurğulanması vacibdir. Bu məruzə qətnaməsinin səsə qoyularaq yekdilliklə qəbul olunan 9-cu bəndində göstərilir ki, İnsan Haqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsinə uyğun olaraq Assambleya Azərbaycanın Dağlıq Qarabağ, Gürcüstanın Abxaziya, Cənubi Osetiya kimi ərazilərinin separatçı rejimlərin nəzarətində olduğu üçün bu ərazilərdə mətbuat azadlığının qorunması baxımından dərin narahatlığını ifadə edir. Həmin bənddə bu ərazilər, yəni, ilk növbədə konkret olaraq Dağlıq Qarabağ “qanunun işləmədiyi bölgə” kimi göstərilir.