AXTAR

““Bakinskiy raboçiy” qəzetinin adı “Azerbaydjan” olsun” - ALQIŞ HƏSƏNOĞLU

Alqis_Musayev.jpg

Sabiq millət vəkili, “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Alqış Həsənoğlunun “AzPolitika.info”ya müsahibəsi


- Alqış müəllim, mətbuatı diqqətlə izləyirsinizmi?

– Əlbəttə. Bir qayda olaraq, hamısını. Müntəzəm.

- Daha cox hansına üstünlük verirsiniz – iqtidaryönlü mətbuata, yoxsa…

– Doğrusu, mənim belə bir zəif tərəfim yoxdur. Ümumiyyətlə, bu bölgü nisbi xarakter daşıyır. Çünki ad bəzi şeyləri həll etsə də, hələ hər şeyi həll etmir. Adını “iqtidar” qoyub iqtidarın əleyhinə, adını “müxalifət” qoyub müxalifətin əleyhinə işləyən nəşrlər ola bilər.

Bir dəfə demişəm, yenə təkrarlamaq istərdim: Mətbuat mənim üçün bir tribunadır. Bu tribunanın hansı materialdan, hansı usta tərəfindən düzəlməyinin, həmin ustanın sahib olduğu mənəvi-əxlaqı göstəricinin, siyasi təmayülün mətləbə heç bir dəxli və aidiyyəti yoxdur.

Əsas odur ki, sən özün bu tribunadan nə təklif edirsən, özünü hansı pafosla və hansı aksentlə təqdim edirsən. Yekun nəticəni məhz bu amil müəyyənləşdirir.

Mətbuat həddindən artıq həssas, çox istiqamətli və inikal bir silahdır. Əgər təyinatından düzgün istifadə edilsə, bu silahla istənilən hədəfi dəqiq nişan alıb vurmaq mümkündür. Əgər düzgün davrana bilməsən, çox təəssüf ki, bu silah intihara da səbəb olur…

- “Reket mətbuat”a qarşı son vaxtlar görülən tədbirləri necə dəyərləndirirsiniz?

– Təbii ki, atılan addımlar təqdirəlayiqdir. Dəstəklənməlidir və dəstəklənir. Amma reketçilik səbəb yox, hansısa yanlışlığın fəsadıdır. Səbəb isə mətbuatın daxilində deyil.

Deyim ki, reketçı fəsadları ləğv etmək üçün həyata keçirilən həbslərin müəyyən qədər və bəlli bir yerə kimi müsbət təsiri olacaq. Amma arzu edilən əhatəli effekt alınmayacaq.

Nə üçün?

Tibb diliylə desək, diaqnostikada belə bir anlayış var: pataloji və funksional dəyişmə. Burada diaqnozu düzgün təyin etmək gərəkdir. Belə demək mümkünsə, reketçilik mətbuatın pataloji deyil, funksional pozğunluğudur.

Reket jurnalist, reket redaktor mətbuatın törəməsi deyil. Reket jurnalist, reket mətbuat yerində olmayan, çirkaba bulaşmış, siyasiləşmiş məmurun qanundankənar “övladıdır”.

Ona görə də hər şeydən əvvəl reket jurnalisti və redaktoru qidalandıran, maliyyələşdirən, həvəsləndirən mənbəni aşkar etmək vacibdir. Əks təqdirdə reketçiliklə mübarizə yalnız mövsümi nailiyyətlərlə kifayətlənəcək.

- Bəs yerində olmayan məmuru ləğv etmək üçün hansısa hazir resept varmı?…

– Bu artıq tamam başqa və çox əhatəli bir mövzudur…

Mən bir şeyi əlavə edərdim. Hesab edirəm ki, reketin vurduğu zərbə təkcə şantajla, qanunsuz videoyla, təhqirlə, təhdidlə, rüşvətlə məhdudlaşmır. Bu yara görüləndən, hiss ediləndən daha dərinə işləyib.

Reketçilikik həm də hakim komanda haqqında çox mənfi rəy yaradır. İstər-istəməz soruşulur: nə baş verir ki, komandanın ayrı-ayrı üzvləri öz aralarındakı münasibəti “reket elçilər” vasitəsilə “aydınlşdirmağa” üstünlük verir?

Bəzən xarici təşkilatların, Azərbaycanda çalışmış sabiq səfirlərin dilindən hakim komandanın yekdil olmaması barədə bəyanatlar eşidirik .Bu heç də təsadüfi deyil. Şübhə yoxdur ki, bu məzmunlu bəyanatlara mövzu verən əsaslardan biri də elə həmin “reket mətbuat”dır…

Nəzərə alaq ki, mətbuat bütün hallarda cəmiyyətin və idarəçiliyin güzgüsüdür. Tərif yazsa da, mədhiyyə oxusa da, tənqid etsə də, heç nə yazmasa belə. Hətta reketçiliklə məşğul olsa da…

- Mətbuat dördüncü hakimiyyət funksiyasının öhdəsindən gələ bilirmi?

– Bəzən mətbuatın təsiri, nüfuzu etiraf olunmaya bilər. Ancaq onu inkar etmək heç cür mümkün deyil. Elə vəziyyət yaranır ki, nəinki 4-cü, mətbuat bəzən 3-cü, 2-ci hakimiyyətin adından danışmağa məcbur olur. Əlbəttə ki, bu mətbuata xeyir gətirmir, əlavə baş ağrısıdır və eyni zamanda bu, mətbuatın öz iddiasından, təkəbbüründən irəli gələn bir yerdəyişmə deyil. Bu, daha çox 2-ci və 3-cü hakimiyyətin fəaliyyətindəki boşluqları doldurmağa xidmət edir…

Və yeri gəlmişkən, necə ola bilir ki, bu gün bəzi hakimlər “reket mətbuatda” özü, ailəsi təhqir edilən iddiaçılar barədə ədalətli hökm çixarmaqdan çəkinirlər, reket redaktorlardan ehtiyat edirlər? Bu haqda yüzlərlə fakt mövcuddur…

- Alqış müəllim, mətbuatdan söz düşmüşkən, bir neçə gün əvvəl “Bakraboçiy ” qəzetinin bağlanması barədə təklif səsləndirilib. Fikrinizi bilmək istərdik.

– Burada bir neçə incəliyi gözdən qaçırmamalıyıq. Təklifdə müsbət məqamlar tapmaq mümkündür. Baxmayaraq ki, mən aşırı təftişçiliyin əleyhinəyəm. Sovetdən qalan nə var – onlardan imtina etməyin tərəfdarı deyiləm.

Amma bu bir həqiqətdir ki, ”Bakraboçiy” adı bolşevik işğalından qalan bir yadigardır. Özü də həmin işğalı hər gün, hər dəqiqə xatırladan və gözə girən bir əlamətdir. Sizə bir tarixi faktı xatırladım. Bu qəzet müəyyən siyasi dönəmlərdə oz xislətini gizlədə bilməyib.

1991-ci il “QKÇP” hadislərində bu qəzet çevriliş cəhdini dəstəkləyirdi. O zaman Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin “QKÇP” ilə bağlı xüsusi bəyanatı yayılmışdı. Həmin bəyanatda çevriliş çəhdini müdafiə edən dövlət qəzetlərinin, o cümlədən “Bakraboçiy” qəzetinin bağlanması tələb edilirdi…

- Belə çıxır ki, siz də onun bağlanmasının tərəfdarısınız?

– Qətiyyən belə deyil. Bizə rusdilli mətbuat lazımdır. Sadəcə onun adı dəyişilməlidir. Ad axtarmaq üçün isə uzaqlara getməyə lüzum yoxdur. Əsrin əvvəlində Xalq Cümhurriyyətinin nəşri olan “Azərbaycan” qəzeti iki – rus və Azərbaycan dillərində dərc edilib. Bu ənənəni bərpa etmək olar.

“Bakraboçiy” qəzetinin adını” Azerbaydjan” qoymaqla iki məsələni həll etmiş olarıq. Tarixi irsimizə sahib çıxar və bolşevik işğalının atributu olan “Bakraboçiy “ adından xilas olarıq.

Oxşar məqalələr