İqtisadi inkişaf üzrə yol xəritələrində kənd təsərrüfatı ayrıca istiqamət təşkil edir
Azərbaycan Prezidenti İlham Əliyevин 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində iqtisadi müstəvidə inkişafın əsas qolları müəyyənləşdirilib. Sənədin müddəalarından görünür ki, iqtisadiyyatın bundan sonrakı inkişafında başlıca güc qeyri-neft sektorunun üzərinə düşəcək. Xüsusilə, kənd təsərrüfatının ayrıca istiqamət kimi təsbit olunması hökumətin bu sahəyə nə dərəcədə yüksək diqqət yetirdiyini sübut edir.
Azərbaycan kənd təsərrüfatı ölkəsidir. Şəhər əhalisi sayca kənd əhalisindən nisbətən üstün olsa da, neft-qaz sənayesini çıxmaq şərtilə işləyən əhalinin əsas hissəsi kənd təsərrüfatı sahəsində çalışır. Bu istiqamət məhsulların çeşidinə görə kifayət qədər çoxşaxəlidir. Pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, meyvəçilik, taxılçılıq və sairə sahələr üzrə ölkədə qazanılmış nailiyyətlər, toplanmış təcrübə var. Əsas məsələ sahənin müsir texnologiyalara yiyələnməsi, dövrün tələbinə uyğun istehsal konveyerlərinin yaradılmasıdır. Strateji yol xəritələrində kənd təsərrüfatının istiqamət kimi qeyd edilməsi sadalanan tədbirlərin qısa zaman əsasında formalaşacağını söyləmək olar.
Prezident İlham Əliyevin ardıcıl qayğısı və səyi sayəsində Azərbaycanın bundan sonrakı inkişafında ağırlıq mərkəzi qeyri-neft sektorunun üzərinə düşəcək. Son illər bu istiqamətə yatırımların daha çox qoyulması öz nəticəsini verir. Özəl sektorda fəaliyyət göstərən şirkətlər getdikcə güclənirlər. Bu işdə Azərbaycan dövləti də öz dəstəyini əsirgəmir. Hazırda qarşıya qoyulan əsas məqsədlərdən biri regionların öz imkanları hesablarına fəaliyyət göstərə bilmələridir. Dövlət başçısı qarşıya belə bir vəzifə qoyub ki, hər bir bölgənin özünə xas olan xüsusiyyətlərindən, spesifik coğrafi və ərazi imkanlarından istifadə edərək, yerli istehsalın artırılması hesabına özünü maksimum dərəcədə təmin etməsinə nail olunsun. Bu, qeyri-neft sektorunun inkişafında yeni və daha üstün bir mərhələdir.
Qeyri-neft sektorunun inkişafında dövlət tərəfindən özəl sektora verilən kreditlər də çox böyük rol oynayır. Məhz həmin kreditlərin nəticəsidir ki, son illər ərzində bəzi bölgələrdə ÜDM 3-4 dəfə artıb. Burada Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı kreditlərin rolu böyükdür.
Strateji yol xəritəsi fermer təsərrüfatlarının inkişafında yeni səhifə açır. Müasir texniki vasitələrə malik iri fermer təsərrüfatlarının yaradılması bundan sonra dövlətin diqqətində olacaq. İnnovasiyanı təmin edən yüksək məhsuldarlıqlı yeni məhsul növləri yetişdiriləcək, mükəmməl texnologiyalar tətbiq olunacaq. Görülən tədbirlər kənd təsərrüfatının sənayeləşməsi yolunda həlledici təsirə çevriləcək. Nəticə etibarilə Prezident İlham Əliyevin diqqət mərkəzində saxladığı ölkədə ərzaq təhlükəsizliyinin yaradılması prosesi güclənəcək. Kənddə yaşayan əhalinin sosial həyatı zənginləşəcək. Kənd və qəsəbələrin siması dəyişilərək müasirləşəcək. İşçi kontingentinin intellektuallaşması prosesi sürətlənəcək. Kəndli dədə-baba qaydasında torpağın dilini bilməklə yanaşı, mürəkkəb və elmi becərmə metodlarını, müxtəlif növ texnikanı idarə etməyi öyrənəcək. İqtisadi biliklərə sahib olacaq. Azərbaycan sənayeləşmiş kənd təsərrüfatı ölkəsinə çevriləcək.
IKSmedia.az