Dekabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin çəkdiyi "Bir günəş altında" sənədli filminin təqdimatı olub. Tədbirdə layihənin rəhbəri, filmin baş prodüseri Arzu Əliyeva iştirak edib.
Təqdimatdan əvvəl iştirakçılar Nizami Kino Mərkəzinin foyesində Azərbaycanda milli və etnik rəngarəngliyi əks etdirən fotosərgi ilə tanış olublar.
Təqdimat mərasimində bildirilib ki, ölkəmizdə "Multikulturalizm ili" çərçivəsində ərsəyə gələn film Azərbaycanda yaşayan, müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil və dini etiqada sahib olan azsaylı xalqların və etnik qrupların həyatından bəhs edir.
Qeyd edək ki, "Bir günəş altında" layihəsi bu ilin iyul ayında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri zamanı təqdim olunub. Bu layihə çərçivəsində Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan eyniadlı sərgi və film böyük maraqla qarşılanıb. Sentyabrın 19-da Parisdə "Azərbaycan şəhərciyi"nin rəsmi açılış mərasimində də "Bir günəş altında" layihəsi çərçivəsində sərgi təşkil edilib, Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan fotolar, eləcə də eyniadlı film fransız dilində nümayiş olunub.
İKSmedia.az