Ikinci Qarabağ müharibəsi dövründə ən çətin sınaqlardan birini də Gəncə şəhəri yaşadı. Oktyabrın 11-i gecə saatlarında düşmənin silahlı qüvvələri yenidən öz çirkin əməlinə əl ataraq Azərbaycan xalqına qarşı növbəti dəhşətli və insanlıqdan uzaq cinayət törətdi. Ermənistan hərbçiləri çox təhlükəli bir silah - “TOÇKA-U” raket sistemindən istifadə edərək, Gəncədə insanların sıx yaşadığı ərazini gecə saatlarında insanların yatdığı bir vaxtda raket atəşinə tutdu. Dünya tarixinə yazılacaq bu ən qanlı terror aksiyası bir daha sübut etdi ki, Ermənistan dövlət səviyyəsində terroru himayə edən bir dövlətdir. Gəncə hərbi əməliyyatların getdiyi yerdən 60 kilometr aralıda yerləşsə də, bu şəhərin raket zərbələrinə məruz qalması beynəlxalq hüququn kobud şəkildə pozulmasıyla bərabər, düşmən ölkənin məqsədlərindən xəbər verir.
Nəticədə 14 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var idi.
"Bilirsiniz, bu dağılmış evlərin önündə olmaq, bax, bu dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır".
Bunu Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb: "Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi, 6 uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Biz bu məsələ ilə bağlı öz sözümüzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur. Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır. Necə ki, vaxtilə ermənilər deyirdilər, azərbaycanlılar özləri Xocalı soyqırımını törədiblər. Bu dəfə də ermənilər öz yalanlarının, necə deyərlər, qurbanlarına çevrilib. Çünki ballistik raketlərin trayektoriyası böyük dövlətlər tərəfindən izlənilir və hər kəs gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub. Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmayıb, biz müharibəni ləyaqətlə aparmışıq, biz döyüş meydanında düşmənə cavab vermişik. Gəncə və digər şəhərlər - Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda mən deyirdim ki, biz döyüş meydanında qisasımızı alacağıq. Biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir".
Burada xüsusilə xatırlatmaq yerinə düşər ki, sentyabrın 27-dən başlayan müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan ordusu onun rəhbərliyinin, o cümlədən, Baş nazir Nikol Paşinyanın ağ bayraq qaldırmasından, onun dünya liderlərinə yalvarmasının nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında humanitar məqsədli müddətli atəşkəs rejiminin bərqərar olmasından sonra bu addımı atdı.
Azərbaycan Prezidenti düşməndən təmizlənmiş ərazilərdəki müşahidələrini belə ifadə etdi: "Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın”.
Artıq digər azad olunan rayonlarada olduğu kimi, dağıntılar arasında qalan Gəncədə də bərpa-quruculuq işlərinə apaılır. O torpaqlarda çəkilən hər yeni yol, ucaldılan hər yeni tikili torpağın köksünə bu yurdun əbədi və əzəli sahibi Azərbaycanın quruculuq əzminin, dünyaya, bəşəriyyətə töhfə vermək amalının möhtəşəm imzası kimi həkk olunacaq.
Nuranə Muradova
Masallı şəhər sakini