AXTAR

Yeni nəqliyyat qovşağı

xt2

Azərbaycanın müzəffər qələbəsini özündə ehtiva edən və Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan bəyanatda Naxçıvan Muxtar Respublikası ilə iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi haqqında müddəa yer alıb. Razılaşmanın bu bəndi regionda nəqliyyat-kommunikasiya sisteminin bərpası və beynəlxalq nəqliyyat-logistika sistemində Azərbaycanın mövqeyinin güclənməsinə təkan verəcək. Belə ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması haqqında Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın baş naziri və Rusiya Federasiyasının Prezidentinin birgə bəyanatının 9-cu maddəsinə istinadən aşağıdakı müddəalar qəbul edilib:

1) Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir;

2) Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir;

3) Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Bu maddə, nəqliyyat dəhlizinin nəzərdə tutulması ilə Azərbaycanla birbaşa quru əlaqəsi olmayan Naxçıvan MR və Azərbaycan üçün böyük iqtisadi əhəmiyyət vəd edir.

Bir ölkənin nəqliyyat və logistika sisteminin inkişafı, xarici və daxili daşınmalar üçün alternativlərin çox olması bu ölkənin iqtisadi inkişafında, idxal və ixrac əməliyyatlarının təhlükəsiz həyata keçirilməsində önəmlidir. Bu baxımdan ölkənin digər bölgələri ilə quru yolu mövcud olmayan Naxçıvan MR-in ölkədaxili regionlar ilə iqtisadi əlaqələri əlavə vaxt və xərc yaradırdı.

Naxçıvan ilə quru əlaqələrinin bərpası ilk növbədə nəqliyyat sisteminin şaxələndirilməsi və mövcud kommunikasiya infrastrukturuna əhəmiyyətli alternativ təmin edir.

10 noyabr 2020-ci il sazişinə qədər Azərbaycanın digər regionları ilə Naxçıvan arasındakı birbaşa nəqliyyat əlaqəsi sadəcə hava yolları vasitəsilə mümkün idi ki, bu nəqliyyat dəhlizinin açılması ilə bu bahalı nəqliyyat vasitəsinə daha ucuz və daha çox ixrac-idxal həcmi qazandıra biləcək alternativ olan avtomobil və dəmiryolu xətlərinin çəkilməsi üçün imkan yaranacaqdır. Bununla da Naxçıvan regional nəqliyyat sisteminin şah damarına çevriləcəkdir.

Quru əlaqələrinin bərpası ilə beynəlxalq miqyasda Asiya və Avropa arasındakı çoxtərəfli iqtisadi əlaqələrin inkişafında mövcud olan daha bir problem öz həllini tapacaqdır. Belə ki, sazişə qədər Azərbaycanla quru yolları bağlı olan Naxçıvan MR əhəmiyyətli regional və beynəlxalq tranzit layihələrdən kənarda qalmışdı. Postblokada dövründə isə Naxçıvan, bu tranzit xətləri öz üzərinə çəkməklə, Xəzər dənizi və Aralıq dənizi arasında körpü rolunu oynayacaq, İpək yolu üzərindəki ölkələr üçün təhlükəsiz, ucuz və sürətli daşınmanı təmin edəcəkdir. Bundan başqa, Naxçıvan gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinə və layihəsi planlaşdırılan Qars-İğdır-Naxçıvan dəmiryol xətlərinə inteqrasiya vasitəsilə beynəlxalq yüklərin Avropaya daşınmasında açar mövqeyində olacaqdır.

Naxçıvanla nəqliyyat kommunikasiya sisteminin qurulması həmçinin məsafə və dolayısı ilə yüklərin çatdırılma sürəti baxımından böyük əhəmiyyət daşıyır. Gələcəkdə Naxçıvan ərazisindən keçəcək quru yolu xətləri Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin uzunluğundan 1,7 dəfə, təxminən 343 km az olmaqla daşınmaların xərcini və müddətini azaldacaq və Naxçıvan nəqliyyat qovşağı Bakı-

Tbilisi-Qars dəmiryolu xəttinə komplementar olmaqla, Mərkəzi Asiya və Avropa arasında körpü rolunu oynayacaqdır. Həmçinin Naxçıvan vasitəsilə Türkiyəyə avtomobillə gediş məsafəsi təxminən 343 km qısa olacağı üçün, hər iki ölkə arasında turistlərin ikitərəfli yerdəyişməsində Naxçıvan ərazisindən ölkəyə girişin geniş vüsət alacağı gözlənilir. Əvvəlki illərdə Türkiyə ilə Naxçıvan arasındakı Dilucu sərhəd keçid məntəqəsindən istifadə edən sərnişinlərin sayı 5-7,5 min nəfər idi. Naxçıvanla quru yolu bərpa edildikdən sonra Azərbaycanın digər bölgələrinə getmək istəyən turistlərin də bu yoldan istifadə etməsi ilə bu rəqəmin daha da artacağı proqnozlaşdırılır. Ölkəyə girişlərin Naxçıvan vasitəsilə həyata keçirilməsinin genişlənməsi isə dolaylı olaraq, Naxçıvanda turizmin inkişafına müsbət təsir göstərəcəkdir.

Quru əlaqələrinin olmaması səbəbindən Naxçıvan, Azərbaycanın iştirak etdiyi bütün regional və beynəlxalq tranzit layihələrindən kənarda qalırdı. Bu isə Muxtar Respublikanın bu layihələrdən yararlana bilməməsinə və iqtisadi blokadada olmasına gətirib çıxarırdı. İqtisadi blokada zamanı həll yolu hava nəqliyyatı və üçüncü ölkələrin ərazisindən keçməklə əlaqələrin təmin olunması idi ki, bu da əlavə vaxt və xərc tələb edirdi. Naxçıvanla quru əlaqələrinin təmini ilə Naxçıvan MR Azərbaycanın digər regionlarındakı nəqliyyat şəbəkəsinə qoşularaq, öz məhsullarını Azərbaycanın digər bölgələrinə, həmçinin Avropaya və Asiyaya daha rahat imkanlarla çıxara biləcək. Postblokada dövründə nəqliyyat-kommunikasiya sisteminin şaxələnməsi ilə Naxçıvan öz iqtisadi inkişafını daha da sürətləndirərək, idxal üçün çəkiləcək xərclərə qənaət edəcək, ixrac həcmini artıracaq, həmçinin böyük bazarlarda tanınmaqla iqtisadi rayona xaricdən investisiya cəlb edə biləcəkdir.

Blokadanın bitməsi ilə Naxçıvanın Azərbaycanın digər bölgələri ilə əlaqələri daha da möhkəmlənəcək, Muxtar Respublika əkinçilik və heyvandarlıq başda olmaqla qeyri-neft sektoruna öz töhfəsini daha çox verəcəkdir.

Quru yolunun bərpası ilə layihəsi planlaşdırılan Qars-İğdır-Naxçıvan dəmiryol xətlərinə qoşularaq beynəlxalq yüklərin Avropaya daşınmasında Azərbaycandan Türkiyəyə yükdaşımaları asanlaşacaq. Nəticədə, Azərbaycandan ixrac edilən məhsulların nəqliyyat xərcləri azalacaq və Naxçıvanın beynəlxalq logistika qovşağı olaraq Ağrı, Ərdahan, İğdır və Qars şəhərlərini əhatə edən Türkiyənin Şərqi Anadolu (TRA2) bölgəsi başda olmaqla bütün Türkiyə ilə ticarət əlaqələri daha da genişlənəcək.

Ülvi RUFULLAYEV

Masalallı rayonu, Binə Xocavar kənd

Oxşar məqalələr