Vətən müharibəsinin çətin və düşmənə nifrət dolu hikkəli yollarında cərrah bıçağı ilə vuruşaraq Böyük Qələbədə əməyi olan həkimlər sırasında qəlbi Vətən eşqi və azadlıq arzuları ilə döyünən Azərbaycan gəncliyi fədakarlıqla çalışıb. Həmin həkimlərdən biri də “HB Güvən” klinikasının təcrübəli travmotoloq-cərrahı İlkin Cəlildir. Azadlıq çarpışmasının ilk dövründə ona çağırış gələndə uzun illərdir ki, həsrətlə gözlədiyi yeni mənzilinə köçməyə başlamışdı. Çağırış isə köçmək anında gəlmişdi. Nə etməli? Dayanmaq olmazdı. Çağırış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən gəlsə də, əslində, bu, Vətənin çağırışı idi. İlkin doktor ( işdə hamı onu belə çağırır) bir an belə tərəddüd etmədən xidmətə yollandı və təyinatı üzrə Naftalan şəhəri yaxınlığında yenicə qurulmuş səyyar hərbi hospitalda işə başladı.
Hospitalda toplanmış həkim briqadası 44 gün ərzində döyüşlərdə yaralanan yüzlərlə əsgərimizə vaxtında tibbi yardım göstərərək onları ağır cismani əzablardan xilas etdi, neçə-neçə ağır yaralını ölümün pəncəsindən aldı. Onların içərinsində İlkin doktorun öz çəkisi, öz adı və sanballı əməyi var.
Müharibəyə leytenant kimi yollanan İlkin Cəlil 44 gün sonra evə baş leytenan rütbəsində qayıdıb. Onu qapıda Bakıdakı Atatürk liseyinin 4-cü sinif şagirdi olan böyük oğlu Toğrul qarşılayıb və torpağımızın azadlığı, Türk millətinin böyüklüyü düşüncəsi ilə atasının cəbhə fəaliyyətinə “əla” qiymət verib.
Azərbaycan cəmiyyəti Vətən müharibəsində fədakarlıqla çalışan tibbi heyərin işini “Halal olsun!” nidası ilə qiymətləndirib. Bu halallıqdan İlkin Cəlilə də xüsusi pay düşür.
İKSmedia.az