Vətənimizin Qarabağ bölgəsi gözlənilən azadlığına qovuşub. Xalq üçün bundan şirin nemət ola bilərmi? Düşünmürəm. Ölkə şadlıq içindədir. Hər kəs sevinclə dolu arzusunu dilə gətirir, perspektiv inkişaf üçün təkliflərini bildirir.
Azərbaycanın bugünkü qüdrəti Qarabağın sürətlə inkişaf edəcəyini, yeni tarixin əsl tarix zəminində meydana gələcəyini stimullaşdırır. Tezliklə Azərbaycan, digər bölgələri kimi Qarabağla da fəxr edəcək, özünü dünyada daha geniş ampluada tanıdacaq. Təbii ki, bu işdə hər bir vətəndaşımızın ya əməyi olacaq, ya da arzusu, yaxud da təklifi həyata keçəcək. Ancaq bu, heç də asan başa gələn məsələ deyil. Çünki, arzularla reallıq arasında həmişə ciddi fərqlər olur və Qarabağ üçün də bu hal əskik olmayacaq. Mən bu cür hallardan biri haqqında fikrimi bölüşmək istərdim. Bu, Qarabağ futbol komandasının bir vaxtlar “at oynatdığı” və “İmarət” adlanan ərazidə yerləşmiş stadion barədədir. Təsadüfi deyil ki, Qarabağın bir neçə azarkeş qrupundan biri “İmarət” adını şərəflə daşıyan fan-klubdur. Qəlbimizin Qarabağ həsrəti ilə yandığı bir vaxtda, 2009-cu ildə qurulan klub hamımızın azarkeşlik etdiyimiz “Qarabağ”-ın futbol meydanlarında uğur qazanmasını təntənə və coşqu ilə qeyd etməklə komandanı yeni nailiyyətlərə ruhlandırıb. Bunun özü də azadlıq uğrunda xalqımızın apardığı mübarizədə qan yaddaçının qorunub saxlanmasında əhəmiyyətli rol oynayıb. Ancaq söhbətimin əsas mövzusu bu deyil.
Ağdam, hətta xarabalıq kökündə olsa da, azadlıqdadır. Şəhərin bərpası məsələsi gündəmin başlıca problemidir. Qarşıda mühüm vəzifə durur: şəhəri necə bərpa etməli. Fikirlər, təkliflər çoxdur. Bir məsələ aydındır ki, dövlət Ağdamın bərpası üçün bütün məsələləri yeni baş plan əsasında və yüksək səviyyədə yerinə yetirəcək. Təbii ki, yenilik köhnəlik əsasında həyata keçiriləcək. Məsələnin məğzi ondadır ki, bütün hallarda tarixilik qorunub saxlanılmalıdır. Mədəni irs abidələrimiz bu sırada öndə getməlidir. Vaxtilə Qarabağ xanlığının yaradıcısı olan Pənahəli xana məxsus tikililər belə abidələr sırasındadır və hazırkı dönəmdə olduqca böyük tarixi əhəmiyyətə malikdir, ona görə ki, Azərbaycan tarixinin bir parçasının daşıyıcısıdır. Həmin abidələrdən biri, məhz, xanın Ağdamdakı sarayı və “fəxri xiyaban” adlandıra biləcəyimiz evi, sonradan Pənahəli xanın arzusu ilə qəbiristanlığa çevrilmiş İmarətdir. Bu, tarixən belədir. Ancaq tarix, bəzən onu sadəcə təsvir edənlərin yox, məqsədli yazanların hökmündə olur. Necə ki, sovet dövründə bəzi xalqların, xüsusilə də türklərin tarixini unutdurmaq siyasətinin aparılması Pənahəli xanın qurduğu dövlətin izlərinin itirilməsinə hesablanmışdı. Buna görə də onun İmarət adlanan evinin ətrafında saldırdığı bağı məhv edərək yerində stadion tikmişdilər.
Ağdamdakı stadionu görənlər yaxşı bilirlər ki, həmin yer futbol meydançası üçün əlverişli seçim deyildi. Düzdür, stadion sırf futbol oyunu üçün nəzərdə tutulmuşdu və ölçüləri FİFA-nın qəbul etdiyi ölçülərə uyğun gəlirdi. Ot örtüyü də təbii idi və bu səbəbdən keyfiyyətli sayılırdı. “Qarabağ”ın İmarət stadionunda oyunlarını mən ötən əsrin 60-cı illərində izləmişəm, stadionda dəfələrlə olmuşam və hətta Ağdamdakı məktəblərin siniflərarası yarışında bir dəfə öz komandamızın tərkibində oynamışam. Yəni, demək istəyirəm ki, stadiona, onun aurasına yaxşı bələdəm. “İmarət”in girişində su arxı və arxın üstündə Pənahəli xanın əkdirdiyi bir neçə çinar ağacı vardı. İndi, deyilənə görə, ermənilər həmin ağacları doğrayıblar. Çinarlardan sağ tərəfdə xanın özünün, oğlu İbrahim xanın və nəvəsi Xurşidbanunun, habelə bir neçə nəsil-kök əqrabasının türbələri və məzarları yerləşirdi. Həmin məzarların qalıqları durur. Yeri gəlmişkən, sovetlərdən xeyli əvvəl öz malikanəsində məktəb açan, kasıb balalarını öz hesabına yedirib geyindirən, onlara təhsil verib həyata hazırlayan, Ağdamın tanınan müəllimlərindən biri - mənim ana babam Qəzənfər ağa Cavanşirin də qəbri İmarətdədir. Onu 1935-ci ildə orada dəfn ediblər.
İndi qayıdaq Ağdamın bərpası məsələsinə. İmarət fan-klubu başda olmaqla bir çox adamlar “Qarabağ”ın İmarətdə oynayacağı günü səbirsizliklə gözləyir. Gəlin, təsəvvür edək ki, stadion bərpa olunub. Futbol meydançası ilə bərabər, təbii ki, mədəni irsimiz – xanların məqbərələri və digər məzarlar da bərpa olunacaq. Xalq stadiona gəlir ki, futbola baxsın, amma meydançanın kənarında müqəddəs sayıdığımız qəbirlərimizlə rastlaşırıq. Bu nə qədər uyğun ola bilər? Biz ya tariximizi özümüz məhv edib mədəni irs abidələrimizin yerində futbol oynamalıyıq, ya da tariximizi bərpa edib, stadion üçün daha uyğun yer seçməliyik. Hansı daha vacibdir? Məncə, hər ikisi, amma ikisi də öz yerində. Yəni, İmarəti, tarixi sarayı və ulularımızın ruhlarının məskənini dağıtmaq, məhv etmək olmaz. Tarix bunu xalqımıza heç vaxt bağışlamaz. Üstəlik, həmin məkan stadion üçün əlverişli yer deyil, ona görə ki, tribuna tikməyə, müasir stadiona məxsus bütün infrastrukturu təmin etməyə yer yoxdur. Kimsə deyə bilər ki, dövlət ətrafdakı evlərin sahiblərinə kompensasiya ödəyib stadion üçün ala bilər. Ancaq, uzun həsrətdən sonra dədə-baba evindən ayrı düşən insanlar həmin stadiona lənətlər yağdıracaqlar. 80-ci illərin sonlarında orada birtəhər tikilmiş yöndəmsiz oturacaqları isə yenə də keçmişdən qalmış xeyli sayda ağacı kəsməklə ərsəyə gətirmişdilər. Oturacaqların sayı isə cüzi idi.
Ağdamda doğulub böyüyən və şəhəri yaxşı tanıyan bir şəxs kimi təklif edirəm ki, yeni stadion Əhmədavar kəndində tikilsin. Orada bu idman qurğusu üçün kifayət qədər yer var. Güman ki, Ağdamın yeni stadionu Olimpiya Mərkəzinin tərkibində olacaq. Həmin ərazinin yaxınlığından keçən Qarqar çayının qarşısında bənd çəkməklə gözəl üzgüçülük və idmanın digər növləri üzrə qurğuları da inşa etmək olar. Həm də Əhmədavar şəhərdən uzaqda deyil, dağların ətəyinə daha yaxındır və gözəl panorama malikdir. “Qarabağ”ın İmarət və digər azarkeş qrupları da, məncə, fəaliyyət üçün daha rahat şəraitin olmasını arzulayarlar. Həm də Ağdamda idman qurğularının tikilməsi üçün kompleks planlamaya imkan verən boş yer seçilməlidir. Hətta rəmzi olaraq yeni stadiona “İmarət” adı da vermək olar. Həqiqi, tarixi “İmarət”in isə Pənahəli xanın arzuladığı Fəxri Xiyabana çevrilməsi və mədəni-tarixi ziyarətgah olması daha məqsədəuyğun olar.
Gəlin, tariximizi arzularımıza qurban verməyək! “İmarət” stadionu tarixin səsinə səs vermir.!
Novruz NOVRUZOV