Bakının bir tərəfində Türkiyə, digər tərəfində Rusiya durub
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri barədə anonsun verilməsi göstərir ki, Qərb Qarabağ müharibəsinin bitməsini düşünmür. Sadəcə, aktiv faza indi siyasi hücumlar fazasına keçib. Ancaq fakt faktlığında qalır: Ermənistan Azərbaycanla müharibədə və siyasi mübarizədə ciddi məğlubiyyətə uğrayıb. Üstəlik, Qərbin hansı yollasa Qarabağın parçalanaraq bir hissəsində ermənilər üçün dövlət yaradılmasına cəhd etməsi yalnız “daldan atılan daşın topuğa dəyməsi” kimi bir şeydir. Bu cəhdlər isə Ermənistanın və ermənilərin vəziyyətinin daha da ağırlaşmasına səbəb olur.
İş burasındadır ki, Ermənistanın hərbi-siyasi vı iqtisadi vəziyyətinin menzurkası Rusiyanın əlindədir. Bu halın yaranması təsadüfi yaxud bazar iqtisadiyyatının yox, Rusiyanın Qafqazda və Avropada, habelə Yaxın Şərqdə olan geostrateji maraqlarının nəticəsidir. Bu səbəbdən Rusiya Ermənistanı əlində saxlamaq üçün son imkana qədər çalışır. Təsadüfi deyil ki, Azərbaycanın Vətən Müharibəsinin ən həlledici anında, tam və qətiyyətli qələbənin bir addımlığında Rusiya araya girərək 10 noiyabr bəyanatının verilməsinə nail oldu və Ermənistanın, habelə, nə qədər təəssüfləndirici olsa da, Qarabağın dağlıq hissəsində yaşayan bir qrup erməni separatçısının təhlükəsizliyini qorudu, Azərbaycan ərazisinə sülhməramlı kontingent göndərərək regionda sülhün bərqərar olmasına maneə yaratdı. Çünki, indi sülhməramlıların yardımı və himayəsi altında separatçılar yenidən fəaliyyətlərini bərpa ediblər. Təsadüfi deyil ki, yanvarın 26-da hələ də özünü qondarma qurumun prezidenti sayan cinayətkar Araik Arutyunyan adlı separatçı yeni daxili işlər naziri təyin edir və onun təqdimatında bildirir ki, Azərbaycanın tərkibində Qarabağa status verilməsi mümkün və qəbuledilən deyil.
44 günlük müharibədə qaçmağa yer axtaran Araikin bu gün belə yuxarıdan danışması əbəs deyil. Rusiya süklhməramlıların ermənilərin regionda rahatlıqları üçün əldən-ayaqdan getməsi, rus generalının onunla görüşəndə qucaqlaşması, bir rəhbər kimi hədsiz iltifat göstərməsi, Fransa hakimiyyətinin yersiz himayədarlıq jestləri, ABŞ-da demokratların hakimiyyətə gəlməsi, görünür, separatçıların fəaliyyətinin canlanması üçün əsas rolunu oynayır. Lakin unutmaq olmaz ki, Qarabağ uğrunda mübarizədə ermənilərin ən böyük “dostu” olan Rusiyanın prezidenti Vladimir Putin 10 noyabr bəyanatından sonra “Rossiya-1” telekanalına müsahibəsində bütün dünya ictimaiyyətinin eşitdiyi bu sözləri aydın şəkildə deyib: “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”. Bu o deməkdir ki, Rusiya Qarabağda yaşayan ermənilərə münasibətə onların Azərbaycan vətəndaşı olmaları kontekstində yanaşır. Bu tezis Azərbaycanın sərgilədiyi mövqenin Rusiya tərəfindən qəbul edilməsi anlamına gəlir. Putin səviyyəsində siyasətçinin bir aydan öz dediklərinin əksinə hərəkət etməsi ona hörmət gətirməz və beynəlxalq aləmdə sözünün kəsərini azaldar ki, o da buna getməz. Əslində onun kimi siyasətçilər mütləq “yüz ölçüb, bir biçəndən, sonra danışırlar.
Bəs, onda separatçıların bu fəallığı nədən irəli gəlir? Məsələ burasındadır ki, Ermənistanda hazırda ictimai-siyasi vəziyyət olduqca qarışıqdır. Xüsusilə, Qərbin bu ölkəni yerləşdiyi əraziyə görə öz caynağına keçirmək üçün ciddi çalışması vəziyyəti daha da ağırlaşdırır. Xarici siyasətin, ələlxüsus da Rusiyanın Ermənistanda öz təsirini daha da artırması üçün himayədarlıq missiyasına böyük ehtiyacı var. Buna görə də separatçılardan istifadə etməyə çalışır.
A.Arutyunyanın “din nazirini” təqdim elədiyi zaman dedikləri məsələlərdə daha “Arsax” yox, “Qarabağ” adından istifadə edir. Həm də bu hal bizim interpretasiyamız yox, erməni mətbuatından götürülmüş mətndə belədir. Bu da o deməkdir ki, əslində baş separatçı Araik Azərbaycanın aid bölgədə yaşadıqlarını bilir, etiraf edir və ölkəmizin ərazi bütövlüyünü tanıyır. Sadəcə, onun da “siyasəti” boşboğazlıq etməkdir.
Digər tərəfdən dünyanın güclü dövlətlərindən olan və Yaxın Şərq və artıq Cınubi Qafqazda siyasi dominantlıq səviyyəsinə yüksələn Türkiyə də Azərbaycanın yanındadır. Bu səbəblərdəndir ki, Qərb tələsir və nə qədər ki, Cənubi Qafqazda sülh tam bərqərar olmayıb, öz işini görmək arzusundadır. Güman ki, bu məqsədləri eləcə arzu olaraq qalacaq.
İndi zamana ehtiyac var və azərbaycanlı məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qayıtmaları ilə tədricən hər şey öz axarına düşəcək. Hərçəndi, bu proses Qərbin müəyyən həmlələri fonunda ciddi mübarizə fonunda baş verəcək, amma, məhz baş verəcək.
N.NOVRUZ