AXTAR

Qərb dünyasının Türkiyə dərdi

türkiyə

 

 

Avropa Birliyinə üzvlük siyasi oyun prosesinə çevrilib

Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı 2005-ci il oktyabrın 3-də başlanan müzakirə prosesinin müvəqqəti dondurulması haqqında qərar qəbul edib. 479 parlamentar qərarın lehinə səs verib, 107-si bitərəf qalıb, 37-si isə əleyhinə çıxıb.
“Anadolu” agentliyinin verdiyi xəbərə görə, Avropa Parlamentinin Aİ-yə üzvlüyü ilə bağlı Türkiyə ilə müzakirələrin dondurulmasına dair qərarını şərh edən XİN rəhbəri Mövlud Çavuşoğlu deyib: “Aİ, ilk növbədə, öz mövqeyini və siyasətini yenidən nəzərdən keçirməlidir. Bu cür üsullarla Türkiyəyə təzyiq etmək cəhdləri mənasızdır... Türkiyə Aİ qurumlarının obyektiv tənqidini və istənilən konstruktiv qərarını qəbul etməyə hazır olduğunu həmişə bəyan edib. Lakin qərəzliliyə yol verildikdə, Ankara buna qarşı çıxış edir. Bizim üçün bu cür qərarların heç bir hüquqi qüvvəsi yoxdur”.
Prezident Rəcəb Tayyip Ərdoğan da sözügedən qərarın Türkiyə üçün heç bir əhəmiyyət kəsb etməyəcəyini bildirib. Türkiyə Rüspublikasının prezident administrasiyasından da qeyd ediblər ki, Avropa İttifaqına üzvlük üçün Türkiyənin yolunu kəsmək əvəzinə, Avropa Parlamenti Aİ və Ankara arasında dialoq yollarının genişləndirilməsinə kömək etməli idi. Türkiyə demokratik dəyərlərə həmişə sadiq olub.
Avropalı deputatların qərarı hüquqi normalar çərçivəsində və hətta loru dillə anlaşılan mənada ən azı gülüş doğurur. Çünki, sənəd, Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra yaranan vəziyyətlə və fövqəladə vəziyyət rejiminin şərtləriylə bağlıdır. Qətnamədə bildirilir ki, Türkiyə danışıqların bərpası üçün Fövqəladə Vəziyyət rejimini ləğv etməlidir. Soruşulur: Niyə? Hansı əsasda Türkiyədən bunu tələb etmək olar? Aİ yetkililəri Türkiyənin ittifaqa qəbul haqda müraciətini 53 ildir ki, “qaçdı-tutdu” oyununa döndəriblər. İnkişaf və demokratik quruculuqda Türkiyədən dəfələrlə geri qalan ölkələr birliyə qəbul edilib, amma Türkiyədən bəlkə də 53 dəfə yan keçilib. Məqsəd nədir? İndi də Türkiyə ilə ultimatumla danışmaq fikrinə düşüblər.
Məsələyə bir balaca analitik təfəkkürlə yanaşanda məlum olur ki, Aİ-ı Türkiyəni bu quruma qəbul etmək fikrində deyil. Tarixi nihilizmi kənara qoyaraq bugünün kontekstindən çıxış edib demək olar ki, Avropa və avropalılar Türkiyənin sürətli inkişafından və güclü demoqrafik göstəricilərindən ciddi şəkildə ehtiyatlanır. Yaxşı bilirlər ki, bu ölkəni sıralarına qəbul etsələr qısa müddətdə birliyin aparıcı ölkəsinə çevriləcək. Siyasilər bu qorxularını gizlətmirlər. Həm də Osmanlı dövründən üzü bəri Türkiyənin Avropa ilə əlaqəsini üzmək və onu öz təbirlərincə “vəhşi Asiya” qılafında təsvir edərək xırda dövlətlərə parçalamaq siyasəti başa çatmayıb. İndi Türkiyə Avropanın “nala-mıxa” vurmaq siyasətini ifşa etmək və kənar təsirlərsiz müstəqil qərarlar qəbul etmək təşəbbüsünü əldə edib. Bu səbəbdən onların ikili standartlarını üzə vurmaq gücündədir. Siyasətlə aldatmaq paralel addımlasa da, söz verib yerinə yetirmək siyasətin prinsipial alıbıdır. Əks halda istənilən siyasətin axırı puç olur.
Başqa bir məsələ hər hansı dövlətlər birliyinə daxil olmaq və çıxmaq siyasi və iqtisadi əlamətlərlə təyin olunur. Bir vaxtlar Türkiyə Avropadan texnologiya idxal edib. Amma indi özü də bu sahədə xeyli dərəcədə inkişaf edərək texnoloji ixrac prosesinə qoşulub. Lakin Avropanın buna ehtiyacı yoxdur. Onlar Türkiyədən yalnız xammal və ucuz işçi qüvvəsi idxal etmək arzusundadırlar. Yəni, avropalılar hələ də türklərə üçüncü “sort” insanlar kimi yanaşır və onların özləri ilə bərabərliyini etiraf edə bilmirlər. Türklərin inkişafını görürlər, duyurlar, amma qəbul etməyi bacarmırlar! Bəs bunun müqabilində nə baş verir? Türkiyə üzünü şimala və Asiyaya çevirməli olur. Çünki, Rusiyanın timsalında şimal nəhayətsizdir, tükənməzdir, əməksevər türklər üçün zəngin iqtisadi mənbədir. Asiya isə ümmansız əməkdaşlıq diyarıdır. Türk texnologiyalarının tətbiqi üçün Cənub-Şərqi Asiya ölkələrində geniş imkanlar mövcuddur.
Təsadüfi deyil ki, Avropa Birliyinin ikili standartlara söykənən cansıxıcı prosedurlarından cana doyan Türkiyə rəsmiləri, özəllikcə də prezident Rəcəb Tayyip Ərdoğan bu günlərdə Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmaq barədə fikirləşdiklərinin anonsunu verib. Beləliklə, Türkiyə bu gün yolayrıcına çatıb. Avropa İttifaqı yoxsa Şanxay Əməkdaşlıq Təşkilatı?! Hansı sərfəlidir?
Qocalmış Avropanın üstünlükləri az deyil. İctimai şüurun daha yüksək inkişafı, elmin və mədəniyyətin müasirliyi, həyat ziddiyyətlərinin yumşaqlığı, firavan və rahat yaşayış, yüksək texnologiya, elmi araşdırmalar, sadə insanların demokratik dəyərlərə hörməti, qanunçuluq və nəhayət mühüm vasitə kimi pul və sairə. Ancaq Avropa qocalır, demoqrafik göstəricilərə görə geri addımlayır, texnologiyalar insanları fiziki əməkdən uzaqlaşdırır, zehni əməyi isə stimullaşdırır, nəticədə cəmiyyətdə sosial yardımlarla yaşayan (loru dildə müftəxorlar) təbəqə və alimlər, yaradıcılar təbəqəsi (zəhmətkeşlər) sürətlə bir-birindən ayrılır. Böyük Britaniyanın Avropa Birliyindən ayrılmasının səbəblərindən biri də böyük ölçüdə bu səbəblə bağlıdır. Çünki, Birliyin subsidiyalar büdcəsinə ən çox maliyyə vəsaiti Londondan daxil olur, xərcləyən isə fransız, italyan və digər ölkələrin kəndliləri idi. Bu İttifaqda Türkiyənin kənd təsərrüfatı böyük sürətlə inkişaf edər, sənaye və tikinti sahəsində əksər ölkələri üstələyərdi.
Asiyada isə həyəcan, işgüzarlıq, təzadlı həyat hökm sürür. Bölgədə inkişafın sürəti hədsizdir. Türkiyə burada bəzi ölkələr üçün inkişaf modelinə çevrilə bilər. Amma bərabərhüquqlu qarşılıqlı əməkdaşlıq üçün istənilən səviyyədə imkanlar genişdir. İnkişaf səviyyəsinə görə Türkiyə birinci ola bilməsə də öncül yerlərdə qərarlaşmaq imkanına malikdir. Xüsusilə Rusiya ilə əməkdaşlığın perspektivləri hüdudsuz və siyasi cəhətdən faydalıdır. Regionun mərkəzi türk dövlətləri zolağından ibarətdir və sanki onun müvazinətini saxlayan kəmər rolunu oynayır.
Sadalanan şərtlər daxilində tarixən Türkiyə Asiyaya, Avropa isə Türkiyəyə bağlıdır. Qardaş ölkə son olaraq hansını əsas tərəf-müqabil seçəcək, bu, dünya siyasi orbitinin həndəsi formasından və iqtisadi mənfəətdən asılı olaraq müəyyənləşəcək. Hazırkı situasiyanın istiqaməti ŞƏT-ə tərəf yönəlib. Amma hər iki halda bir şey məlumdur ki, Türkiyə daxil olacağı hər hansı quruma yeni forma və nəfəs verməyi bacaracaq.

IKSmedia.az

Oxşar məqalələr