Şəbəkə İstifadəçilərin özlərini ifadə etmələri mənəvi ucuzluğa yox, yüksəlişə köklənməlidir
Müasir dövrün sürətli inkişafının əsas amillərindən biri telekommunikasiyanın adi insanlar üçün heyrətamiz dərəcədə inkişafına bağlıdır. İnsanlar vaxt itkisinin qarşısını alan şəbəkələr vasitəsilə bütün ünsiyyət formalarındən istifadə etməklə özlərini təsdiq etməyə səy göstərirlər. Bu işdə məhdudiyyət yoxdur. Azadlıq və sərbəstlik insanlara bütün qabiliyyət və bacarıqları ilə meydana daxil olmaq imkanı verib. Ancaq bu imkan heç də cəmiyyəti irəli aparan, gələcəyə kökləyən impulslardan ibarət deyil. Mənfi emosiyalar, şəxsiyyəti alçaldan və məhv edən, adamları cinayətə sürükləyən, cəmiyyətin erroziyasını sürətləndirən məqamlarla zəngindir. Düzdür, mütləq yaxşı və ya pis insan xarakteri mövcud deyil. İnsanların xarakter palitrasında bütün rənglər və onların modifikasiya olunmuş çalarları yer alır. Kimin zövqü nəyi bəyənir, bu, fərdi məsələdir. Amma insanların birləşdiyi cəmiyyətlər qədim və zəngin təcrübə əsasında özlərinin yaşam tərzi üçün müəyyən dəyərlər kompleksi yaradıb və bu əsasda gələcəyə addımlayırlar. Hamı tərəfindən qəbul edilmiş dəyərlərin qorunması artıq insanların fərdi yox, ümumi ictimai borcudur. Buna görə də sosial şəbəkələri ciddiyə almaq, onun xarakterini təhlil edib ümumiləşdirilmiş nəticə çıxarmaq və hesabatları istifadəçilərə təqdim etmək gərəkdir. Zənnimizcə, hər bir şəxs öz fəaliyyətinin nəticələrinə, bu nəticələr nə qədər subyektiv qiymət olsa da, baxsa pis olmaz. Çünki, əksər insanlar özlərinə kənardan baxmaq və qiymətləndirmək kimi mürəkkəb və ali keyfiyyətə malik deyil.
Bu günlərdə sosial şəbəkəni bürümüş paylaşım və qeydlərdə narkomanların jarqonunda narkotiki ifadə edən “şeyi doldur Kazbekə” sözlərinin yer aldığı bir mahnı az qala hitə çevrilib. Bu cür məsələlər adətən bizim sosial şəbəkələri bir an içərisində elə bürüyür ki, adam özünün də daxil olduğu cəmiyyətdə hansı proseslərin getdiyindən heyrətə gəlir. Yəni, bizim daim yüksək əxlaq meyarlarından qidalanmağımız barədə dediklərimiz bu qədər mənasız imiş?! Vətəndaşlarımız nəyi sevib təbliğ edir, yaxud nəyi yaxına buraxmırlar. Yöx, məqsədimiz sosial şəbəkəni kökündən vurmaq deyil. Çünki, bu şəbəkələr aşkarlığın, şəffaflığın güzgüsüdür. Biz indi bəlalarımızın nədən ibarət olduğu haqda daha dolğun məlumata malikik. Lakin məsələ burasındadır ki, mənfi meyillərə qarşı mübarizə zəifdir. Bu isə gənc nəslin qeyri-sağlam vərdişlərə aludə olmasına güclü təsir edir.
Bu yaxınlarda Aydın Xırdalanlı adlı istedadlı meyxana ustası ağır xəstəlikdən həyatını vaxtsız itirdi. Bu sirr deyil ki, onun narkotik istifadəçisi olması xəstəliyinin şiddətlənməsində əsas rol oynayıb. Hətta onun və digər meyxanaçıların “youtube” kanalına yüklənmiş yüzlərlə videolarında iştirakçıların nəşəli olmaları aydın görünür. Üstəlik, cavanlardan, yeniyetmə və gənclərdən ibarət dinləyicilər kontingenti nəşəli meyxanaçıların qafiyəsiz və mənasız, söyüşlə dolu deyişmələrinə əl çalırlar. Bu videolara baxanda təbii sual doğur ki, meyxana ədəbi janrdır, yoxsa mənəviyyatsızlığın stimulu. Bədahətən deyişmələrin bədii sənətkarlıq xüsusiyyətləri jarqon ifadələr arasında itib batır. Həm də narkomanlıq mədhiyyə və təbliğ olunur.
Müstəqillik illərində əvvəlki buxovlardan azad olan meyxana janrı sürətlə inkişaf edir. Bu janrın istedadı və savadı ilə seçilən görkəmli nümayəndələri həmişə olub, indi də var. İncəsənətimizin qayğısını ləyaqətlə çəkən dövlət ayrı-ayrı meyxana ustalarını diqqətdə saxlayır, onların yaradıcılığına dəstək verir. Amma bu janrla daimi işləyən, inun inkişafını istiqamətləndirən, müasirləşdirən ayrıca bir qurum yoxdur. Halbuki, janr kifayət qədər populyarlaşıb və onun tolundan azmaması üçün belə bir qurumun yaradılmasına indi böyük ehtiyac yaranıb. Əgər indiyədək meyxana Bakı kəndlərinin folklorundan qaynaqlanıbsa, indi Azərbaycanın bütün regionlarında meyxana ustaları meydana çıxır. Bu isə “Azərbaycan Meyxanaçılar Birliyi”nin yaranması üçün ciddi əsaslar yaradıb. Sözümüz meyxana janrının ustadlarınadır: Meyxananı toyların çərçivəsindən birdəfəlik çıxarın, onun məzmununun və ahənginin qorunması, təkmilləşməsi üçün əziyyətə qatlaşın. Xalqın müsiqi zövqünün inkişafında, musiqi folklorumuzun zənginləşməsində meyxananın rolunun artırılmasına ehtiyac var. Bu ehtiyacın ödənməsinə dəstək verin.
N.NOVRUZ