AXTAR

“Donald Tramp Rusiyanın agentidir” - ABŞ qəzeti

trampagent

 

“The Boston Globe”dan sensasion iddia
Bu günlərdə Hillari Klinton 2016-cı ildə prezident seçkiləri zamanı Donald Trampla keçirdiyi məşhur dialoqun videosunu yenidən yayıb və ABŞ prezidentininin Putinə münasibətini nəzərdə tutaraq yazıb: "Mən deyən kimidir. Oyuncaqdır (və ya kukladır, marionetka da demək olar)".
İndi isə ABŞ prezidentinə vurulan növbəti zərbəyə baxaq. “The Boston Globe” qəzeti yazır ki, Donald Trampın son illərdə bilərəkdən və ya bilməyərəkdən, Rusiyanın maraqlarından çıxış etdiyini söyləmək üçün həddən artıq sübut var: “ABŞ prezidenti hamının gözünün qarşısında de-fakto Rusiya hökumətinin agenti olub”.
“Reuters” agentliyi həmin məqalənin xülasəsini yayıb. Bu isə o deməkdir ki, həmin məqalə Qərb mediasında ən yüksək səviyyədə tirajlanıb...
Məqalədə deyilir: “Donald Tramp ola bilər ki, Rusiya hökumətinin himayəsi altındadır, ola bilər ki, bu, belə deyil. Ola bilər ki, Vladimir Putin onu şantaj edir, ola bilər ki, yox. 2016-cı ildə keçirilən prezident seçkiləri zamanı Donald Tramp ola bilər ki, Rusiya ilə gizli anlaşmaya gedib, ola bilər ki, getməyib. Ancaq bir şeyi dəqiq bilirik ki, Donald Tramp Rusiya tərəfindən şantaj edilib”.
Qəzet yazır ki, nə qədər ki, Donald Tramp prezidentdir o, Rusiyanın maraqlarını Amerikanın maraqlarından üstün tutacaq.
Mərkəzi Kəşfiyyat İdarəsinin (Central Intelligence Agency) şefi Ceymis Komi işdən çıxarıldıqdan sonra yeni rəhbərlik Donald Trampın Rusiya ilə əlaqələrini araşdırmağa başladı. Bu barədə ilk dəfə “The New York Times” qəzeti məlumat yaydı.
“The Washington Post” isə müəyyən etdi ki, Donald Tramp Vladimir Putinlə apardığı söhbətin mahiyyətini əks etdirən yazışmaları, qeydləri yox etmək üçün ağlasığmaz addımlar atıb. İş o yerə çatıb ki, prezident öz tərcüməçisində olan qeydləri belə ondan alıb və ona tapşırıb ki, bu barədə kimsə ilə danışmasın...
“The Boston Globe” qəzeti yazır ki, hər iki məlumat sensasiya xarakterli olsa da, əslində, o qədər də təəccüblü görünmədi...
Məqalədə vurğulanır ki, prezident seçkiləri zamanı Donald Tramp bir dəfə də olsun, nə Rusiyanı, nə də Vladimir Putini tənqid etməyib. Üstəlik, o, seçki zamanı açıq şəkildə Rusiyadan xahiş etdi ki, onun rəqibi Hillari Klintonun itmiş elektron yazışmalarının tapılmasına yardım göstərsin. Sonra həmin yazışmalar “WikiLeaks”də üzə çıxdı. Donald Tramp Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı suallara həmişə mənfi cavab verib və hər hansı müdaxiləni istisna sayıb...
ABŞ prezidenti Rusiyanın qonşuluqdakı ölkələrlə bağlı yeritdiyi zorakı siyasətə göz yumur. NATO və Avropa Birliyini mütəmadi olaraq tənqid edir. Sirr deyil ki, bu iki nəhəng təşkilatda qeyri-sağlam mühitin yaranması Vladimir Putinin əsas hədəfləri sırasında öndə durur.
Donald Tramp ABŞ xüsusi prokuroru Robert Müllerin Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı görə biləcəyi işləri həmişə əngəlləməyə çalışır.
Məqalədə deyilir ki, birmənalı hökm vermək çətindir. Ola bilər ki, Tramp Rusiyadan maliyyə baxımından asılıdır. Ola bilər ki, seçki zamanı Rusiya ilə danışıqlara gedib, indi isə Vladimr Putinin bu məlumatı açıqlaya biləcəyindən qorxur. Ola bilər ki, prezident, Vladimir Putində onun əleyhinə materialların olmasından çəkinir. O da ola bilər ki, 2016-cı il seçkisinə Rusiyanın müdaxiləsi ilə bağlı deyilənlər onun qələbəsini gözdən saldığına görə o, təkidlə belə bir mövqe sərgiləyir...
Donald Tramp isə bu günlərdə belə demişdi: “Mən heç vaxt Rusiyaya işləməmişəm”.
Elbəyi Həsənli,
Musavat.com

Oxşar məqalələr