Həqiqəti aşkarladıqdan sonra onu dərk etmək çox asandır. (Qalileo)
Biz - bu müraciəti hazırlayanlar,- iki nəfər keçmiş "Arsenal” azarkeşləriyik. Birimiz qaçqın - 1988-ci ildə Ermənistandan qovulan etnik azərbaycanlı Sənan Nəcəfov, digərimiz isə Azərbaycanın işğal olunmuş Ağdam şəhərindən məcburi köçkün - xanım Leyla Əfəndiyeva.
Əslində, bu müraciəti "Arsenal”ın Azərbaycanın paytaxtı Bakıya səfəri öncəsi yazmağı planlaşdırırdıq. Amma iki səbəbdən gözlədik.
Əgər birinci səbəb "Arsenal”la səfər oyununa qədər siz dəyərli azarkeşlərdən məsələyə reaksiya veriləcəyini gözləmək idisə, digər səbəb siyasəti futbola, futbolu etnik münaqişəyə və müharibəyə bağlamağın yersiz görünəcəyindən ehtiyatlanmağımız idi. İçimizdən gələn səs, bu günə kimi siz dəyərli fikirdaşlarımızdan bir reaksiya olacağını deyirdi. Məyusuq: olmadı.
İkinci səs isə "Bir halda ki, bir ölkənin imici, yaxın tarixi öz məsuliyyətini dərk etməyib, futbolu siyasətə qatan futbolçu tərəfindən korlanır, haqqında mənfi fikir formalaşdırılırsa, niyə yazmayasınız” deyə sual edirdi. Bu müraciəti qətiyyən kiməsə cavab, öz Vətənimizin tərifi deyil, sırf həqiqəti ortaya qoymaq üçün edirik. Hər şey özümüzü ifadə etmək üçündür. Gördüyünüz bu sətirlərdə bioqrafiyamızı yazmışıq. Əlimizi müqəddəs saydığımız kitablara qoyaraq, vicdanımızın səsi və içimizdən gələn dəhşətli ağrını ifadə edəcəyik.
Doğrudan da, bizim danışılası dəhşətli hekayəmiz var. Bunu mütləq hamı eşitməlidir. Siz eşitməlisiniz. Eşitmədikcə, biz danışmadıqca, hər şey əksimizə yönəlir. Biz Henrix Mxitaryandan "Emirates” stadionunda qələbə gətirəcək ötürmə gözlədiyimiz halda, siyasi "pas”la qapımıza təyin olunan penaltini qaytarmaq zorundayıq, bizi doğru anlayın. Biz reklam, PR, dəyişən şəxsiyyətlər və mesajlı konsultantlar dünyasında yaşayırıq. Əksəriyyət həqiqəti gizlətməyə, hər şeyi ört-basdır etməyə, saxta imic yaratmağa can atır. Həqiqəti istəyən insan isə heç nəyi gizlətmir, əskinə, üstünü açır. Əsas məsələ onu aşkara çıxarmaqdır.
***
Dünya şöhrətli Leonardo da Vinçinin "Son axşam yeməyi” adlı tablosunu çəkərkən, böyük çətinliklə üzləşdiyini bilirsiniz. "Yaxşını” İsanın, "pisi” isə onu satan Yahudanın simasında əks etdirməli olan Da Vinçi, işini yarımçıq saxlayaraq bu simalara uyğun model axtarışına çıxır. Təsadüfən bir kilsə xorunu dinləyən tanınmış rəssamın diqqətini xordakı gənclərdən birinin siması cəlb edir. O, həmin gəncin simasının İsa Məsihin təsvirinə çox uyğun gəldiyinin fərqində idi. Həmin gəncə müəyyən qədər pul müqabilində onun üçün model olmağı təklif edir və gənc bunu sevərək qəbul edir. Və İsanın siması həkk olunan məşhur tablo Yahudanın simasını çıxmaq şərtilə demək olar ki, hazır idi. "Yahuda” isə tapılmırdı, daha doğrusu, İsanın siması həkk olunan andan 3 il keçməsinə baxmayaraq, axtarışlar nəticə vermirdi.