AXTAR

Paustovski: Porsuq burnu (hekayə)

porsuq

 

Sahilin yaxınlığında gölə tökülən saralmış yarpaqlar üst-üstə qalaqlanmışdı. Bunlar o qədər idi ki, biz balıq tuta bilmirdik. Tilovun ipi yarpaqların üstünə düşür, suya batmırdı.
Ağacdan oyulmuş köhnə qayıqda gölün ortasına su zanbaqlarının çiçəkləndiyi və mavi suyun qətran kimi qara göründüyü yerə getmək lazım gəldi. Orada biz müxtəlif rəngli balıqlar tutduq. Hətta tilovumuza qalaylı çömçə balığı və gözləri iki balaca aya bənzər xanı balığı da düşdü. Durna balıqları iynə kimi xırda dişləri ilə cingildəyirdilər.
Payızın günəşli və dumanlı vaxtı idi. Meşənin ortasından gözlərini dolandırıb baxanda uzaqdakı tutqun səma və qara buludlar görünürdü.
Gecələr ətrafımızdakı pöhrəliyin üzərində doğan ulduzlar sayrışırdı.
Dayandığımız yerdə tonqal yanırdı. Gölün uzaq sahilindən sakitcə axışıb gələn canavarları qovmaq üçün biz tonqalı gecə-gündüz fasiləsiz yandırırdıq. Tonqalın tüstüsü və adamların şən çığırtıları canavarları narahat edirdi.
Biz əmin idik ki, heyvanlar alovdan qorxurlar. Ancaq bir gecə yaxınlıqdakı çəmənlikdə hansısa heyvan həyəcanla fısıldayırdı. O, görünmürdü, təşvişlə ətrafımızda qaçır, otları xışıldadır, fınxırır və həyəcanlanır, lakin otların arasından qulaqlarını belə çıxarmırdı. Ocağın üstündəki tavada qızaran kartofdan kəskin, dadlı qoxu yayılırdı və görünür , heyvan bu iyə qaçıb gəlmişdi.
Bizimlə gölə bir oğlan uşağı da gəlmişdi. Doqquz yaşı vardı, lakin meşədə keçən payız gecələrinə və sübhçağı soyuqlara yaxşı tab gətirirdi. Böyüklərə nisbətən o, daha yaxşı müşahidə aparır və bunu danışırdı. Oğlan gopçu idi, lakin biz böyüklər onun uydurmalarını yaman xoşlayırdıq. Yalan danışdığını heç cürə ona sübut edə bilmirdik, düzü heç buna çalışmırdıq da. Hər gün o, nə isə yeni bir şey uydururdu: gah balıqların pıçıldaşmalarını eşitdiyini, qarışqaların arxadan keçmək üçün palıd ağacı qabığından və hörümçək torundan gecə işığında necə bərə düzəltdiklərini gördüyünü söyləyirdi. Özümüzü elə aparırdıq ki, guya ona inanırıq. Onun uydurmalarına əsasən bizi əhatə edən hər şey qeyri-adi idi. Gölün üzərində parlayan ay da, dağların çəhrayı qarına oxşayan yüksək buludlar da, hündür palıd ağaclarının həmişəki dəniz xışıltısı da.
Heyvanın fınxırtısını ilk dəfə oğlan eşitdi və deyindi ki, susaq. Biz kiridik. Kim bilir, bəlkə də vəhşi heyvana görə qeyri-ixtiyari əlimizin qoşalüləyə tərəf dartınmaısna baxmayaraq nəfəsimizi belə çəkməməyə çalışırdıq.
Yarım saatdan sonra heyvan donuz burnuna oxşar yaş, qara burnunu otların arasından çıxartdı. Havanı xeyli iylədi və tamahından titrədi. Sonra otların arasından qara, iti gözlərilə sivri sifəti və nəhayət, zolaqlı dərisi göründü. Balaca porsuq pöhrəlikdən çıxdı, pəncələrini yığıb, diqqətlə mənə baxdı, iyrəncliklə fınxırdı və kartofa tərəf addım atdı.
Kartof cızıltıyla qızarır, qaynar yağ damcıları ətrafa sıçrayırdı. Mən istədim qışqıram ki, heyvan ocağa yaxın getməsin, yoxsa yanar, lakin gecikdim: porsuq tavaya tərəf atıldı və burnunu onun içərisinə soxdu.
Ütülmüş dərinin iyi gəldi. Porsuq zingildədi və ümidsiz fəryadla geriyə, otun içərisinə atıldı. O, bütün meşəyə səs salaraq qaçır, kol-kosu qırır, ağrıdan və hiddətdən tüpürürdü. Gölə və meşəyə vəl-vələ düşdü: qorxmuş qurbağalar vaxtsız quruldaşdılar, quşlar çaxnaşdılar, sahilin lap yaxınlığında isə pudluq durnabalıqları quyruqlarını zərblə suya çırpıb, mərmi gurultusuna bənzər səs çıxardılar.
Səhər oğlan məni oyatdı və indicə porsuğun öz yanmış burnunu necə müalicə etdiyini söylədi.
Mən inanmadım. Tonqalın kənarında oturdum və yuxulu-yuxulu quşların səhər nəğməsini dinləməyə başladım. Uzaqda ağquyruq cüllütlər fitləşir, ördəklər vaqqıldaşır, quru bataqlıqda, mamırlıqda durnalar qaqqıldayır, qumrular aramla quruldayırdılar. Yerimdən tərpənmək istəmirdim.
Oğlan əlilə məni dartdı. O incimişdi. Sübut etmək istəyirdi ki, dediklərini uydurmur. Məni gedib porsuğun özünü necə müalicə etdiyinə baxmağa çağırdı. Həvəssiz razı oldum.
Biz ehtiyatla meşənin dərinliyinə getdik, süpürgə kolları pöhrəliyinin arasında mən çürümüş palıd kötüyü gördüm. Ondan göbələk və yod çıxırdı.
Kötüyün yanında, posuq arxası bizə tərəf dayanmışdı. O kötüyü deşdi, yanmış burnunu yaş və soyuq ovuntunun arasına dürtdü. Heyvan elə dayanmışdı ki, görünmürdü və bədbəxtliyə düçar olmuş burnunu soyudurdu, ətrafında isə körpə bir porsuq ora-bura qaçır, fınxırırdı. Körpə porsuq həyəcanlanır, burnu ilə bizim posuğun qarnını dürtmələyirdi. Bizim posruq isə mırıldayır və yumşaq tüklü arxa pəncələri ilə onu təpikləyirdi.
Sonra posuq oturdu və ağladı. O, girdə və yaş gözlərilə bizə baxdı, inildədi və nahamar dililə xəstə burnunu yaladı. Sanki yardım göstərməyi xahiş edirdi, lakin biz ona heç cür kömək edə bilmədik.
Əvvəllər Adsız adlandırılan gölü biz o vaxtdan Səfeh Posuq Gölü adlanıdırdıq.
Bir ildən sonra mən bu gölün sahilində burnunda çapıq olan porsuqla rastlaşdım. O, suda oturub, dəcəl uşaqlar kimi pəncələri ilə suyu döyəcləyirdi. Ona əlimi yellədim, ancaq porsuq həyəcanla mən tərəfə asqırdı və qaçıb mərsin pöhrəliyində gizləndi.
Həmin o vaxtdan onu bir daha görmədim.

Ruscadan tərcümə etdi:
Novruz Novruzov,

Oxşar məqalələr