AXTAR

Cəbhədə yenidən tanklar hərəkətə gəlir?!

tank

 

 

Son şansdan səmərəli istifadə edilməmədi Ermənistana baha başa fələcək

Martın 29-da Qarabağ münaqişəsinin həlli üzrə Vyanada keçirilmiş Ermənistan-Azərbaycan danışıqları bitəndən sonra tərəflərdən heç biri bəyanatla çıxış etmədi. Yalnız Minsk qrupunun həmsədrləri adından ümumi bir bəyanat səsləndi. Prezident İlham Əliyevin danışıqlar formatının dəyişilmədiyi barədə verdiyi bəyanat çoxdan qəbul edilmiş format qaydasının erməni tərəfinin pozmasının qarşısının alınmasını bildirir. Yəni, münaqişənin mahiyyəti, sülhün xarakteri və sairə mühüm suallar ətrafında yekdil bir qərara gəlinmədiyini aydın görünür. Düzdür, bu haqda da bir söz deyilmədi. Ola bilsin, verilən rəsmi açıqlamada bəzi detallar açıqlanmasın, çünki, belə mühüm məsələlərin müzakirəsi zamanı işin nöqtə-vergülünə qədər mətbuata ötürülməsi əslində həmin işin pozulmasına səbəb olur. Amma hər bir halda danışıqlardan sonrakı fəaliyyətsizlik Vyanada yalnız mövqelərin ortaya qoyulması, izahının verilməsi barədə söhbətin getdiyi qənaəti yaradır. Daha konkret nə isə barədə şifahi də olsa anlaşmanın əldə edilməsindən danışmaq olmaz.
Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın yeni ərazilərinin işğal edilməsi devizini irəli sürməsi kimi sərsəm ideyanın da ekspertlər bu məntiqdən qaynaqlandığını bildirirlər. Görüşdə və ondan sonra baş verən olaylar ermənilərdə dərin məyusluq yaradıb. Onlar aşkar görürlər ki, hələlik konkret razılaşma olmasa da Azərbaycan artıq münaqişədə diqtəedici rol oynayır. Azərbaycan Prezidentinin danışıqların formatının dəyişilməməsi barədə konkret dediyi sözlər buna dəlalət edir. İndi ermənilər Madrid prinsiplərinin həsrətini çəkirlər. Çünki, Azərbaycanın səyləri düşmənə sərf edən bu prinsipləri aradan qaldırıb. Azərbaycanın ərazi bütövlüyü danışıqların predmetindən çıxarılıb, baxmayaraq ki, İrəvan bunda israr edir. Və bu israra görə də Moskva siyasi və hərbi təhlil mərkəzinin direktor müavini Aleksandr Xramçixin bildirir ki, əgər tərəflərin fikirləri üst-üstə düşmürsə, onda belə münaqişələrin həlli üçün bir tərəfin kaputilyasiyası mütləqdir. Bu isə yalnız müharibədə qalib gəlməklə mümkündür. Ekspert bu sözlərini Ermənistanın “168jam” qəzetinə müsahibəsində bildirib. Demək, erməni cəmiyyəti də məsələdən agahdır. Buna görə də Paşinyanın üzərinə hücumlar başlayıb.
Hazırda Ermənistanda 2016-cı il aprel döyüşlərinin üçüncü ildönümü qeyd edilir. Aprelin 1-də döyüşlər zamanı yad torpaqda həyatını itirənlərin xatirəsinə İrəvanda şamlar yandırılıb. Erməni mətbuatı döyüşlərdəki hərçi canlı qüvvə itkilərinin sayını bir neçə dəfə azaltsa da, hər halda məğlubiyyətdən, Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazidən yazıb. Paşinyan da bu münasibətlə ziyarət etdiyi “Erablur” hərbi bazasında jurnalistlərə bildirib ki, münaqişə həll olunmayınca müharibəyə hazır olmaq lazımdır. Lakin o, hazırlığın səviyyəsi barədə bir söz deməyib. Təbii ki, Azərbaycan Ordusunun gücünü nəinki düşmən tərəfdə, hətta Cənubi Qafqazla maraqlanana beynəlxalq aləmdə hamı yaxşı bilir. Ermənilər MQ-na şükür edirlər ki, onun sayəsində müharibənin qarşısı alınıb. İndi monlar yenə bu qrupun yardımına ümid edirlər ki, sülh yolu ilə onların məasədlərinə çatmağa kömək edilsin. “Mənim addımım” fraksiyasından deputat Mikayıl Zolyan jurnalistlərə bildirib: “25 il keçib. Bu, Birinci və İkinci dünya müharibələri arasındakı vaxtdan çoxdur. MQ formatı böyük müharibənin başlanmasının qarşısını aldı, dördgünlük Aprel müharibəsi baş verdi, insidentlər, faciəvi ölümlər baş verdi, amma böyük müharibə olmadı. MQ formatı özünü doğrultdu. Lakin MQ formatı bizi problemin həllinə yaxınlaşdırdımı?”
Vyana görüşündən sonra Paşinyanın Putinə zəng eləməsi Ermənistanda siyasi ajiotajı gücləndirib. Axı bu “inqilabçı” Qərbə üz tutmağa, ölkəsinin Rusiyadan asılılığını azaltmağa söz vermişdi. Əslində onun hakimiyyətə gəlməsində köhnə klanını cinayətkarlığı ilə yanaşı bu vədlər də mühüm rol oynamışdı. Amma indi ermənilərə aydın olur ki, məsələ heç də onların düşündükləri kimi deyil. Ermənistanın Rusiyanın təsirindən çıxmaq planları indiki halda xülyadan başqa bir şey deyil. “Armenianreport.am” saytında Tevos Arşakyan istehza ilə yazır ki, “beləliklə, Kremldə, Krasnopresnensk sahilində və Smolensk meydanında, hətta Luibyankada Ermənistan SSR KP MK-nın birinci katibi Nikol Vovayeviç Paşinyan rahat nəfəs almağa və Sov.İKP MK-nın baş katibi yoldaş Vladimir Vladimiroviç Putinin göstərişlərini yerinə yetirməyə hazırdır”.
Vyana görüşündən sonra Qafqaz institutunun direktoru Aleksandr İsgəndəryan diqqəti iqtisadi və siyasi balansa yönəltməyə çağırır. Onun fikrincə, balans yalnız tanklar və toplardan ibarət deyil. Onun bu tövsiyəsi də sübut edir ki, tankların hərəkətə gələcəyi təqdirdə ermənilər uduzacaq. Vyana görüşünün bir yekunu da budur.
N.NOVRUZ

Oxşar məqalələr