“Hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-
yenidənqurma işlərindən birini həyata keçirir”
Cari ilin 27 iyununda Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər
Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci
sessiyası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada
videoformatda çıxış edib. Çıxışı zamanı ölkəmizin başçısı qeyd etmişdir ki, “2030-cu ilə
qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı
və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir.
Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən
qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Bakının və Azərbaycanın digər
şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı
baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab
olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini
özündə birləşdirir. Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad
etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı
şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik
işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan
edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci
Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir
yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib.
Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması”
adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada
bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Ermənistanın 30 illik
işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri
normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması
prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan
sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. İnanırıq
ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər.
Çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti böyük məmnuniyyətlə
Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi
etmək arzusunu ifadə etmiş və buna hazır olduğunu bildirmişdir. “Əminəm ki, yüksək
səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan
Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır.”-Prezident
qeyd etmişdir.
İlham Ağayev
Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbinin direktoru