AXTAR

Azərbaycan dünyaya daha mükəmməl dəyərlər aşılayır

multikultural 2

 

“Yanvarın 15-də Parisdə İsrail-Fələstin problematikasına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Bu proses mənə Dreyfusun məsələsini xatırladır”. Bunu İsrailin müdafiə naziri Aviqdor Liberman sədri olduğu “Evimiz İsraildir” (“İsrael Beytenu”) Partiyasının Knessetdəki (İsrail parlamenti) fraksiyasının toplantısında deyib.
Partiya sədrinin sözlərinə görə, yaşananlar, çox yəqin ki, Fransa hökumətinin reallaşdırdığı ardıcıl siyasətdir: “Fransanın son illərdə beynəlxalq təşkilatlarda - UNESCO-da, İnsan Haqları üzrə Şurada, BMT-nin Təhlükəsizlik Şurasında olan səsvermələrdə tutduğu mövqeyə baxmaq yetər. Tuluzda yəhudi məktəbində və Parisdəki koşer (halal) dükanındakı teraktlar, antisemit insidentlər fonunda vəziyyət daha da ağırlaşacaq. Bəlkə də Fransadakı yəhudilərə artıq belə demək zamanı çatıb: bu, sizin torpağınız, sizin dövlətiniz deyil, Fransanı tərk edin və İsrailə gəlin. Məncə, bu, sövdələşməyə ən dürüst cavabdır. Paris konfransını başqa cür adlandıra bilmərəm. Əgər yəhudi qalmaq, övladlarınızı və nəvələrinizi qorumaq istəyirsinizsə - İsrailə köçün”.
İsrailli nazirin nə vaxtsa haqsız olaraq həbsə atılan, amma xeyli keçəndən sonra həqiqətin üzə çıxması ilə günahsızlığı sübut olunub azadlığa çıxarılan fransız hərbçi Dreyfusu xatırlaması heç də təsadüfi deyil. Bu xatırlama Parisdə keçiriləcək konfransda qaldırılacaq məsələlərin sonradan səhv olduğu qənaətinə gəlinəcəyinə işarədir. Ancaq A.Libermanın antisemitizm mövzusunda eyhamları ayrıca bir mövzudur. Bu, dünyada ən müasir dəyərlər kimi qiymətləndirilən mutikulturalizm və multikonfessial baxışlardır.
Fransada rəsmi rəqəmlər üzrə 6 milyon nəfərə yaxın müsəlman yaşayır. Onlar əsasən ümumi Məqrib adlandırılan ərəb ölkələrindən gələn mühacirlərdir. Amma onların içərisində digər millətlərin nümayəndələri də var. İndiyədək Fransa insan hüquqlarını qoruyan və inkişaf etdirən ölkə kimi tanınıb. Belə olan halda bəs yəhudilərin bu ölkədən narazılığı nədən yaranır? Fransada son vaxtlar yəhudilərə qarşı çıxışlar nədən qaynaqlanır? Fransa hökumıətinin bu suallara hansı faktlarla və gördüyü işlərlə cavab verəcək, bu, onun öz işidir. Amma fransız cəmiyyətində belə halların baş verməsi, antisemit və digər bu kimi məsələlərdə baş verən pozuntular, cinayət halları bu ölkəyə olan güvəni азалдыб.
2014-cü ilin mayında Azərbaycanda səfərdə olan Fransa prezidenti Fğansua Olland deyib: “Bu ilk səfərdə mən Azərbaycanda çox şey kəşf etdim. Azərbaycana yenə də gələcəyəm”. F.Ollandın xoş təəssüratları sırasında xalqımızda gördüyü multikultural dəyərlərin yer alması şəksizdir. Çünki, dünyanın heç bir yerində bu böyük insani düşüncələr Azərbaycandakı qədər inkişaf etməyib. Yəhudiləri tanımayan xalq, dövlət mənsubu yoxdur. Qəribədir ki, bütün ölkələrdə onlar sanki ayrıca statusa malikdirlər və bu xüsusda söz-söhbət həmişə gündəmdə olur. Amma bizim ölkədə onların hansısa məxsusi statusundan danışılmır və dövlətin bütün vətəndaşları sırasında onlar da hamıya məxsus hüquqlarla yaşayır, həyatlarına normal şəkildə davam edirlər. Əlavə söz-söhbət də baş vermir. Nəinki yəhudilərin, ümumiyyətlə, Azərbaycanda məskunlaşmış bütün millətlər və etnik qrupların mədəniyyətləri bir-birinə qovuşub və biz bunu sadəcə “insan mədəniyyəti” də adlandıra bilərik. Bu formalaşma üçün hansısa xüsusi ideoloji cəbhəyə ehtiyac yoxdur. Dövlətin öz vətəndaşlarına fərq qoymadan eyni prizmadan yanaşması, hər kəsin milli adət-ənənələrinə hörmət qoyulması, dini baxışların toxunulmazlığının qorunması cəmiyyətin belə bir inkişaf səviyyəsinə qalxmasına imkan verib.
Bu gözəl xüsusiyyətdir və hamı tərəfindən qəbul olunur. Belə olan halda niyə də Frаnsada və digər çoxmillətli dövlətlərin milli siyasətində bu təcrübə öyrənilməsin?! Beynəlxalq sənədlərdə sülhsevər birgəyaşayış normaları barədə çox yazılır və danışılır. Amma Azərbaycanda bu haqda nə yazılır, nə də təbliğ olunur. Çünki, ölkədəki real yaşam tərzi məhz belədir. Bu cür həyat tərzi artıq bir çox xarici ideoloqların təbirincə desək, bütün dünya üçün bir nümunədir. Təbii ki, Azərbaycan öz təcrübəsindən danışır, amma onu kiməsə tətbiq etməyi məsləhət görmür. Lakin hansısa dövlət bu təcrübəni öyrənmək istəsə, ictimaiyyət və müvafiq qurumlar onlarla əməkdaşlığa hazır olar. Çünki, bu, bir insanlıq nümunəsi kimi bəşəri meyardır.
IKSmedia.az

Oxşar məqalələr