AXTAR

İsmayıl Şıxlının “Dəli Kür” əsərində qadın obrazları

dkqo

İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində anadan
olmuşdur. İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir. Onun “Konserv
qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay
oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin
zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”,
“Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir.
İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur qazanmasında əvəzsiz rola malikdir.
İsmayıl Şıxlı 26 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir. Ədib Fəxri xiyabanda dəfn
olunmuşdur. İsmayıl Şıxlının “Dəli Kür” romanı Azərbaycan ədəbiyyatında roman
janrının ən uğurlu nümunəsidir. Əsər 1957-1967-ci illər aralığında yazılmışdır.
Ədib romanın üzərində illərlə çalışmışdır. İsmayıl Şıxlı “Dəli Kür” romanında XIX
əsrdə baş verən mürəkkəb tarixi proseslərədə geniş şəkildə toxunmuşdur. Ədib
əsərində Azərbaycan xalqının həyatında baş verən əsaslı dəyişikliklərdən geniş
şəkildə bəhs edir. İsmayıl Şıxlının “Dəli Kür” romanı Kürün sahilində yerləşən
Göytəpə kəndinin təsviri ilə başlayır. Ədib əsərində çox güclü peyzaj nümunələri
yaratmışdır. İsmayıl Şıxlının “Dəli Kür” romanında insan psixologiyası ən dərin
qatlarına kimi yazıçı tərəfindən təsvir olunmuşdur. Əsərdə təsvir olunan qadın
obrazları hər biri öz-özlüyündə böyük bir yükü daşıyır. Yazıçı bu qadınların iç
dünyasını əsərdə çox dolğun bir şəkildə əhatəli təsvir etmişdir. İsmayıl Şıxlı “Dəli
Kür” əsərində Zərnigar xanım, Şahnigar, Mələk, Salatın, Güləsər kimi qadın
obrazları yaratmışdır. Bu qadın obrazların hər biri öz xarakterinə görə bir-birindən
fərqlənir. Bu qadın obrazlarının hər biri əsərdə öz talehini yaşayır. Ədib hər birinin
xarakterik xüsusiyyətlərini dolğun şəkildə əks etdirmişdir. İsmayıl Şıxlının “Dəli
Kür” əsərindəki qadın obrazlarının hər biri Cahandar ağanın ailə üzvüdür. Zərnigar
xanım həyat yoldaşı, Şahnigar bacısı, Mələk götürüb qaçırtdığı qadın, Salatın qızı,
Güləsər gəlinidir. Əsərdəki bütün qadın obrazlarının hər biri Cahandar ağaya
bağlıdır. Cahandar ağanın birinci həyat yoldaşı olan Zərnigar xanım əsilli bir nəslə
mənsub ailədən idi. Zərnigar xanım Cahandar ağanın onun üzərinə günü
gətirilməsini heç cür qəbul edə bilmirdi. O, qadınlıq qürurunu tapdaladığı üçün
Cahandar ağanı heç cür bağışlaya bilmirdi. Zərnigar xanıma Cahandar ağanın bu

hərəkəti o qədər pis təsir etmişdi ki, o hətta oğlu Şamxalın adam öldürməsinə belə
razı idi. Gözlərinə artıq heç nə görsənmirdi. Zərnigar xanım oğlu Şamxaldan
Mələyi xəncərlə vurub öldürməsini tələb edir. İsmayıl Şıxlı “Dəli Kür” romanında
bu səhnəni elə dolğun bir şəkildə təsvir edir ki, oxucunun gözü qarşısında bu
qüruru ayaqlar altına atılmış qadının bütün hisləri canlanır. Zərnigar xanıma ən çox
təsir edən o idi ki, Cahandar ağanın onun üzərinə günü kimi gətirdiyi qadın
başqasının arvadı idi. Cahandar ağa Zərnigar xanımın üzərinə günü gətirməklə ona
özünün gözəlliyini, gəncliyini, təravətliliyini itirdiyini bildirir. Zərnigar xanıma ən
çox təsir edənlərdən biri də o idi ki, Cahandar ağa başqasının arvadı olan Mələyi
onun xanımlıq etdiyi evə gətirmişdi, həm də o evə ki, orada onun evlənməli yaşda
olan qızı və oğlu yaşayırdı. Bu məsələdə Zərnigar xanım çox aciz idi. Onun
düşdüyü vəziyyət olduqca ağır idi. Gəlin gətirmək istədiyi evə əri günü gətirmişdi
və bu günü başqasının arvadı idi. Başqasının arvadını qaçırtmaq düşmən qazanmaq
demək idi. Ona görə də, Zərnigar xanım oğlu və qızı üçün çox qorxurdu. Zərnigar
xanım bu məsələdə tamamilə günahsız idi. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin
qadın obrazlarından biri də Mələk idi. Əsərdə Mələkdə talehsiz qadın kimi təsvir
olunur. Mələyin əri olan Allahyar ona sözün əsl mənasında gün verib işıq vermirdi.
Evində yaxşı gün görməyən Mələk Cahandar ağanın onu götürüb qaçmasından
olduqca məmnun idi. O, ümid edirdi ki, qaçırıldığı evdə xoş bir gün görəcək.
İsmayıl Şıxlının “Dəli Kür” əsərinin digər bir qadın obrazı Cahandar ağanın bacısı
olan Şahnigar xanımdır. Şahnigar xanımın çox ağrılı-acılı həyatı olub. O, həyat
yoldaşını itirəndən sonra qardaşı Cahandar ağanın evində yaşamağa başlayır.
Şahnigar xanım xasiyyətcə şən, deyib-gülməyi sevən bir qadındır. O, qardaşı
Cahandar ağanın evində yaşadığı müddətdə onun qanunları ilə yaşayır. Lakin
Cahandar ağanın düşməni olan Molla Sadığın oyununun qurbanı olur. Belə ki,
Cahandar ağadan qisas almaq istəyən Molla Sadıq onun bacısı Şahnigar xanımı
aldadıb, mürid məclisinə aparır. Cahandar ağanıda ora çağırıb, Şahnigar xanımın
ölümünə səbəb olur. Bacısı Şahnigarı bağışlamayan Cahandar ağa onu Kürdə
boğub, öldürür. İsmayıl Şıxlı “Dəli Kür” əsərində Şahnigar xanımın
öldürülməzdən əvvəl gözü önündən keçən görüntülərin təsvirində çox güclü
psixologizm yarada bilmişdir. Bacısından namus tələb edən Cahandar ağa özü
bütün tabuları, qandan gələn ata-baba qaydalarını, namus məsələsini ayaqlayıb,
başqasının arvadını götürüb, qaçırtmışdı. Cahandar ağa özü çox yaxşı bilirdi ki,
bacısı Şahnigar xanımı ondan qisas almaq üçün tora salıblar, lakin o yenə də
bacısını öz eqoizminin qurbanı edir. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin digər bir
qadın obrazı Cahandar ağanın qızı Salatındır. Salatın xasiyyətcə şıltaq, saf,
mehriban, təmiz qəlbli gözəl bir qızdır. Salatın əsərdə evlənmək yaşındadır. Onun

bu yaşında ailəsində yaranan gərginlik ona çox pis təsir edir. Zavallı qız anası ilə
atası arasında yaranan bu uçuruma görə çox böyük stress keçirir. Salatının gəlin
köçmək yaşında başına gələn bu müsibət ona çox ağır gəlir. Anasının bütün günü
dərd, qəm çəkməyi, qardaşının evdən baş götürüb getməsi, atasının başqasının
arvadını qaçırdıb, özünə düşmən qazanması zavallı qızı məhv edirdi. Salatının
həyatı Zərnigar xanıma təsəlli verməklə keçir. Zavallı qız özündən çox atasının
başqasının arvadını qaçırdığı üçün bunun qisasını qardaşı Şamxaldan
alacaqlarından qorxub, qayğı və düşüncə içində məhv olurdu. Zavallı Salatın
atasının başqasının arvadını qaçırtmasının qurbanı olur. Onu atasının qaçırtdığı
qadının əri olan Allahyar qaçırdıb, zavallı qızın namusunu ləkələyib, atası
Cahandar ağadan qisas almaq istəyir. Beləliklə, Salatın Cahandar ağanın səhvinin
qurbanı olur. Salatını qaçırmağa nail olsa da, Allahyar iyrənc planını həyata keçirə
bilmir. Allahyarın Salatını qaçırdığı ev Cahandar ağanın dostunun evi olur,
məsələdən agah olan ev sahibi qızı qoruyub, atasına təhvil verir. Bacısı Şahnigar
xanımı Kürdə boğub, öldürən Cahandar ağaya atalıq duyğusu qalib gəlir və o qızı
Salatını öldürə bilmir. Cahandar ağa qızı Salatının rüsvay olmasında, bacısı
Şahnigar xanımın ölümündə birbaşa günahkar idi. İsmayıl Şıxlının “Dəli Kür”
əsərindəki qadın obrazlarının digər biri isə Cahandar ağanın böyük oğlu Şamxalın
həyat yoldaşı Güləsərdir. Güləsər kasıb bir ailənin qızıdır. Onu Cahandar ağa kasıb
bir ailənin qızı olduğu üçün böyük oğlu Şamxala layiq bilmirdi. Güləsər çox təmiz,
saf qəlbə sahib gənc bir qız idi. Cahandar ağa kasıb bir ailənin qızı olan Güləsəri
özünün zəngin mülkədar ailəsinə layiq görmürdü. Güləsər əsərdə dözümlü, iradəli,
ailəsinə bağlı bir qadın kimi təsvir olunub. İsmayıl Şıxlının bir yazıçı kimi böyük
şöhrət qazanmasında “Dəli Kür” əsərinin çox böyük rolu vardır. Ədibin əsərdə
yaratdığı qadın obrazların müsbətidə, mənfisidə olduqca canlı qələmə alınmışdır.
İsmayıl Şıxlının “Dəli Kür” əsəri Azərbaycan ədəbiyyatı üçün olduqca böyük
əhəmiyyətə malikdir.

Həcər Atakişiyeva

Oxşar məqalələr