Rusiya “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi üzrə ilk boru kəməri istifadəyə verildikdən sonra Ukrayna, Moldova, Rumıniya və Bolqarıstan ərazisindən öz qazını Türkiyəyə ixrac etməyəcək.
Bu barədə Rusiya hökumətinin saytındakı açıqlamada deyilir.
Bildirilir ki, Rusiya “Türk axını” qaz boru kəməri istifadəyə verildikdən sonra Türkiyəyə Qərb boru kəməri ilə təbii qaz ixracını dayandıracaq.
“Türk axını”na dair hökumətlərarası sazişin mətnində deyilir ki, layihə üzrə ilk boru kəməri istifadəyə verildikdən sonra Qərb boru kəməri ilə Ukrayna, Moldova, Rumıniya və Bolqarıstan ərazisindən təbii qazın nəqli dayandırılacaq. Nəzərdə tutulan marşrut dəyişikliyinin Rusiyadan Türkiyəyə qaz ixracına təsir göstərməyəcəyi vurğulanan açıqlamada “Türk axını”nın həyata keçirilməsi ilə Bolqarıstan marşrutu üzrə müqavilələrdə də dəyişikliklər ediləcəyi bildirilib.
Rusiya keçən il Qərb boru kəməri ilə Ukrayna, Moldova, Rumıniya və Bolqarıstan üzərindən və “Mavi axın” ilə Qara dənizdən keçməklə Türkiyəyə ümumilikdə 24,7 milyard kubmetr təbii qaz ixrac edib.
“Türk axını” üzrə boru kəmərinin dəniz hissəsinin tikintisinə qarşıdakı aylarda başlanılması və layihə çərçivəsində ilk kəmərin isə 2019-cu ilin sonlarında istifadəyə verilməsi nəzərə tutulur.