AXTAR

Pambıq yığımına görə 10 qəpiklik subsidiya niyə gecikir

pambiq

 

Məlum olduğu kimi dövlət başçısının fərmanı ilə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə pambıq emalı ilə məşğul olan hüquqi şəxslərə və sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş hər kiloqram xam pambığa görə 10 qəpik subsidiya ayrılması nəzərdə tutulur. Lakin xüsusilə Aran bölgəsindən olan fermerlərə hələ də yığım haqqı ödənilməyib.
İmişli rayonu, Xubyarlı kəndinin sakini Rafiq Məmmədov “Azadliq” radiosuna bildirib ki, ötən il 10 hektar sahədən 32 ton məhsul götürüb. Yığım pulu olaraq hər kiloqrama görə 10 qəpik ödənilməlidir, amma hələ də ala bilməyib.
Rayonun Məzrəli kəndinin sakini Qurban Süleymanov da “yığım pulu”nun gecikdirildiyini söyləyib. “Artıq yeni mövsüm başlayıb. Belə süründürməçilik adamların əlini işdən soyudur, ruhdan salır”, -Q.Süleymanov şikayətlənib.
İmişli rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Səlim Məhərrəmov isə bildirib ki, fermerlərin narahatlığına yaxın günlərdə son qoyulacaq: “O qərar fermerlərə dəstək olaraq sonradan verildi və 2016-cı ilin məhsuluna da şamil edildi. Zəruri və mərhələli sənədləşmə işi xeyli vaxt apardı. Bu məsələ təkcə İmişli ilə bağlı deyil. Respublikanın heç bir bölgəsində pambıq yığımına görə pul ödənilməyib”. Bankdan bizə bildirilib ki, həmin vəsaitlər uzağı 10 günə istehsalçıların kartlarına köçürüləcək. Daha bu il yığıma görə subsidiyanın ödənilməsində ləngimə olmayacaq”.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə virtualaz.org saytına açıqlamasında subsidiyanın ödənilməsində problem olmadığını deyib. “Respublika Komissiyası subsidiyanın verilməsi barədə qərar qəbul edib. Pambıq və tütün istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə təqdim olunub. Plastil kartların hazırlanması və ya köçürülmə ilə bağlı bir neçə yerdə problem yarana bilər”, -M.Hacıyev bildirib.
M.Hacıyev bu ildən başlayaraq istehsalçılara emal müəssisələrinə satdıqları xam pambığın hər 1 kiloqramına (kondisiya çəkisində) görə 10 qəpik məbləğində subsidiya verildiyini əlavə edib.
Qeyd edək ki, Respublika Komissiyası 24 rayon üzrə 4145 istehsalçıya təhvil verdikləri 88728,1 min ton xam pambığa görə 8872,8 min manat subsidiyanın verilməsi barədə qərar qəbul edib.

Oxşar məqalələr