Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda 2016-cı il ərzində 6 009,4 min ton xam neft emal olunub.
“Report” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Hesabata əsasən, ötən il 1 153,2 min ton avtomobil benzini, 627,3 min ton reaktiv mühərrik yanacağı, 1 881,9 min ton dizel yanacağı, 185,6 min ton maye qazlar, 179,2 min ton bitum, 9,7 ton ton sürtkü yağları, 204,9 min ton koks və sair neft məhsulları istehsal edilib. Hazır məhsulların 77%-i daxili bazarda satılıb, 23%-i isə ixrac edilib.
Qeyd olunub ki, hesabat ili ərzində həyata keçirilən tədbirlər hesabına neftin emal dərinliyi 89,4%, açıq rəngli məhsulların çıxımı isə 63,6% olub.
Hesabata əsasən, Qaz Emalı Zavodunda 2016-cı ildə 3 000,7 mln. kubmetr təbii qaz emal olunaraq 2 954,3 mln. kubmetr təmizlənmiş quru qaz, 14,1 min ton texniki butan və 23,1 min ton qaz benzini istehsal edilib.