Son günlər güclü qar yağması və yolların buz bağlaması Gürcüstandan Rusiyaya gedən yeganə quru - Hərbi-Gürcüstan yolu kimi tanınan Yuxarı Lars (Stepançminda-Lars) yolunun bağlanmasına səbəb olub.
“Report” xəbər verir ki, Ermənistan tərəfi yolun tez-tez bağlanmasından istifadə edərək Gürcüstanın milli maraqlarına zidd olan daha bir təklif irəli sürüb. Belə ki, Ermənistan tərəfi Yuxarı Lars yoluna alternativ olaraq Gürcüstandan Rusiyaya gedəcək yeni avtomobil yolunun çəkilməsini təklif edib və bununla əlaqədar danışıqlara başlayıb.
Amma Gürcüstan hökuməti Ermənistanın bu təklifini qəbul etməyib.
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin məsul işçisi İrakli Kobidze sayta müsahibəsində deyib ki, hökumət Yuxarı Lars yoluna alternativ yolun çəkilişi ilə bağlı məsələyə baxmağı planlaşdırmır: "Hazırda Gürcüstanı Rusiyaya birləşdirən yeganə Stepançminda-Lars avtomobil yolu var və hamı bu yoldan istifadə etməlidir. İkinci bir yolun çəkilməsi zərurətini də görmürük".
Onun sözlərinə görə, yolun çəkilişi təkcə maliyyə və infrastruktur baxımından deyil, ekoloji baxımdan da çox çətin məsələdir: "Gürcüstan hələlik Ermənistanın təklifinə konkret cavab verə bilmir. Çünki biz heç bilmirik hansı istiqamətdə yeni yol tikilə bilər. Bu o qədər də asan məsələ deyil. Heç yaxın gələcəkdə də bununla əlaqədar konkret nəsə demək mümkün deyil".