Bu gün dünya birjalarında neft sürətlə bahalaşır. Blomberg xəbər verir ki, London birjasında Brent markalı neftin qiyməti gün ərzində 8,3% artıb və 50,5 dollara çatıb. Günün əvvəlində isə bu markalı neftin bir bareli 46,5 dollar idi.
Bahalaşma Texas neftində də özünü göstərir və bu markalı neftin bir barelinin dəyəri 4 dollardan çox artaraq 50 dollara yaxınlaşıb.
Bu gün Vyanada OPEC ölkələrinin hasilatın həcminin tənzimlənməsi ilə bağlı görüşü keçirilib. Görüşdə OPEC ölkələrinin neft istehsalını gündə 1,2 milyon barel azaltması haqda qərar qəbul edilib. Beləliklə bundan sonra dünyada bazara çıxarılacaq "qara qızıl"ın həcmi 32,5 milyon barelə düşüb.
OPEC-in toplantısında əsas müzakirə mövzuları İranın bir vaxtlar dünya bazarında itirdiyi mövqelərini geri qaytarmaq üçün hasilatı artırmaq istəyi və Səudiyyə Ərəbistanının ixracını azaltmamaq israrı ilə bağlı olub. Bununla belə OPEC-də ümumi fikrə gəlinib ki, bir çox ölkələrin yaşadığı problemlərlə bağlı dünya bazarına çıxaracağı neft azalacaq və bu bazarda tələbin təklifi üstələməsinə gətirib çıxaracaq.
İKSmedia.az