AXTAR

İqtisadiyyata siyasi hücum yenidən dünyanı qarışdırır

neftin qiyməti

 

 

Geostrateji maraqlar neftin qiymətinin “oynamasına” təsir edir

Bu gün dünyanın çalxalayan iqtisadi xəbərlər arasında neftin ucuzlaşması qəzetlərin manşetini zəbt edib. Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
İyun ayının 3-nə olan məlumata görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,74 dollar geriləyərək 61,25 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,35 dollar ucuzlaşaraq 53,15 dollar təşkil edib. Azərbaycan neftinin qiymətində də kəskin ucuzlaşma baş verir. Cəmi bir həftə əvvəl 75 dollara qalxan “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,66 dollar ucuzlaşaraq iyunun 1-də 67,09 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Neft məhsulu üzərində baş verən hazırkı təbəddülatı iqtisadçı-ekspert Vüqar Bayramov belə izah edir ki, bu ay ABŞ-ın İrana qarşı sanksiyaları genişləndirməsinə və cənub qonşumuzun neft ixrac imkanlarının minimumlaşmasına baxmayaraq “qara qızıl” dəyər itirməyə başlayıb: “Son qiymət azalmaları şist neft istehsalının artması, Səudiyyə Ərəbistanının gələn aydan hasilatı artıracağı ilə bağlı yayılan xəbərlər, ən əsası ABŞ prezidentinin enerji məhsullarının qiymətinin azalmasının zəruruliyi ilə bağlı bəyanatları və eləcə də “tvitləri” ilə əlaqədardır. Qlobal neft təklifinin gündəlik 101.42 milyon barel olduğunu nəzər alsaq, bir zəng neft ölkələrinin “qara qızıl” satışından gündəlik gəlirinin 811 milyon dollar azalmasına səbəb olub. Azərbaycanın gündəlik neft ixracatınn 798 min barel olduğunu nəzərə alsaq o zaman son qiymət azalmalarının ölkəmizə daxil olan gündəlik neft gəlirlərini 6.4 milyon dollar azaltdığı aydınlaşır. Qeyd edək ki, bu mənfəət gəliri deyil, xərclər və Əməliyyat Şirkətinin payı da daxil olmaqla əldə edilən tam gəlirdir”.
Ekspert bildirib ki, bu, “neft bumunun” bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir: “Azərbaycan üçün həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır. Kənar müdaxilələrlə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür”. İqtisadçının sözlərinə qüvvət, 2015-ci ildə də neftin sürətlə ucuzlaşması bazarın özündən yox, siyasi mülahizələrlə kənardan edilmiş müdaxilələrdən qaynaqlanmışdı. Belə ki, iri dövlətlər, xüsusilə də ABŞ dünya hegemonluğu yolunda öz rəqibləri mübarizədə iqtisadi gücündən istifadə edərək iqtisadi qərarları siyasi ambisiyaların reallaşdırılmasına təslim edir. Bu isə süni əngəllərlə bazara təsir etmək deməkdir ki, ümumdünya iqtisadi qaydaların ciddi şəkildə pozulmasına gətirib çıxarır.
Adətən, bazarda neftin qiyməti birjalarda həll olunur. Bu, tələb və təklifin qarşılıqlı münasibətləri fonu8nda baş verir. Lakin indi bu qaydaya baxan yoxdur. ABŞ bazara məhəl qoymadan öz neftini dünya bazarlarına artıq miqdarda çıxarmağa davam edir. Bu da qiyməti aşağı salır. Bu vəziyyətdə yalnız qeyri-neft sektoru sabit işləyən ölkələr iqtisadi böhrandan qaça bilirlər.
Bəs, bu gün neftin ucuzlaşmasına Azərbaycanın hazırlığı nə yerdədir? Təbi ki, qiymətlərin ucuzlaşması neft gəlirlərinin azalmasına səbəb olur ki, bu da iqtisadiyyat üçün müsbət hal deyil. Azərbaycanın 2019-cu il dövlət büdcəsində nefin 1 barrelinin qiyməti 60 dollar müəyyənləşdirilib. Amma, mütəxəssislərin fikrincə, “Büdcə sistemi” haqqında qanuna dəyişiklik edildiyindən, neftin qiymətinin ucuzlaşmasının təsirinin çox olması gözlənilmir. Ölkəmizdə aparıəlan iqtisadi şaxələndirmə və qeyri-neft sektorunun inkişafı siyasəti bu istiqamətdə ən təsirli vasitədir.
N.NOVRUZ

Oxşar məqalələr