AXTAR

Fransanın ikili standartları daxili siyasətdə də uğur qazanmır

macron et pen

 

Avropanın bu aparıcı ölkəsində seçkilərin nəticələri Parisin Qafqaz siyasətində də mühüm yeniliklərə səbəb ola bilər.

Fransada prezident seçkilərinin ilk turu başa çatdı. İkinci tur mayın 7-də olacaq. Turun finalçıları bütün sorğuların əvvəlcədən göstərdiyi kimi, mərkəzçi “İrəli!” Partiyasından 39 yaşlı Emmanuel Makron və ifrat sağçı, irqçi Milli Cəbhə Partiyasının lideri, 48 yaşlı Marin Le Pen oldu. Marin Le Pen həm də ermənipərəst kimi tanınır.
Avropa Birliyinin iki sözçüsündən biri olan Fransada prezident seçkilərinin nəticəsi, təbii ki, dünya siyasi arenasının üzvlərini ciddi şəkildə илэиляндирир. Bu səbəbdən, Azərbaycanı da kimin prezident olacağı maraqlandırır. Ümumiyyətlə, nəticə Parisin Qafqaz siyasətində, Qarabağ məsələsinə yanaşmasında hansısa dəyişikliyə səbəb ola bilər?
Emmanuel Makronun ilk turdakı qələbəsi, hesab edirik ki, nəinki xarici, elə daxili auditoriya üçün də gözlənilməz olub. 15 il əvvəl siyasi mövqelərini gücləndirməklə işlərini genişləndirmək arzusunda olan fransız iş adamlarının perspektivi elə ölkənin siyasi dairələri tərəfindən yüksək qiymətləndirilirdi. Bəzi siyasətçilər gələcəyin onlara məxsus olacağını proqnozlaşdırırdılar. Lakin ənənələrin güclü olduğu Fransada köhnədənqalma respublikaçılar və sosialistlərin mövqeyi kifayət qədər güclü olduğundan, bu fikirlər özünə geniş rəğbət qazana bilmirdi. Bununla belə, həm də islahatçılar adlandıra biləcəyimiz bu qüvvələr tədricən öz ideyalarını gücləndirir və elektorat qazanırdılar. Hər şey səs-küysüz, işgüzar təmayüldə əldə olunurdu.
Hay-küylü və qaragüruhçu Milli Cəbhənin isə sosial kökləri çox üzdədir. Bu qüvvə prezident seçkilərində bu vaxta qədər sadəcə, bir element rolunu oynayıb. Əslində, seçkilərin birinci turunda Milli Cəbhənin ikinci mövqeni qazanması siyasi tryukdur və ilk dəfə 2002-ci ildə Jak Şirak tərəfindən tətbiq edilib. O vaxt J.Şirakla bərabər, sosialist baş nazir Lionel Jospen də namizəd idi. Sosialistlərin mövqeyi xeyli dərəcədə güclü idi və ekspertlər Jospenin prezident olacağını proqnozlaşdırırdılar. Bu səbəbdən seçkiqabağı təbliğatda respublikaçılar elə istiqamət götürdülər ki, cəbhəçilərin vəziyyəti xeyli yaxşılaşdı. Birinci turda çox cüzi fərqlə millətçilər sosialistləri qabaqlayıb respublikaçılar ilə birlikdə ikinci tura keçdilər. İlk tur başa çatandan az sonra, axşam saat 10-da məlum oldu ki, millətçilər növbəti tura ikinci vəsiqəni təmin ediblər. Dərhal əhali küçəyə axışdı və “Mən fransız olduğuma görə utanıram” şüarları ilə Milli Cəbhə namizədinin prezident olacağı təqdirdə Fransanın yüksək bəşəri dəyərlərdən uzaqlaşacağı, ölkənin qarışacağı, digər millətlərin fransızlara nifrət edəcəyi haqda alovlu çıxışlar etdilər. Sosialistlər heyrət içində baş verənləri seyr edir və “müsyö Şirak çox bicdir” deyə, başlarını yelləyirdilər. İstisna deyil ki, bu dəfə də Marin Le Penin ikinci tura çıxmasında Fransua Fiyonun seçki qərargahının apardığı siyasət müəyyən rol oynayıb. Lakin respublikaçıların seçki marafonunu tərk etməsi sübut edir ki, artıq ölkənin siyasi gündəmində yeni qüvvələr əsas rol oynayır.
Neçə illərdir ki, Avropada tüğyan edən iqtisadi böhran da elektoratın üzünü iş adamlarına çevirməyə məcbur edib. Emmanuel Makronun maliyyə problemlərini həll edəcəyi ümidi əhalinin ona olan inamının əsasını təşkil edir. Təsadüfi deyil ki, aparılan sorğuların nəticəsinə görə, ikinci turda səslərin azı 62 faizini E.Makron toplayacaq. Amma sürprizə də hazır olmaq gərəkdir. İndi dünya kimi seçki prosesləri də çox qarışıb.
Əgər proqnozlar doğrulsa və Makron prezident seçilsə, çox güman ki, Fransa-Rusiya əlaqələrində nisbətən istiləşmə baş verəcək. Çünki, inkişafı iqtisadi tərəqqidə görən komanda mütləq Rusiya kimi nəhəng xammal resurslarına malik ölkə ilə münasibətləri qaydaya salmağa çalışacaq. Siyasi məsələlərdə isə, konkret olaraq Qarabağ məsələsinin həllində passivləşmək istəyərək, Almaniya kimi hər şeyi Rusiyanın həll etməli olduğu mövqeyini sərgiləyəcək. Makronun erməni lobbisinin nazı ilə oynaması ağlabatan deyil. Düzdür, Avropada varlı ya kasıb, hamı təsdiq edir ki, “pul hər şeyi həll edir”. Lakin arxasında iş adamlarının durduğu şəxsə kiminsə pulu yox, yeni iş layihələri daha vacibdir. Bu baxımdan onun işgüzar Azərbaycanla əlaqə yaratmaq potensialı daha güclü olmalıdır.
Maрin Le Penin sürpriz prezidentlik ehtimalı isə Fransaya yaxşı heç nə vəd etmir. Fransızlar barışmaz qalmaqalları sevmirlər və millətçi rəhbərliyin gücü yalnız ölkəni qarışdırmağa çatar.
IKSmedia.az

Oxşar məqalələr