AXTAR

Ermənistan qaçılmaz dəyişikliyin astanasındadır

ermenistan hakimiyyeti

 Siyasi hakimiyyətdə cinayətkarları populistlərin əvəzləməsi gözləniləndir

Hamıya məlumdur ki, Qarabağım işğalında Ermənistan tək hərəkət etməyib. Müharibədə, döyüşlərdə ermənilərin irəliləməsi xarici qüvvələrin gücü ilə baş verib. Minsk Qrupuna daxil olan ölkələrin rəhbərləri dəfələrlə bəyan ediblər kimi münaqişənin dominant “sahibi” Rusiyadır. Azərbaycanda bu haqda daha dolğun faktlar mövcuddur. ABŞ-dan gələn yardım, fransızların bilavasitə döyüş meydanında iştirakı, Livandan muzdluların gəlməsi və sairə haqda kifayət qədər məlumatlar var. Amma bunların içərisində ən güclüsü Rusiya faktorudur. Çünki, artıq çoxdandır Ermənistan bu ölkənin forpostuna çevrilib və bir dövlət kimi mövcudluğuna görə Rusiyaya borcludur.
İrəvanda məskunlaşmış hakimiyyətin forpostluğu o deməkdir ki, Kremlin göstərişi və təlimatı olmadan rejim bir addım belə ata bilməz. Qarabağın forpost dövlət tərəfindən işğal edilməsinin bir ucu da Moskvanın Qafqaz siyasətinə gedib çıxır və əslində, bu siyasətin tərkib hissəsi olması şübhə doğurmur. Yəni, Ermənistanda hökumətin formalaşması Moskvanın göstərişləri və seçimi əsasında baş verir. Yerli siyasətçilərin, ekspertlərin, siyasi partiyaların və digər qrupların, o cümlədən seçicilərin fikir və rəyləri, habelə səsvermə hüquqları üçüncü-dördüncü dərəcəli əhəmiyyətə malikdir.
İki ay sonra Ermənistanda keçiriləcək parlament seçkiləri ölkədə yeni ab-hava yaratmağa əsaslı səbəb olacaq. Birincisi, ölkənin idarə olunmasında prezident üsul-idarəsi parlament idarəçiliyinə təhvil veriləcək. İkincisi, Qarabağ münaqişəsi daxil regionda vəziyyətin dəyişilməsi ölkədə yeni siyasi komandanın formalaşdırılmasını tələb edir. Hazırkı prezident Serj Sarkisyanın bir insan və rəhbər kimi xarakteri çoxdan açılıb və məlumdur ki, o, qatı cinayətkar və hakimiyyətsevəndir. Bu səbəbdən Kremlin göstərişi olmadan prezident kürsüsünün aşağılanmasına heç cür razılaşmazdı. Digər tərəfdən yeni situasiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tələb edir. Yenə də Sarkisyan buna gedə bilməz, çünki münaqişənin həlli onun bu müharibənin canisi kimi axırı deməkdir. Belə olan halda onun daha loyal və dəyişiklikləri həyata keçirməyi bacaran şəxslə əvəzlənməsi gündəmə gəlir. Hadisələrin gedişi göstərir ki, Sarkisyan ümumiyyətlə, Ermənistanı tərk etmək məcburiyyətində qalacaq.
Bəs, Rusiya kimə güvənc edəcək? Hazırkı şəraitdə bu şəxs bir neçə ay əvvəl Rusiyadan gəlmiş və yeni baş nazir olmuş Karen Karapetyandır. Ekspertlərin təhlilində yalnız onun adı hallanır. Seçkiqabağı mübarizənin gedişi göstərir ki, artıq Ermənistanda üç cəbhə formlaşmaqdadır. Bunlar S.Sarkisyanın rəhbərliyi ilə köhnə qvardiya, K.Karapetyanın qanadı altında dəyişdiricilər və əski əyyamlarda vəzifədə olmuş V.Oskanyanın sönük qərbpərəst komandasıdır.
Bu qruplar arasında mübarizə qızışır. Belə ki, bu günlərdə Karen Karapetyanın Moskvaya səfər etməsi artıq Kreml tərəfindən onun təlimatlandırılması kimi başa düşülür. Bu səbəbdən də digər qruplar tərəfindən hücumlara məruz qalır. Məsələn, baş nazirin Moskvada erməni diasporunun nümayəndələri ilə görüş zamanı səsləndirdiyi fikirlərə əsasən bildirilir ki, ermənilər və Karen Karapetyan müxtəlif Ermənistanda yaşayırlar. Bu, əslində qarşıdakı parlament seçkilərində onun tərəfdarlarına parlamentə gedən yolda maneə yaratmaq məqsədi güdür.
Lakin hələ Ermənistanda Kremlin planını pozmağı bacaran qüvvə formalaşmayıb. Dəyişiklikləri həyata keçirmək üçünsə Moskvaya yeni qüvvə lazımdır. Bu dəyişiklikılərin mərkəzində isə, güman edirik ki, Qarabağ münaqişəsinin həlli duracaq.

Oxşar məqalələr