AXTAR

Virus və siyasi-iqtisadi strategiya

korona tramp


“COVİD-19” ayaq açıb yeriməyə başlayanda tibbə aid virus idi. Amma biz insanlar ona yeni çalarlar bəxş etdik və indi o bakterioloji, toksionoloji, ideoloji, psixoloji və daha nə qədər “nə...oloji” xüsusiyyətlər kəsb edir. Bunlardan hansı realdır, hələ ki, məlum deyil. Amma məlum olan odur ki, ümumi danışıqda “koronavirus” adlanan bu məşum və məlun virus can almaqda davam edir.
Mütəxəssislər deyir ki, qrip virusudur, amma müasirliyinə görə ənənəvi qriplərdən fərqlənir. Elə bil bu virus dünyadakı elmi-texniki tərəqqi ilə bəhsə girib. İnsanlıq zaman-zaman daha dağıdıcı gücə malik silahlar ixtira etdiyi kimi viruslar da təkmilləşərək insan həyatını daha sürətlə məhv edən xarakter alır. Olsun. Bunun da əlacı tapılacaq. Əsrlər öncə adət etdiyimiz adi qriplər də hər il on minlərlə can alıb. Ancaq onun əlacı tapılandan sonra 7 qəpiklik “kalseks” tabletkaları ilə qarşısı dərhal alınırdı. Bir şərtlə: xəstə qripdən qurtulmaq üçün mütəxəssislərin müəyyənləşdirdiyi qaydalara əməl edələr. Əks halda ağırlaşaraq meningentə çevrilir və ondan yaxa qurtarmaq müşkülə düşürdü.
Koronavirusdan da qorunmaq olur, amma şərtlə. Həkimlərin tövsiyələrinə və hökumətin elan etdiyi karantin izolyasiyasına ciddi riayət etməklə. Etiraf etməliyik ki, izolyasiya qaydalarını pozanlar az deyil. Sovet dövrü olsaydı, bu işdə problem az olardı. “KQB” xofu və sairə ilə əhali nəyə desən vadar edilirdi. Müstəqillik isə bizə azadlıq və sərbəst hərəkət, yerdəyişmə imkanı verib. Və... düşüncəmizin sərbəstliyinə də çıxış əldə etmişik. Bu, əldə etdiklərimizin ən əsasıdır. Yəni, hər şey özümüzdən asılıdır. Vicdanla yanaşsaq, hakimiyyət və hökumət, yəni dövlət öz vətəndaşlarını qorumaq üçün gərəkən hər bir tədbiri görüb. Top indi vətəndaşın ayağındadır. Onu oynatmaq, başqa sözlə, virusa meydan oxumaq bizim öz əlimizdədir. Koronavirusdan qorunmaqla ona qalib gəlmək müqəddəs işimiz olan torpaqlarımızın erməni işğalından azad edilməsi yolunda şəhid olmağa bərabərdir. Çünki, bu virusdan hansı şəkildə qurtulacağımızın nəticəsi ümummilli birliyimizin hesabatı olacaq.
Virus hücumdadır... Dünya qaynayır, iş çox, dərd başdan aşır və ilk baxışda xaos kimi nəzərə çarpan situasiyada qeyri-səlis məntiq bizə əlaltdan yürüdülən siyasətin konturlarını açıb göstərir. Dünya nəhəngləri- ABŞ və Çin bir-birlərini ittiham edir. Həkimlər, ekspertlər, mürtəxəssislər, ekstrasenslər ilk gündən rəy bildirir, təklif verir, məsləhət görür, amma bütün bu məlumatların təhlili göstərir ki, virusun əsas mahiyyəti və qaynağı haqda dəqiq bilgi yoxdur. Tədqiqatlar isə sürətlə davam edir. Tez-tez müxtəlif ölkələrdən “şad xəbər” adı ilə koronavirusun əlacının tapıldığı barədə informasiyalar yayılır. Səhərisi isə məlum olur ki, həmin tapıntı işə yaramır.
“1aprel” beynəlxalq zarafat günü ərəfəsində politoloqlar əllərini çırmalamalı olublar. Amma zarafat üçün yox. Ümumdünya bəlasının beynəlxalq siyasi qripə çevrilməsini təhlil etmək üçün. Yadınızdadırsa, hələ keçən yay Rusiya prezidenti Vladimir Putin dünyanın yeni siyasi və iqtisadi düzəni barədə danışmışdı. Hələ 10 il bundan qabaq Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “dad” döyürdü ki, dünyanın taleyini BMT Təhlükəsizlik Şurasının 5 üzvünün əlində olması haqsızlıqdır. Koronavirus həyəcanı başlanan ilk günlərdə isə yenə Ərdoğan elan etmişdi ki, bu bəla sovuşanda artıq dünya bu şəkildə olmayacaq. Halbuki bu sözlər deyiləndə Türkiyədə “COVİD-19”a yoluxan yox idi.
ABŞ hüquqşünaslarının Çin hökumətini və ordusunu koronavirusa görə məhkəməyə verməsi və 20 trilyonluq təzminat istəməsi barədə məsələni şərh edən rus ekspert Qriqori Trofimçukun sözlərinə görə, bir çox ölkə hazırda ətraflarında nə baş verdiyini anlamır. Bəziləri isə Moldova kimi artıq sağ qalmaq mübarizəsindədir, çünki öz iqtisadiyyatlarını qorumaq üçün ciddi addımlar atmaq iqtidarında deyillər. Nadir istisnalar nəzərə alınmasa, koronavirus bu və ya digər dərəcədə müstəqil siyasət aparan ölkələri, o cümlədən Avropa dövlətlərini vurur: “Daha dəqiq desək, postsovet və Avroasiya məkanının yenidən qurulması prosesi davam edir, sadəcə olaraq fərqli üsullarla. Bəzi dövlətlər pandemiyadan sonra Qərb kreditləri ilə tilova keçiriləcək, digərləri isə bu istiqamətdə daha asılı vəziyyətə düşəcəklər. Burada əsas məsələ Vaşinqtonla Ər-Riyadın birlikdə neftin qiymətinin aşağı salınmasına nail olması və bunu hansı müddətə qədər nəzarətdə saxlaya biləcəkləridir. Əgər onlar bundan sonra da bu mövqedə qalmağa davam etsələr, bu, iki böyük gücün konkret dövlətləri, o cümlədən, postsovet məkanındakı ölkələri məhv etmək niyyətindən xəbər verəcək”.
Baş verən təbəddülatlar qoynunda bir məsələyə ciddi yanaşmaq lazımdır: bu mübarizədə iştirak edən əsas oyunçu ölkələrdə koronavirus daha geniş formada tüğyan edir. Çin, ABŞ, Avropa İttifaqı, İran, Türkiyə, Rusiya. Göründüyü kimi, BMT TŞ-nın 5 üzvü də bu siyahıdadır. Qəribədir, deyilmi? Düzdür, sayına görə çinlilərin həyatında xaos güclü olsa da digər regionlar həyat səviyyəsinin və mədəniyyətinin yüksəliyi ilə seçilir. Deməli, əhalinin ictimai şüuru da daha yüksəkdir, amma buna baxmayaraq virusdan qorunmaqda çətinlik çəkirlər. Sanki dünya birinciliyi uğrunda gedən çəkişmədə siyasətin yerini koronavirus tutub.
Belə bir siyasi paradoks fonunda neftin qiymətlərinin kəskin surətdə düşməsi ilə növbəti dünya iqtisadi böhranının başlaması təsadüf ola bilməz. “Neftin qiyməti” rəqabət mübarizəsinin mühüm halqasıdır və dövlətlərin “dil tapmasından” asılıdır. Bu mənada koronavirusun yayılması nə qədər təbiidirsə, neft satışında qiymət siyasəti bir o qədər sünidir. Bu iki mühüm amil isə dünyanın yeni düzəninin hərəkətverici qüvvəsidir.
Bu durum dünya siyasi sistemində radikallaşma yaradır. Dost və düşmənin aydın bilindiyi bu güzgüdə dövlətlərin bir qrupdan digərinə kəskin sıçrayışlar etməsi üçün əsaslar yaranıb. Koronavirusdan qurtarmaq üçün yalnız tarixi, məntiqi və zorən dostluq münasibətləri ilə yanaşı geostrateji maraqlardan doğan əlaqələr də rol oynayır və gizli olaraq qütbləşmənin yeni proyeksiyası güclənir.
Virusun ömrü, ehtimal ki, iyun ayına qədər mərhələlərlə bitəcək. Onun vurduğu iqtisadi zərər və yaranmış böhran isə gələn ilin əvvəlindən yüngülləşməyə başlayacaq. Çünki, vəziyyətin ciddiliyi artıq hamıya aydındır. Əsas oyunçu-ABŞ vəziyyəti öz xeyrinə dəyişmək üçün bir neçə trilyon dollar vəsait ayırıb. Bu, təxminən boşa çıxmış Yaxın Şərq projesinə sərf edilən məbləğə uyğun gəlir. Tramp siyasətdə daim “pul davası” edir, yəni, siyasətini iqtisadi amillərlə aparır. Neftin qiymətlərindəki təbəddülat bu siyasətə bağlıdır. Bu sahədə “ingilis barmağı”nı “Tramp barmağı” əvəzləyib. Ancaq onun hegemonluğu artıq əvvəlki miqyasını itirib və çətin ki, bundan sonra keçmiş şöhrətinin bərpa edə bilə. Çünki, opponentləri müstəqil strategiya ilə yanaşı dünya hegemonuna qarşı da birgə strategiya işləyib hazırlayıblar. Buna görə də dünya ictimaiyyəti qarşıda gərgin mübarizə tryuklarına şahidlik edəcək.
Dünyanın 2021-ci ili ənənəvi supergüclərlə yanaşı yenidən başqa formada qruplaşmış və boy ataraq yaranmış nəhəng birlikləri qarşılamasına hazırlaşmaq gərəkdir. Bu gün legitimlik sarıdan axsayan BMT TŞ-nın yeni tərkibdə və yeni səlahiyyətlərlə meydana çıxması siyasi mübarizənin yekunu kimi mühüm əhəmiyyət kəsb edə bilər.
N.NOVRUZ

Oxşar məqalələr