AXTAR

Əlaqələrin inkişafı üçün möhkəm siyasi və iqtisadi təməl var

 

Bu gün Azərbaycan iqtisadiyyatının əsas mövzularından biri neft və qeyri-neft sektoru arasında əlaqəli inkişafın təsbit olunmasıdır. Bu iş çoxdan başlanılıb, sadəcə indi başlanmış işin davamlılığının və vaxtaşırı dəyişən parametrlərin bir-birilə uzlaşmasının təminidir. Çünki, neft gəlirləri vaxtilə ölkədə əsas iqtisadi kursu təyin edən amil rolunda çıxış edirdi. Düzgün iqtisadi strategiya sayəsində həmin gəlirlər məqsədyönlü şəkildə insan kapitalına və qeyri-neft sektorunun inkişafına yönəldilib. Bu gün artıq qeyri-neft sektoru neft sektoruna çatıb və onu ötüb keçməyi hədəfləyib. Bunun arxasında isə hökumətin ardıcıl olaraq həyata keçirdiyi tədbirlər dayanır.
Bu sırada ilk olaraq qanunvericilik bazasının sadələşdirilməsi və təkmilləşdirilməsi durur. Hazırda Azərbaycan qanunvericiliyinə görə biznes qurmaq çox asandır. Bütün bürokratik əngəllər, süni maneələr aradan qaldırılıb. Hətta əsassız və yersiz, işin ləngiyməsinə səbəb olan vergi yoxlamaları da ləğv edilib. Bütün iqtisadi parametrlər üzrə sahibkarlar sərbəst fəaliyyət meydanı əldə ediblər. Onlara işləmək, istehsal etmək, azad surətdə satmaq imkanı yaradılıb və qarşılarına vergiləri vaxtında ödəmək tələbi qoyulub.
Bu irəliləyiş ölkədə həyata keçirilən davamlı islahatların məntiqi nəticəsidir. Məhz bu islahatlar fonunda strateji hədəf olaraq iqtisadiyyat liberallaşdırılır və şaxələndirilir, kiçik və orta sahibkarlıq inkişaf edir, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisi getdikcə artır. Yaradılan əlverişli biznes mühiti isə ölkə iqtisadiyyatına daha çox daxili və xarici sərmayələrin cəlb edilməsi üçün əlavə imkanlar yaradır. Sözsüz ki, burada ictimai-siyasi sabitlik faktoru da ciddi rol oynayır. Bu göstəriciyə görə, Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-nü üstələməyə müvəffəq olub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi nəhəng ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Azərbaycan rəqabət qabiliyyətinin gücünə görə MDB məkanında öz liderliyini inamla qoruyur.
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 16-cı Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və çıxışı ölkəmizin bu təşkilata daxil olan ölkələrlə iqtisadi əlaqələrinin miqyasına aydınlıq gətirib. Dövlət başçısı bildirib ki, son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, kiçik rəqəm deyil və müasir texnologiyalar əsasında sənaye sahələrinin inkişafının stimullaşdırılmasında həlledici rol oynayır. Təbii ki, bu sırada Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan kimi ölkələrin xüsusi çəkisi var. Azərbaycandakı mövcud investisiya imkanları yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir. Bu gün Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da ildən-ilə genişlənir.
Azərbaycan inkişafa iqtisadçıların birtərəfli istiqamət hesab etdikləri neft ölkəsi qismində başlasa da indi geniş sferada hərtərəfli iqtisadi yüksəlişə malikdir. Daha heç bir iqtisadçı Azərbaycan iqtisadiyyatının istiqamətini təhlil edəndə “Holland sindromu” deyimindən istifadə etmir.
Ölkəmiz öz təbii sərvətləri, insan kapitalı, sənaye və qeyri-neft sektorunun müxtəlif sahələri ilə çoxprofilli iqtisadiyyatını sürətlə irəlilədir. Bunun üçün isə ilk növbədə ictimai sabitlik, müvafiq qanunvericilik bazası, biznes prosedurlarının sadələşməsi, gələcəyə inam və sairə məsələləri həll etmək lazım idi. Bütün bunlar vaxtında, müasirlik ruhunda həyata keçirildi və inkişafa təkan oldu. Ölkədə onlarca yeni elektrik stansiyaları tikildi. Hökumətin bu sahəyə belə böyük dəyər verməsi həm yeni müəssisələrin işə salınmasında, həm də əhalinin sosial güzəranının yaxşılaşdırılmasında elektrik enerjisinin əsas rol oynadığına görədir. Nəticədə Azərbaycan elektrik enerjisi idxalçısından ixracatçısına çevrilib. Görülən işlərin hamısı məqsədyönlüdür və yalnız innovativ xarakter daşıyır. Azərbaycan tikdiyi hər bir müəssisədən, istehsal sahəsindən gəlir götürür.
İş davam edir. Bu ilin vəzifələri ötən ildəkindən daha məsuliyyətlidir. Çünki, özül yaranıb. Stimul güclüdür. Demək, gələcəyə inam da artıb. Azərbaycan xalqı öz dövləti və qurucu rəhbəri ilə yalnız irəliyə baxır.
Qeyri-neft sektorunun mühüm məziyyətlərindən biri də inzibatçı-amirlik sisteminin iqtisadi strukturdan uzaqlaşmasıdır. Çünki, əhali özü öz arzusu ilə hökumətin yaratdığı şəraitdən istifadə edərək özünə iş yeri yaradır. Bu məsələdə hər bir fərd sərbəstdir, hökumət bu işdə ona yalnız kömək edir, yəni, güzəştli kreditlər ayırır, iri layihələrin həyata keçirilməsində dəstək olur, xarici bazarlara çıxış üçün dövlətin gücündən və nüfuzundan istifadə edir.
Azərbaycan öz legitim hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi. Bununla da ölkənin böyük bir ərazisini təşkil edən Qarabağ bölgəsi işğaldan azad oldu. 3 ildir ki, bu bölgədə böyük quruculuq işləri görülür, dağıdılmış şəhər və kəndlər bərpa edilir, eyni zamanda yeni sənaye müəssisələri tikilir, bu müəssisələr iqtisadiyyatın inkişafına öz töhfələrini verir. İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri bu prosesdə könüllü iştirak edir, qarşılıqlı faydalı əlaqələrin inkişafına çalışırlar. Özbəkistanın işğaldan azad edilmiş Füzuli rayonunda tikdiyi məktəb binası buna gözəl nümunədir.
Daşkənd toplantısında Prezident İlham Əliyevin üzv dövlətlərin başçıları ilə keçirdiyi görüşlər, apardığı müzakirələrin məzmunundan görünür ki, İƏT (ECO) daxilində qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra daha sürətlə inkişaf edəcəkdir. Bunun üçün möhkəm siyasi və iqtisadi təməl var.

Novruz NOVRUZOV
Azad Vətən Partiyası Siyasi Şurasının sədri

Oxşar məqalələr