AXTAR

“Arsak: tarix və müasirlik” elmi seminarı keçirildi

IMG 20221219 WA0013

2022-ci il dekabr ayının 19-da Beynəlxalq Qarabağ Forumunun təşəbbüsü və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “Arsak: tarix və müasirlik” elmi seminarı keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının himninin ifası və torpaqlarımızın azadlığı, suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başladı.
Seminarın moderatoru Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova mövzunun aktuallığını, araşdırılmasının vacibliyini, bu sahədə yeni tədqiqatların aparılmasına ehtiyac olduğunu qeyd etdi. Uzun müddətdir ki, Arsak regionu, onun tarixi, etnik və siyasi mənsubiyyəti, adın etimologiyası ilə bağlı üzdəniraq alimlər tərəfindən saxtakarlıq edilir, beynəlxalq rəydə Arsak adının və tarixinin guya ermənilərə aid olması ilə bağlı yanlış təsəvvürlərin formalaşdırılmasıa səy göstərilir. Əslində bu adın və tarixi bölgənin ermənilərə heç bir aidiyyatı yoxdur, Azərbaycana mənsub olduğu isə müasir araşdırmalarda danılmaz faktlarla sübuta yetirilir. “Arsak: tarix və müasirlik” elmi seminarının keçirilməsi bu faktların bir daha gündəmə gətirilməsi, elmi müzakirələrin aparılması, məqalə və digər materialların müxtəlif dillərdə çap olunaraq beynəlxalq birliyə təqdim olunmasına xidmət edir.
Sonra elmi seminarı giriş sözü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin dekanı dosent Asif Axundov açdı, elmi seminarların, konfransların keçirilməsinin vacibliyini vurğuladı, seminarın işinə uğurlar arzuladı.

IMG 0012

Beynəlxalq Qarabağ Forumunun koordinatoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Şamil Mehdi çıxışında məlumat verdi ki, 2021-ci ilin dekabr ayında “Arsak: tarix və müasirlik” adlı beynəlxalq elmi konfrans keçirildi və onun materialları Azərbaycan, ingilis və rus dillərində nəşr olundu. Növbəti konfransın 2023-cü ildə keçirilməsi ilə bağlı qərar qəbul olunub. Bu konfransların keçirilməsinin əsas məqsədi elmi mərkəzlər, elmi araşdırmaçılar arasında birbaşa əlaqələrin yaradılması, gənc tədqiqatçıların cəlb edilməsi və onların qədim və müasir xarici dillərə yiyələnmələrinin stimullaşdırılmasıdır.
Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova sürətlə dəyişən dünyada informasiyanın nə qədər əhəmiyyətli olmasını qeyd etdi və buna görə də aparılan tədqiqatların, araşdırmaların nəticələrinin həm ölkə daxilində, həm də ölkədən kənarda aktiv şəkildə yayılmasının vacib olduğunu göstərdi. Türkiyə, Rusiya, Ukrayna və digər ölkələrin alimləri ilə birgə aktual mövzuların işlənməsi, elmi saxtakarlıqların ifşası, tarixi həqiqətlərin üzə çıxarılması işi davamlı olmalıdır.
Tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağı çıxışında yüzillər boyu ermənilərin həyata keçirdikləri saxtakarlıqların kökünün araşdırılması, onların yalanlarının səbəbləri və gələcək mənfur niyyətləri barədə faktları açıb göstərməklə ermənilərin “alimliyinin” ifşasının zəruriliyini qeyd etdi. Bunun üçün isə Azərbaycan tarixinə yeni elmi yanaşma, yeni baxış tələb olunur. Müasir imkanlardan-elektron kitabxanalar, arxiv materialları, qədim xəritələr, müxtəlif nəşrlərdən effektiv istifadə olunmalı, müxtəlif dillərdə informasiya resursları yaradılmalıdır.

BDU-nun tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov “Qafqazın qədim tarixi ilə bağlı erməni saxtakarlığı”, türkoloq Bəxtiyar Tuncay “Albanların dili və ədəbiyyatı”, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi, gənc tədqiqatçı Leyla Babazadə “Albaniyanın siyasi tarixinin əsas problemləri” mövzusunda məruzə etdilər. Məruzələr seminar iştirakçıları tərəfindən maraqla qarşılandı.
Tarix üzrə fəlsəfə doktoru Ramin Əlizadə “Alban Ərsaklar sülaləsinin mənşəyi və Qarabağın qədim əhalisi” adlı məruzə etdi. O qeyd etdi ki, “Birinci Dünya müharibəsi illərində Böyük Britaniyanın Xuzistanda baş konsulu olan P. Sayks “Persiya tarixi” kitabında Parfiya dövlətini yaradan Ərsak sülaləsinin Turan tayfasına mənsub olduğunu və parn adlandığını, həmçinin dahelər kimi tanınan şimal köçərilərinin bir qolu olduğunu qeyd edir. O, e.ə. I minillikdə Yaxın Şərqdə siyasi güclərin ardıcıl olaraq hakimiy¬yət sürmələrinə nəzər salaraq yazır: “Samilər Babil və Aşşur imperiyalarında Midiya və Persiya ariləri güclənənə qədər öz hakimiyyətlərini qoruyub saxlamışdılar. III əsrdə arilər yenidən üstün mövqeyə yiyələnənə qədər isə beş əsr boyunca bir Turan irqinin hakimiyyəti altında idilər”. Burada P. Sayks Turan irqi dedikdə Parfiyanın Ərsaklar sülaləsini nəzərdə tuturdu”.
Məruzələrdən sonra müzakirələr başlandı, məruzəçilərə suallar verildi.
Seminarın işində Beynəlxalq Qarabağ Forumunun üzvləri, ADPU-nun rəhbərliyi, Tarix və Coğrafiya fakültəsinin professor-müəllim heyəti, tələbələr iştirak edirdi. Tələbələrdən Amil Hümbətov, Nabat Əliyeva, Sənubər Bilalzadə, Balağa Gözəlov və başqaları onları maraqlandıran suallarla alimlərə müraqciət etdilər.
Sonda seminar iştirakçıları bu cür elmi seminar və konfransların davam etdirilməsi haqqında qərar qəbul etdilər.

Beynəlxalq Qarabağ Forumunun mətbuat xidməti

Oxşar məqalələr