Qəzənfər ağa Cavanşir (1870-1935)
İbrahimxəlil xanın nəvəsi Münəvvər xanım Cavanşirlə İbrahimxəlil xanın kiçik qardaşı Talıb xanın nəvəsi Nəcəfqulu bəy ailə qurmuşdu. Onların İbrahim, Qəzənfər, Həsən adında uç oğulları və Əfrus adında bir qızları vardı. Nəcəfqulu bəy qoçaqlığı və mərdliyi ilə mahalda ad çıxarmışdı və el arasında “Bığlı Nəcəfqulu” kimi tanınırdı. Ancaq “qabağından yeyən” olmadığı üçün onun düşmənləri də çox idi. Elə bu səbəbdən də gənc yaşında düşmənləri tərəfindən öldürülür və yeniyetməlik yaşında olan uşaqları atasız qalır. Ailənin böyük sıxıntı içərisində yaşamasına rəğmən az sonra üç qardaşdan iki böyüyünü - İbrahimi və Qəzənfəri nəslin adlı-sanlı mesenat xanımı Xurşidbanu Natəvan öz himayəsinə götürür, təlim-tərbiyələri ilə məşğul olur.
Xan qızının sayəsində Qəzənfər ağa dövrünə görə müvafiq təhsil alır və 1894-cü ildə Kizlər (Dağıstan) şəhərində müəllimlik fəaliyyətinə başlayır. Həmin dövrün inqilabi hərəkatına qoşulan Qəzənfər ağanın dünyagörüşü maarifçi-demokrat kimi formalaşır. O, kökü etibarilə hakim nəslə mənsub olsa da haqq-ədalət tərəfdarı idi və cəmiyyətdə inkişafın əsasını xalqın maariflənməsində görürdü.
Təhsili artdıqca, dünyanın bilik xəzinəsinə baş vurduqca, başqa ölkələrdə yetişmiş öncül dünyagörüşə yiyələndikcə gənc Qəzənfər də feodal-patriarxal dünyagörüşündən uzaqlaşır, qabaqcıl burjua-demokratik düşüncəyə sahib olurdu. Bu yeni təfəkkür tərzi isə onu inqilabi hərəkata çəkirdi. Sonralar o, tələbəlik və ilk müəllimlik fəaliyyəti dövründə apardığı inqilabi təbliğat barədə ailəsinə danışarmış.
“Qəzənfər ağa student olan vaxtı hökumətin qadağan etdiyi kağızları oxuyurmuş. Bir dəfə yasovullar onların qaldığı yataqxanaya hücum edəndə oxuduqları vərəqləri gizlətməyə yer tapmayıblar, məcbur olub tikə-tikə edərək öz aralarında bölüşdürüb udublar. Xəfiyyələr studenlərin yataqlarını, kitab-dəftərlərini alt-üst etsələr də heç nə tapmayıb kor-peşman qayıdıb gediblər...” - mən bu əhvalatı ötən əsrin 70-ci illərində Qəzənfər ağanın xanımı Asyabəyimin dilindən qələmə almışam.
Elə həmin illərdə inqilabi ruhun atəşi ilə Qəzənfər ağa Kizlərdə Zeynəb adlı ləzgi gözəlinə aşiq olur və çox keçmədən onunla ailə həyatı qurur. Bir il sonra onun bir qız övladı dünyaya gəlir. Həyatının məqsədini xalqın cəhalətdən qurtulmağı uğrunda azadlıq mübarizəsində görən gənc müəllim övladına Hürriyyət (azadlıq) adı verir.
Ötən əsrin 30cu illərinin əvvəlində Ağdam müəllimləri. 3-cü sırada soldan 5-ci və 6-cı şəxslər: Qəzənfər Cavanşir və Əli Vəliyev
Ötən əsrin əvvəllərində gənc müəllim Azərbaycana qayıdır və maarifçilik ideyalarını Qarabağda həyata keçirməyə başlayır. Onunla Azərbaycana gələn Zeynəb bir müddət sonra öz vətəninə qayıdır, qızı Hürriyyət atası ilə qalır. Bir müddət sonra, 1906-cı ildə Qəzənfər dayısı qızı Asyabəyimlə evlənir və bu nikahdan 3 oğlu, iki qızı doğulur.
Vətəndə ictimai fəaliyyətini daha da genişləndirmək arzusunda olan gənc ziyalı həyatına Zəngişalı kəndində maarifçilik islahatı ilə başlayır. O, dayısının (həm də qaynatasının) 12 otaqlı malikanəsinin qonaqlar üçün nəzərdə tutulmuş 72 kv.metrlik böyük otaqda kasıb balaları üçün məktəb açır. Bir sinifdən ibarət olan məktəbdə oxumaq arzusunda olan kasıb balaları təhsil alır. Şagirdlərin pal-paltarı, dəftər-qələm ləvazimatı ağanın hesabına alınır. Hətta hər gün uşaqlara günorta yeməyi verilir. Həmin şagirdlərdən sovet dövründə təhsilini davam etdirib vəzifə əldə edənlər çox olub. Onlar haqqında hələlik məlumat toplamaq mümkün olmayıb. Ancaq sonralar kolxozda çalışıb Sosialist Əməyi Qəhrəmanı adını alan Turab kişinin adı bəllidir. Turab kişi ötən əsrin sonlarına qədər Ağdamda yaşayırdı. Daha sonralar Azərbaycanın müstəqilliyi uğrunda genişlənən azadlıq hərəkatına qoşulan Qəzənfər ağa Cavanşir Musavat Partiyasına üzv yazılır. Azərbaycan Demokratik Cumhuriyyətinin (1918-1920-ci illər) 23 aylıq həyatında o, maarifçilik fəaliyyətini uğurla davam etdirir. Lakin bolşeviklər Azərbaycanı “azadlıq” şüarı altında işğal edəndən sonra vəziyyət xeyli dərəcədə dəyişir. Özlərini “fəhlə-kəndli hakimiyyəti” adı ilə korazehin bir statusda təqdim edən şura hökuməti ölkədə əsrlər boyu qazanılmış zəngin “ziyalı və kübar” irsi məhv edir, bu irsin daşıyıcılarının vətəni tərk etməsinə rəvac verir.
Qəzənfər Cavanşir müalicə aldığı Kislovodskda həmkarları ilə birlikdə (ayaqüstə soldan 6-cı)
Bu dövrdə Azərbaycanın bütün adlı-sanlı kübar ailələri kimi Cavanşir nəslinin də sanballı nümayəndələrinin əksəriyyətı Türkiyə, İran, ABŞ və Avropaya mühacirət etmək məcburiyyətində qalır. Bir çoxları isə soyadlarını dəyişməklə haqsız cəzalardan qurtulmağa çalışırlar.
Bolşeviklər (oxu: işğalçılar) Qəzənfər ağaya “toxunmurlar”. Yalnız onun varisliklə qazandığı torpaqlarını və maddi sərvətini əlindən alırlar. Keçmiş irsə nifrət ruhu altında keçən oktyabr çevrilişinin dağıdıcı dalğasının təsiri tezliklə ailəni kasıblaşdırır. “Ağalıq” adlanan 10 hektarlıq bağ əllərindən alınaraq kolxoza verilir. Bir neçə onillikdən (1959-cu ildə) sonra isə o vaxtlar kolxoz sədri işləmiş adam şəxsi mənafeyinə görə kolxozun idarə heyətinin qərarını verdirib, malikanəni sökdürür.
Qəzənfər ağa ailəsi üçün Ağdama az qala bitişik Muradbəyli kəndində, vaxtilə Xan qızı Natəvanın çəkdirdiyi və suyunu dağ çeşmələrindən götürən məşhur kəhrizin yaxınlığında ev tikdirir. Var-dövlət sarıdan gözütox olan ailəyə bu itki ciddi təbəddülat yaratmır. Etnik baxımdan türk millətinin və bütövlükdə Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin formalaşmasında öz fədakar əməkləri ilə şöhrətlənən bir sülalənin davamçısı olaraq Qəzənfər ağa və arvadı Asyabəyim öz qabiliyyətlərinə güvənən insanlar idi və hər problemə yüksək təfəkkür tərzilə yanaşırdılar. Bütün çətinliklərə rəğmən Qəzənfər ağa müəllimlik fəaliyyətini daha da genişləndirir. Qusarda, Şıxbabalı, Çəmənli, Güllücə kəndlərində müəllim işləyir.
Ötən əsrin 20-30-cu illərində Ağdamda 3 məşhur müəllim vardı: Qəzənfər ağa Cavanşir, Yəhya Şeyda və İsmayıl bəy. Q. Cavanşir xalqın maariflənməsi işində öz ideallarına sadiq idi. Elm, təhsil və tərbiyənin insan şəxsiyyətinin ali mərtəbəyə yüksəlməsində, habelə cəmiyyətin özünün inkişafında mühüm rol oynadığını başlıca amil olaraq görənlərdən biri kimi Qəzənfər ağa xalqın savadlanması, uşaqların məktəblərə cəlb olunması üçün əlindən gələni edirdi. Azad düşüncə yolunda onun ictimai fəallığı da yüksək idi.
1935-ci ildə ailədə sonbeşik olan qız dünyaya gəlir. Qəzənfər ağa adını Lətafət qoyur. Bu dövr Azərbaycanın hər yerində C.Cabbarlının “Sevil” pyesi qadın azadlığının carçısı kimi tamaşaya qoyulurdu. Təsadüfən Lətafətin 3 aylığı tamam olan gün Ağdamda “Sevil” tamaşasının rayon ictimaiyyəti tərəfindən “Mədəniyyət evi”ndə geniş müzakirəsi olur. İclasda o vaxt Agdam rayon qəzetinin redaktoru işləyən yazıçı Əli Vəliyev və rayonun maarifçiləri, o cümlədən Qəzənfər Cavanşirov da iştirak edirlər. Tamaşanın təsir gücünü kütlələrə aşılamaq, qadınların daha cəsarətlə ictimai həyata qoşulmasına rəvac vermək üçün Qəzənfər ağa öz çıxışında dünyaya yeni göz açmış qızı barədə məlumat verir və bildirir ki, “bu gündən etibarən mən qızımın adını dəyişərək Sevil qoyuram” və o, hamını çadranı ataraq ictimai fəallığa çağırır.
Ailəyə daha güclü zərbə 30-cu illər repressiyasının qızğın çağında vurulur. Qəzənfər ağanın keçmiş musavatçı olması, tarixi həqiqətləri saxtalaşdırmayaraq türkçülük ənənələrini davam etdirməsi “qırmızı kommunistlər” imperiyasının irticasına tuş gəlir. Əski kübar cəmiyyətinin əsilzadələrinə və quruculuq dalğası fonunda yetişmiş milli intibah simalarına “pantürkist” damğası vurularaq qazamata salınmaları, sorğu-sualsız Sibirə sürgün edilmələri onun milli ləyaqətinin çərçivələrini titrədir, azadlıq haqqında düşüncələrini sarsıdırdı. Bu səbəbdən onun ürəyi zəifləyir və ciddi xəstələnir.
“Hər axşam emadin (M-1 modifikasiyalı “Moskviç” markalı avtomobil-müəl.) maşınlarında gələn qara meşin kurtkalı NKVD-çilər məhəlləmizdən bir nəfəri tutub aparırdılar. Biz qorxumuzdan işıqları söndürüb pərdəni azacıq aralayaraq baş verənləri təşvişlə seyr edərdik. Dəhşətdən bütün vücudumuz lərzəyə gələrdi. Aparılanların sırası bizim evə yaxınlaşırdı. Bilirdik ki, NKVD-nin qapımızı döyməsinə lap az qalıb. Qəzənfər ağa bizə ürək-dirək versə də, özünün səhhəti gündən-günə ağırlaşırdı. Bir gün qapıbir qonşumuzu da apardılar. Biz həyəcan içərisində növbəti axşamı gözləyirdik, növbəmizin çatdığını hiss edirdik” bu fikirləri də Asyabəyimin dilindən dinləmişəm və o, ötən əsrin 70-ci illərində bu əhvalatları danaşan zaman həmişə gözləri qapı-pəncərədə olardı ki, birdən eşidib-bilən olar.
Səhərisi gün NKVD Qəzənfər ağanın evinə gəlir. Amma gecə vaxtı yox, səhər ertədən, çünki gecə yarısı mənəvi təzyiqlərin təbəddülatına dözməyən Qəzənfər müəllimin ürəyi partlayır.
Qəzəbnfər Cavanşirin dəfni
Kübar cəmiyyətin qaydalarına uyğun olaraq ailə özünü sındırmır, məsələni açıb-ağartmır, lap acıb-ağartsa belə bunun faydasız, bəlkə də daha təhlükəli olduğunu anlayır. Mərhumun xalq arasında “qarayara” adlanan Sibir xorasından vəfat etdiyi bildirilir. Hökumət üçün də bu versiya tamamilə məqbul sayılır. Qəzənfər ağa maarifçi-vətənpərvər kimi hökumət tərəfindən təmtəraqla dəfn olunur. Onun məzarı üçün Cavanşir nəslinin ən görkəmli nümayəndələrindən Pənahəli xanın və Xurşidbanu Natəvanın basdırıldığı “İmarət” adlı bağda (Xanlıq dövrünün Fəxri xiyabanında) yer seçilir. Ancaq tezliklə də büsbütün unudulur, “İmarət”də olan digər qəbirlər kimi onun da qəbri dağılır, (oxu:dağıdılıb) itirilir. Ermənilərin Qarabağı işğalda saxladıqları müddətdə isə (1993-2020-ci illər) İmarət xarabalığa çevrilir.
Qəzənfər Cavanşırın ölüm səbəbi barədə indiyədək qeyri-müəyyənlik vardı. Erməni işğalı zamanı Ağdamın arxivi büsbütün məhv edildiyindən onun həyat və fəaliyyəti haqda heç bir sənəd əldə etmək mümkün olmayıb. Bütün yazılanlar isə ailə üzvlərinin dedikləri əsasında qələmə alınıb. Lakin bu yaxınlarda yenə də ailə arxivindən tapılmış bir fotoşəkil Qəzənfər ağanın həqiqətən ürəktutmasından vəfat etdiyini təsdiqləyir. Belə ki, ötən əsrin 30-cu illərinə aid olan foto Q.Cavanşırin Şimali Qafqazdakı Kislovodsk kurort şəhərində ürək xəstəliyindən müalicə olunduğu vaxt digər pasiyentlərlə birlikdə çəkilib. Şəkil onun ürək xəstəliyindən əziyyət çəkdiyini və bu səbəbdən ölməsi versiyasını təsdiqləyir.
Ötən əsrin 80-ci illərinin axırında – mənəvi özünəqayıdış dövründə Pənahəli xanla Xurşidbanu Natəvanın qəbirüstü abidələri hökumət tərəfindən bərpa olunur. Qəzənfər ağanın övladları, nəvələri onun qəbrini tapıb bərpa etmək üçün axtarışlara başlayırlar. Təəssüf ki, qəbir tamamilə itdiyindən axtarışlar xeyli genişlənir, arxivlərə müraciət olunur. Lakin yenə də Rusiya imperiyasının təhrikçiliyi ilə ermənilərin Qarabağı işğal etməsi axtarışları yarımçıq qoyur.
Ümid edirik ki, Vətən Müharibəsində qazahılmış Zəfərdən sonra yenidən qurulan Ağdam şəhərindəki İmarətdə (fəxri xiyabanda) aparılan bərpa işləri zamanı Azərbaycan tarixinin görkəmli siması Pənahəli xanın şəcərəsinə daxil olan Qəzənfər Cavanşırın də xatirəsi diqqətə alınacaq, sadəcə, onun qəbrinin həmin məkanda olması xatirə lövhəsində qeyd ediləcəkdir.
Novruz Novruzov
jurnalist