AXTAR

"AĞDAM, ŞUŞA, QARABAĞ..." DEYƏ-DEYƏ DÜNYADAN KÖÇƏN FAMİL MEHDİ...

famil mehdi

Famil Mehdi Ağdam, Şuşa, Qarabağ... deyə-deyə getdi Haqq dünyasına! Amma inanıram ki, bu gün ruhu şaddır, çünki Ağdam da, Şuşa da... azaddır! Azadlıq aşiqi Famil Mehdinin bu gün ad günüdür! Allah rəhmət eləsin!
Bir dəfə yas yerindən çıxdıq, Famil müəllim, "Ədalət"in baş redaktor müavini Nazim Ağamirov və mən... (Tez-tez redaksiyaya gələrdi. O vaxt dillər əzbəri olan "Dilən, professor, dilən!" şeirini "Təzadlar"da dərc etmişdik...). Ərkiyana zarafatımız vardı, dedim, professor, gəlin bu dəfə də sizi evəcən pulsuz aparım... Gəldik, Yasamalda Şərifzadə küçəsinə, indiki ASAN Xidmətin yanına. Dedim, Famil müəllim, küçənizi tanımıram, istiqaməti deyin... Dedi sağa sür... Sonra bir də dedim ki, indi hara sürüm maşını? Dedi, sola... Üçüncü dəfə bir də dedim, indi hara? Təəccüblə dedi, "Əəə, sən bizim evi tanımırsan ki?" Mən də yumor hissi ilə dedim: "Yoldaş professor, böyük şair, sizi tanımaq mənim borcumdur, sizin evinizi tanımaq isə sizin borcunuzdur...". O qədər güldü... Gəldik beşmərtəbəli evin həyətinə, xudahafizləşəndə, dedi, yox, mən nəinki tənqidi sevənəm, həm də tənqiddən nəticə çıxardanam, gedirik evə... Nə qədər çalışsaq da əl çəkmədi, dedi, sən öl qalxmasanız, bu həyətdə qan düşər... Bu dəfədə məqamı gəldi deyə, yenə zarafata saldım ki, bəlkə bizi sərbəst buraxa. Əlindən tutdum, dedim, Famil müəllim, qan Qarabağda tökülməlidi, amma hələki burda tökülür... Bunu deyib, həyətin o biri başında qoyun kəsən qəssabı göstərdim... Qoyunun qanı yerlə bir idi... Güldü, amma inadkarlığından dönmədi, bizi mənzilinə dəvət etdi. Sözündən çıxmadıq, amma sözümdən də qalmadım. Dedim, Famil müəllim, kaş sizin bu inadkarlığınız külli Qarabağ camaatında ola, inadkarlıq edib iki ayağlnı bir başmağa dirəyib deyə ki, biz niyə Ali Baş Komandanın əmrini gözləyirik, gedirik qoyub gəldiyimiz dədə-baba evimizə... Famil müəllim də zarafatından qalmadı: "Məni yumşaltma, qalxırıq ən azından hələlik kəklikotulu çayı içib sonra Allah verəndən yeməyə..."
Allah Famil müəllimə və Nazim Ağamirova rəhmət eləsin! Hər ikisi Ağdamın dəyərli ziyalılarından idi...

Asif MƏRZİLİ

"Təzadlar"

25 dekabr 2021-ci il.

Oxşar məqalələr