AXTAR

Rusiyanın Qarabağ planının əsl üzü məlum oldu

ermenistan

 

Status-kvonun zahirini dəyişib, mahiyyətini saxlamaq məkrli niyyətdir
“Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması ən vacib arqumentdir” - bunu Azərbaycanda səfərdə olan rusiyalı filosof və politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu məsələdə ən vacibi odur ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Politoloqun sözlərinə görə, əgər tərəflər işğal edilmiş beş rayonun tezliklə Azərbaycana qaytarılması ilə bağlı razılığa gəlsələr, bu, Rusiya-Azərbaycan əməkdaşlığında çox vacib məqam olacaq.
“Qarabağın özü və qalan iki rayonla bağlı vəziyyət isə daha mürəkkəbdir və daha çox vaxt tələb edə bilər”-deyə, Duqin mülahizələrini irəli sürüb. Onun dediyinə görə, Ermənistanda hesab edilir ki, rayonların bu ardıcıllıqla qaytarılması ilə bağılı fikirlər əslində Kremlin mövqeyidir və Duqinin dilindən səsləndirilir. Erməni ekspert Qalust Qriqoryan bu xüsusda son vaxtlar Rusiyadan Azərbaycana çoxsaylı nümayəndələrin getdiyini bildirir: “Vladimir Jirinoviski, Vladimir Solovyev, ardınca da Duqin. Duqinin səfəri Rusiyanın anti-Ermənistan davranışının son damlası oldu”.
Erməni ekspert qeyd edib ki, Duqinin Bakı səfəri Rusiya və Azərbaycanın Qarabağ məsələsində anlaşdığını göstərir. “Duqinin səfəri sübut edir ki, Bakı və Moskva pərdəarxasında Qarabağla bağlı razılığa gəlib. İndiyə qədər bununla bağlı çoxsaylı nümunələr, fikirlər var idi. Lakin bu səfər heç nəyə şübhə yeri qoymadı”, - deyə Qriqoryan vurğulayır.
Kreml politoloqunun fikirlərində ziddiyyətlər özünü açıq göstərir. Əvvələn, 5 rayonun qaytarılması ideyasının mövcudluğu çoxdan stol üzərindədir. Amma sual olunur: niyə 5 rayon, 12 yox? Axı, bütövlükdə Ermənistan ordusu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 5 rayonunu və vilayətin ətrafındakı 7 rayonu işğal ediblər. Azərbaycanın beynəlxalq miqyasda təsbit olunmuş ərazisinə məhz bu 12 rayon da daxildir və bizim ərazinin bütövlüyündən danışanda məhz bu faktlar nəzərdə tutulur. Yox, əgər, rus politoloq 5 rayonun qaytarılmasından danışırsa, bu həqiqətən Kremlin planını təcəssüm etdirə bilər.
Məlumdur ki, status-kvonun saxlanması Moskvanın maraqlarına cavab verir. Lakin Azərbaycanın qətiyyəti və regionda baş verən proseslərdə əsas rol oynaması, habelə Cənubi Qafqazın şəriksiz liderinə çevrilməsi Rusiyanın eləı strateji maraqlarını qoruyub saxlamaq üçün hansısa addımlar atılmasını qaçılmaz edir. Bu mənada Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsi yolunda Kremlin hansısa hərəkət edəcəyi məntiqidir. Üstəlik, 5 rayonun qaytarılması və digər iki rayonun və Dağlıq Qarabağın daha uzun müddətə işğalda qalması elə status-kvonun saxlanılması anlamına gəlir. 25 ildir ki, torpaqlarımız işğaldadır. Bundan sonra daha 25, bəlkə də 50 il Dağlıq Qarabağın və əlavə 2 rayonun işğalda qalması nə deməkdir? Axı, 5 rayon qaytarılandan sonra Azərbaycandan və Türkiyədən tələb olunacaq ki, Ermənistanla sərhədlər açılsın, münasibətlər normallaşdırılsın vəsairə. Bununla da Azərbaycanın mübarizə aparmaq imkanları da məhdudlaşacaq. Digər tərəfdən, ermənilərin məqsədi elə bu deyildimi?
Qarabağ münaqişəsinin həlli yolunda Rusiyanın hansısa addımlar atmaq istəyi hiss olunur. 5 rayonun qaytarılması isə Azərbaycandan başqa bütün tərəflərin marağına cavab verir. Qərb də bu təklifə ikiəlli razılıq verər, çünki istəkləri budur.
Azərbaycan uzun müddətdir ki, baş da dövlət başçısı olmaqla müharibə və mübarizə aparır. Azərbaycan siyasi oyunlar üçün yox, torpaqlarının qaytarılması uğrunda vuruşur. İlkin mərhələdə 7 rayonun qaytarılması və sonrakı mərhələlərdə digər məsələlərin həll olunması Prezident İlham Əliyev tərəfindən dəfələrlə aydın şəkildə bəyan olunub. Buna görə də politoloqların mülahizələrinə yox, dövlət rəhbərlərinin qərarlarına baxmaq lazımdır.

İKSmedia.az

Oxşar məqalələr