AXTAR

9 May faşizm üzərində Qələbə günüdür

qelebe gunu


78 il əvvəl faşizm üzərində qazanılan qələbədə Azərbaycanın payı böyükdür. Milyonlarla insanın həyatına son qoyan II Dünya müharibəsini faşistlər başlamışdılar. Onların qəddar ideologiyası bütün digər ideoloji dünyagörüşlərini öz hökmranlıqları altına salmaq idi. Bəşəriyyətin nə vaxtsa yaşamış olduğu quldarlıq cəmiyyətinin bərqərar olmasına heç bir xalq, heç bir millət razı ola bilməzdi. Buna görə də faşizmə qarşı mübarzədə dünyanın əksər dövlətləri səylərini birləşdirdilər.
Dünya müharibəsi çətin və ağır oldu. Milyonlarla insanın həyatına son qoyuldu. Şəhərlər, kəndlər, bütöv ölkələr viran qaldı, sənaye, kənd təsərrüfatı, zavod və fabriklər yerlə yeksan oldu. Müharibənin əsas ağırlığı ovaxtkı Sovetlər İttifaqının üzərinə düşdü. Azərbaycan bu ittifaqın zorla üzvü edilsə də, faşizmin mürtəce mahiyyətini dərindən dərk etdi və onun məhvi uğrunda mübarizədə inamla iştirak etdi.
Azərbaycan xalqının ümumilikdə 600 mindən çox oğul və qızı 1941-1945-cı illərdə İkinci Dünya müharibəsində iştirak edib. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında Bakı nefti həlledici rol oynayıb. Bütün çətinliklərə rəğmən, neftçilərimiz İkinci Dünya müharibəsi dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayeni yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-1945-ci illərdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verilib. 300-dən artıq mühüm ixtira işlənib və istehsalata tətbiq olunub. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri sovetlər birliyinə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. O vaxt hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Sovet İttifaqı Marşalı F.İ.Tolbuxin deyirdi: “Qızıl Ordu qazandığı çoxlu qələbələrinə, hücum edən hissələrə vaxtlı-vaxtında keyfiyyətli yanacaq göndərdiyinə görə Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında borcludur. Stalinqrad ətrafında, Donda, Donbasda, Dneprin, Dnestrin sahillərində, Belqradda, Budapeştdə, Vyanada Azərbaycan neftçilərini minnətdarlıqla xatırlayan bizim cəbhənin döyüşçüləri neft Bakısının cəsur zəhmətkeşlərini salamlayırlar”.
Bəli, möhtəşəm qələbədə Azərbaycanın sanballı əməyi olub və buna görə də Qələbə gününün bayram edilməsi Azərbaycan xalqının haqqıdır.
Bu gün xalqımız baş qaldıran daha bir mənfur ideologiyaya- erməni faşizminə qarşı mübarizənin baş qərhəmanıdır. Bəşəriyyətin sülhə və əmin-amanlığa doğru irəlilədiyi indiki zamanda torpaqlarımızı işğal edib, xalqımızı köləyə çevirmək istəyən erməni faşizminin beli 44 günlük Vətən müharibəsində qazandığımız zəfərlə birdəfəlik sındırıldı. Lakin mübarizə davam edir, çünki insanlığa düşmən olan bu mənfur ideologiya hələ tam məhv edilməyib. Bu mübarizənin də önündə Azərbaycan gedir və tam qələbəyə çox qalmayıb.
Qələbə bayramınız mübarək, əziz Azərbaycan xalqı!
Var olsun dünyada sülh və əmin-amanlıq!
Novruz Novruzov
AzVP-nin Siyasi Şurasının sədri

Oxşar məqalələr