AXTAR

Gözlənilməz zəng unudulmuş xəbəri xatırlatdı və məlum oldu ki...

20230303 203256
Martın 3-də, günortadan sonra telefonumun kontaktında olmayan nömrədən gələn zəng ölkəmizdə sosial müdafiə sahəsində olan biabırçı bir faktın üstünü açdı.
-Mən Bərdədən zəng edirəm, Lək kəndindən. Siz saytda bir məlumat yazmısınız, amma bu, yalandır – deyə, tanımadığım şəxs narazılıqla bildirdi.
-Nə yazmışıq ki...?
-Yazmısınız ki, sosial müdafiə nazirliyi şəhid Asif Abışovun ailəsinə ev tikib verib. Amma bu, belə deyil, evi şəhidin atası 1992-ci ildə öz pulu ilə tikib.
-Düzü, xatırlamıram, hansı tarixdədir o xəbər?
-Çoxdanın xəbəridir, təxminən 2 il əvvəlin. Amma o vaxtdan nazirlik ilə xeyli söz-söhbətimiz olub. Buna görə indi zəng edib deyirik ki, məlumat yalandır, nazirlik şəhidin ailəsinə heç bir ev-filan tikməyib.
-Amma biz özümüzdən elə bir xəbər yazmarıq, bunun bir mənbəyi var.

shehid evi

-Biz də anklayırıq ki, siz bizi tanımaya-tanımaya elə bir xəbəri özünüzdən necə yaza bilərsiniz. Nazirlik bu xəbəri özü yayıb, indi isə danır, deyir ki, xəbəri yayan sayt öz reytinqini qaldırmaq üçün belə yalan informasiyalar yayır. Hətta deyirlər ki, o cür saytlar erməni saytlarıdır, aranı qarışdırırlar.
-Yaxşı, biz araşdırarıq, anlaşılmazlığa görə sizdən üzr istəyirik, təkzib verərik.
Müsahibimizlə danışıq qurtaran kimi, saytımızın səhifələrini araşdırdıq və məlum oldu ki, həqiqətən belə bir xəbər 21 iyun 2021-ci ildə saytda gedib. “Bərdədə şəhid ailəsi üçün fərdi ev tikilib” sərlövhəli xəbərin məzmunu belədir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial tərəfdaşın dəstəyi ilə Vətən müharibəsinin şəhidi Asif Əlövsət oğlu Abışovun ailəsi üçün də fərdi yaşayış evi inşa etdirilərək təqdim edilib.
Bərdə rayonunun Lək kəndində yaşayan ailənin mənzil şəraiti nəzərə alınaraq, sosial tərəfdaş vasitəsilə ailə üçün ev tikintisi qərara alınmışdı. Tikinti işləri zamanı ailə üzvlərinin istək və təklifləri nəzərə alınmaqla, ev müasir tələblərə uyğun şəkildə tikilərək, tam təmirli halda ailənin istifadəsinə verilib.
Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya, fərdi yaşayış evi ilə təmin edlmələrinə görə minnətdarlıqlarını ifadə ediblər.
Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda savaşlarda şərəfli döyüş yolu keçən Asif Abışov Xocəvənd rayonu istiqamətində gedən döyüşlərdə 6 noyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə yüksəlib”.
Etiraf etməliyəm ki, “iksmedia.az” populyar sayt deyil. Ümumiyyətlə, bu tipli xəbərlər saytda ara-sıra dərc olunur. Yalnız şəhid xatirəsinə hörmət əlaməti olaraq dövlətin müharibə iştirakçılarına və canlarını torpaq yolunda qurban vermiş insanların ailələrinə göstərilən qayğının təbliği məqsədilə hərdən bu tip xəbərlərə yer verilir. Ancaq, əlavə işçi qüvvəsi olmadığı üçün xəbərlər mənbədən yox, belə demək mümkünsə, “ikinci əl”dən götürülür. Buna görə də xəbərin başlığını internetdə axtarışa verdik və dərhal aydınlaşdı ki, həmin xəbərin əslini “report.az” saytı dərc edib. ( https://report.az/sosial-mudafie/berdede-sehid-ailesi-ucun-ferdi-ev-tikilib/) Təbii ki, Sosial Müdafiə Nazirliyinə istinadən. Bu da ona dəlalət edir ki, nazirlik həqiqətən belə bir informasiya yayıb.
Düşünmək olar ki, dövlətin sosial siyasətinin gurluğu fonunda nazirlikdə kimsə məlumatları səhv salıb. Buna görə, sadəcə, üzr istəmək, təkzib vermək ən məqbul yoldur. Nədənsə, nazirlik bu sadə yoldan çəkinib. Görünür, məsələnin görünməyən tərəfi var. Şübhə doğuran məqam, məhz, şəhidin atasının tikdiyi evin şəklinin də xəbərə əlavə olunmasıdır. Bu, məqsədyönlü həyata keçirilən məkrli niyyət üzrə aşkar faktdır. Üstəlik, “report.az” geniş imkanlara malik agentlikdir və məlumatları səhih olur. Digər bir fakt odur ki, əlimizdə rəsmi sənəd olmasa da, arada “70 min manat” söhbəti də olub. Yəni, guya nazirlik adı çəkilən evin tikintisinə bu məbləğdə pul vəsaiti xərcləyib. Demək, daha yuxarı instansiyaya verilən hesabatda bu fakt da əks oluna bilər. Təbii ki, belə olan halda yeni sual yaranır: Fakt budur ki, həmin evi nazirlik tikməyib, bəs, onda 70 min hara xərclənib? Çünki, ortada pul söhbəti, hesabat məsələsi olmasaydı, mətbuata saxta xəbər sızdırılmazdı.

Şəhid ailəsi dövlətdən, ailəyə göstərilən sosial qayğıdan razılıq edir. Ancaq şəhid övladın adından sui-istifadəni qəbul etmir. Şəhidin haqqına girmək, ruhunu incitmək olmaz. Ümid edirik ki, Sosial Müdafiə Nazirliyinin müvafiq şöbəsi məsələ barədə hökumətə verdiyi rəsmi hesabatdan çıxarışı ictimailəşdirəcək və əgər işdə cinayət tərkibi yoxdursa, şəhidimizin anası İsbət Hətəmovadan “ananın qəlbini qırdığı, yarasının qaysağını qopardığı üçün” üzr istəyəcək. Əks halda, hüquq-mühafizə orqanları işə qarışa bilərlər. Axı, dövlətin pulunu mənimsəmək üçün şəhid adından sui-istifadə edənlər haqda cəmiyyətdə kifayət qədər məlumatlar dolaşır.
P.S. Daha bir nüans. Şəhid Asif Abışovun ailəsi Sosial Müdafiə Nazirliyinə iradını bildirəndə oradan aciz bəhanələr eşidiblər: “Bəzi saytlar reytinqlərini qaldırmaq üçün yalan məlumatlar dərc edirlər, bu saytlar erməni saytlarıdır” - deyə, nazirlikdən kimsə özlərini təmizə çıxarmağa çalışıb. Vətəndaşların haqqına girib islahat adı ilə pensiyaların başına oyun açan bir qurumdan bundan artıq nə gözləmək olar.
İksmedia.az

Oxşar məqalələr