Mayın 25-də ABŞ-ın Minneapolis şəhərində polis silahsız qaradərili vətəndaş Con Floydu həbs edərkən kobud davranaraq həmin şəxsi öldürüb. Bu səbəbdən əvvəl həmin şəhərdə, daha sonra isə bütün ölkədə etiraz mitinqləri başlayıb. Aksiyanı işıqlandıran media nümayəndələri baş verən hadisələr fonunda ciddi təzyiqlərə məruz qalıb, mənəvi və fiziki zədələr alıblar. Onların peşə fəaliyyətinə polislər və nümayişçilər tərəfindən əsassız müdaxilələr baş verib. Bu haqda “Sərhədsiz reportyorlar” təşkilatının yaydığı bəyanatda bildirilir.
Bir neçə gün ərzində etirazları işıqlandıran jurnalistlərə qarşı polis və nümayişçilər tərəfindən ən az 68 hücum hadisəsi qeydə alınıb. İnformasiya işçilərinə rezin güllələr və bibər qazı balonları atılıb, gözyaşardıcı qaz püskürdülüb. Jurnalistlər açıq şəkildə döyülüb, təhdid edilib, qorxudulub və sadəcə peşə vəzifələrini yerinə yetirdikləri zaman nəqliyyat vasitələri viran edilib.
Bəyanatda deyilir ki, Donald Trumpın illərdir media bəslədiyi demonizasiya (düşmən münasibət-red.) indi öz bəhrəsini verməkdədir: həm polis, həm də nümayişçilər jurnalistlərə hücum edir, birincisi həbslərlə, ikincisi şiddətlə. SR mediaya bu açıq düşmənçiliyi ABŞ-da jurnalistlərə qarşı misli görünməmiş zorakılıq hadisəsi adlandırır.
Jurnalistlərə qarşı törədilən zorakılığın əsas fəsadları :
Minneapolisdə polisin atdığı rezin güllədən müstəqil jurnalist Linda Tirado bir gözünü ömürlük itirib.
Pitsburqda jurnalist qadın İen Smit Twitter səhifəsində yazıb: “Şəhərin mərkəzində etirazçılar mənə hücum edib döydülər, kameramı sındırdılar. Etirazçıların başqa bir qrupu məni qəzəblənmiş kütlənin əlindən qurtardı. Sağ qalsam da, tamam qan içindəyəm”.
Finiksdə CBS-in reportyoru Brian Uitni birbaşa yayımda hücuma məruz qalıb, belə ki, etirazçılar ona hücum edərək mikrofonu əlindən almaq istəyiblər.
Vaşinqtonda Fox News-un reportyoru Leland Vittert və komandası Ağ Evin qarşısında polisin atdığı güllələr və etirazçıların hücumlarına tuş gəliblər
“Sərhədsiz reportyorlar” ABŞ hakimiyyətini mətbuat azadlığının təməl prinsiplərini qorumağa, jurnalistlərin həbsinə moratorium qoymağa, jurnalistlərin həm polislərdən, həm də hümayişçilərin hücumlarından qorumaq üçün pilislərin təlimatlandırılmasına çağırıb.
İKSmedia.az