— Yəhudiləri xilas edib, alman generalını əsir götürən Azərbaycan kəşfiyyatçısı
Almaniya Sovet İttifaqına qarşı müharibəyə 22 iyun 1941-ci ildə başladı
Alman komandanlığı Bakı neftinə xüsusi önəm verirdi və Qafqaz uğrunda vuruşlarda əsas məqsəd Bakı üzərində nəzarəti ələ keçirmək idi. Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı əsas yer tuturdu.
Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin "A" qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. "Ost" planına görə, Bakı 1941-ci il sentyabrın sonuna qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər.
Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı.
1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi.
1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək insan səfərbər edilib cəbhəyə göndərildi.
Müharibə dövründə Azərbaycan kəşfiyyatçıları xüsusilə fərqləniblər. Çoxsaylı kəşfiyyat məlumatları və əməliyyatlar ümumi gedişata müsbət təsir göstərib. Bu gün Ölkə.Az ikinci dünya müharibəsində azərbaycanlı kəşfiyyatçının yəhudi balalarını necə xilas etməsini oxucuları ilə bölüşəcək.
Bu barədə Arye Qut məlumat verib. Azərbaycana BMT-nin Qlobal Forumu çərçivəsində səfər edən Arye azərbaycanlı kəşfiyyatçının oğlu ilə tanış olub. Həmzə Cümşüd oğlu Sadıqov İkinci Dünya Müharibəsi dövründə “Sadıqaşvili” adı ilə kəşfiyyatçılıq edib. Həmzə sovet hərbi kəşfiyyatının tərkibində fəaliyyət göstərib və Stalinqrad ətrafında Hitlerin yaxın adamı general İohann Fon Roddenburqu əsir götürüb. İohann xüsusi amansızlığına görə seçilirdi və yəhudiləri şəxsən özü öldürürdü.
Məhz azərbaycanlı kəşfiyyatçının cəsarət və igidliyi sayəsində onlarla yəhudi ailəsi ölümdən xilas olub.
“SMERŞ” bölüyünün polkovniki Abram Ratner şəxsi gündəliyində bu barədə qeydlər aparıb. Onun yazdığına əsasən, Stalinqrad ətrafında döyüşlər vaxtı “Sadıqaşvili” arasında Abramın da qohumları olan onlarla yəhudi ailəsini azad edib. Bu barədə Daxili İşlər Xalq Komissarlarının xüsusi bülletenində məlumat var.
SSRİ KQB-sinin polkovniki Serebyanskiy Yakov şəxsi arxivində qeyd edir ki, yəhudi xalqının mənfur düşməni general Fon Roddenburqun əsir götürülməsi və onun hərbi tribunala təhvil verilməsi vacib hadisə idi: “Bu alman generalın əsir götürülməsi, yəhudi ailələrin Həmzə Cümşüd oğlu Sadıqovun sayəsində azad edilməsi xəbərini eşidəndə çox sevindim”.
“SMERŞ” dəstəsinin yerli bölməsinə ünvanlanan məktubda kapitan Şuvalov yazırdı ki, alman generalın əmri ilə gücləndirilmiş mühafizə altında yəhudiləri saxlamaq üçün xüsusi bina yaradılmışdı: “Onlar yəhudiləri təhqir edir, aşağılayır və güllələyirdilər. Onların yeganə məqsədi yəhudi uşaqlarını məhv etmək idi. Amma Sadıqaşvili zirzəmidə olan əsirləri xilas etdi və ikinci mərtəbəyə qalxaraq general Fon Roddenburqa hücum etdi və onu əsir götürdü”. Şuvalov sovet kəşfiyyatının zabiti idi.
Arxiv sənədlərində Tehran konfransının təhlükəsizliyinə görə məsuliyyət daşıyan kəşfiyyat polkovniki Vladimir Vertiporıx tərəfindən imzalanmış maraqlı məlumat var. Məlumatda deyilir: “1948-ci ildə İsrailə ezam olundum. Müharibənin başa çatmasından 3 il ötsə də, İsrail mətbuatı müharibədə həlak olan və itkin düşən həmvətənlilərini axtarırdı. General Fon Roddenburqun yəhudi ailələrinə qarşı etdiyi dəhşətli işgəncələr barədə məqalələr dərc edilirdi. Stalinqrad cəbhəsində yəhudi ailələrini xilas edən Həmzə Cümşüd oğlu Sadıqovun adı xüsusi ehtiram və hörmətlə çəkilirdi”.
1943-cü ilin 4 oktyabr tarixində yüksək rütbəli zabitlərin toplantısında çıxış edən general mayor Tavartkiladze qeyd edir ki, 76-cı diviziyanın komandiri general Fon Roddenburq yəhudi ailələrini əsir götürərək dəhşətli işgəncələrə məruz qoyurdu. Amma 51-ci moto atıcı diviziyanın zabiti Həmzə Sadıqov şəxsən 25 alman əsgər və zabitini məhv edərək onlarla yəhudi uşağı ölümdən xilas edib və eyni zamanda generalı əsir götürüb.
Mariya Fortus uzun müddət sovet kəşfiyyat və əks-kəşfiyyatında işləyib. O, Həmzə Sadıqovu xatırlayaraq qeyd edir ki, bu məşhur kəşfiyyatçı haqqında çox şey eşidib. Ona məlumdur ki, Həmzə patoloji olaraq yəhudilərə nifrət edən fon Rodenburqun cəngindən onlarla yəhudi balasını xilas edib: “Rodenber ştabının yanında xüsusi “Ölüm Sarayı” inşa etdirmişdi. Burada onlarla əsir ailəsi saxlanırdı”.
1949-cu ilin 2 oktyabr tarixində İsrailin “Maariv” qəzetində Yosef Feldman “Borc” məqaləsində qeyd edir ki, azərbaycanlı Həmzə Sadıqov Stalinqrad döyüşlərində yəhudi balalarını ölümdən xilas edib: “1942-ci il İsrailin yeni tarixində əsas səhifələrdən biri olacaq. Biz yəhudi tarixçilərdən xahiş edirik ki, bizim uşaqları faşist əsirliyindən xilas edən bu azərbaycanlı döyüşçü haqqında yazsınlar. 1942-ci ilin 20 noyabr tarixində polkovnik Həmzə Sadıqov “Yəhudi İttifaqı”nın tərkibində olan Koordinasiya Komitəsinin nümayəndələrinə general fon Rodenburqun əsirliyindən xilas etdiyi onlarla yəhudi ailəsini təhvil verir. Belə bir tarixi unuda bilmərik”.
Maraqlıdır ki, sovet zabiti olan azərbaycanlının soyuqqanlılıqla yəhudiləri qətlə yetirən alman generalını əsir götürməsinə heç kəs inanmaq istəmirdi. Təəssüflər olsun ki, sovet rəhbərliyi buna inanmadı. Stalin isə məsələyə etinasız yanaşdı.
Hələ bu günə qədər də Həmzə Cümşüd oğlu Sadıqov barədə ciddi araşdırma aparılmayıb. Uzun illər yəhudi ailələrini qaniçən generaldan xilas edən kəşfiyyatçı Sadıqov heç kəsi maraqlandırmayıb. Əfsus ki, qəhrəman Sadıqov heç Azərbaycanda da layiq olduğu ehtiramı görməyib. Onun doğulduğu Ağdam rayonu işğal altındadır. Təəssüflər olsun ki, Azərbaycanda Sadıqovu çox az adam tanıyır. Amma Ermənistanda faşist generalları Dro və Nijde haqqında kütləvi kult yaradılıb. Onların şərəfinə abidələr ucaldılıb, bədii və sənədli filmlər lentə alınıb, İrəvanda isə Qareqin Nijde adına meydan var.
Nəzərə alsaq ki, Ermənistanda Müdafiə nazirliyinin tərkibində fəaliyyət göstərən Milli Strateji Araşdırmalar İnstitutu faşist və antisemit erməni generalının şərəfinə adlandırılıb. Bu general 30 mindən çox yəhudinin həyatına son qoyub.
Avstriyalı tarixçi Erik Fayql öz kitabında yazır: “1942-ci ilin dekabr ayında Dro Gimmleri ziyarət edir. Dronun qətlə yetirmə məsələsində kifayət qədər təcrübəsi var idi və vicdanı onu qətiyyən narahat etmirdi. Bu xüsusiyyəti Gimmlerin xoşuna gəldi”.
Rəsmi Moskva uzun illər faşistlərin və onların havadarlarının reabilitasiya cəhdinə qarşı çıxıb. Amma bu gün bir çox rus mətbuat orqanı bəzi faşistləri milli qəhrəman kimi təqdim edir. 2014-cü ilin 17 dekabr tarixində Ermənistanın Rusiyadakı səfiri “Ədəbiyyat qəzeti”-nə verdiyi müsahibədə deyirdi: “Bizim millətin böyük oğlu Qaregin Nijde düşünürdü ki, həyatın əsas qanunu mübarizə vasitəsi kimi özünü, cəmiyyəti və dövləti təkmilləşdirməkdir. Bu mübarizə ölkənin və xalqın inkişafında özünü biruzə verir”.
Məhz erməni generalı Dronun sələfləri, yəni Ermənistan prezidenti Serj Sarkisyan və Seyran Ohanyan 20-ci əsrin sonlarında Xocalı şəhərində kütləvi qətliama əl atdılar. Serj Sarkisyanın bu cümləsini: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, biz mülki əhaliyə əl qaldırmarıq. Biz bu sterotipi qırdıq”-cümləsini xatırlamaq kifayət edir. Bu cümlə Serj və onun klanının Dro və Nijdenin əsl və həqiqi sələfləri olduğunu sübut edir.
Hikmət
Ölkə.Az