Azərbaycanda bir sıra məşhur incəsənət nümayəndələri zamanla efirə buraxılmamaqları ilə bağlı gileyləniblər. Əksər sənətçilər özəl televiziya kanallarının onlara belə bir qadağa qoyduqlarını ictimaiyyətə etiraf ediblər.
Onlardan Flora Kərimova, Nazpəri Dostəliyeva, Aslan Hüseynov, Ayan Babakişiyevanı misal çəkə bilərik.
Maraqlıdır ki, Azərbaycanda özəl kanalların efirinə çıxmaq daha asandır. Yəni, gənc bir müğənni ödəniş müqabilində efirə çıxmaq şansını əldə edir və özünü tanıtmaq üçün kisənin ağzını açır. Bundan əlavə, tanınmış sənətçiləri televiziya özü də dəvət etməkdə maraqlıdır. Onlar sevilən müğənni sayəsində reytinq qazanacaqlarını düşünürlər. Ancaq sənətçilər arasında hələ də qadağalarla üzləşən məşhurlar var. Kimisi efirə gecikməsi ucbatından, kimisi sifarişlə, kimisi geyimiylə bağlı, kimisi isə TV rəhbəri ilə üzləşdiyi problem səbəbindən efirə həsrət qalır.
Özəl kanalların bu kimi addımlarını başa düşmək olar. Amma dövlət televiziyasının “qara siyahı”sına düşmək incəsənət dünyası üçün əsl zərbədir. AzTV-nin müğənniləri efirə buraxmağı üçün xüsusi şərtləri var. Kanalın əvvəl Nazənin, Mənzurə Musayeva, Maral Tahirqızı, Əli Mirəliyev kimi müğənnilərin tanıdılmasında rolu olsa da, indi onların kanala girişi məhdudlaşdırılıb. Adıçəkilənlərin el arasında “toy və bayağı müğənni” kimi təqdim edilməsi buna əsas səbəb ola bilər. Lakin qeyd etməliyik ki, dövlət tərəfindən fəxri adlar alan müğənnilərin də dövlət kanalına girişinə “stop” qoyulub. Qeyd edilir ki, onlar arasında xalq artistləri Flora Kərimova, Nazpəri Dostəliyeva, Aygün Kazımova, Nisə Qasımova, Elmira Rəhimova, Niyaməddin Musayev, Nüşabə Ələsgərli, Firuzə İbadova, Rühəngiz Allahverdiyeva, Mətanət İsgəndərli, Rəşidə Behbudova, Aslan Hüseynov və başqaları var. Məlumata görə, Nisə Qasımova bu kanalda efirə dəvət edilməsə də, onun Mədəniyyət TV-də onun arxiv kadrları yayımlanır. Hətta AzTV-nin təcrübəsində Xumar Qədimova və Rəqsanə İsmayılova ilə bağlı maraqlı faktlar da var. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin Dənizkənarı Milli Parkda təşkil etdiyi konsertlərdə çıxış edən sözügedən müğənnilərin görüntüləri efirə verilmir, əvəzində neytral görüntülər-ağac, tamaşaçılar və sairə göstərilir.
Düzgün geyimdən istifadə etməyən, ictimai və siyasi fikirlər səsləndirən sənətçilər var ki, AzTV-nin efirindən uzaqlaşdırılıblar.
Bəs görəsən AzTV-nin incəsənət nümayəndələrini efirə buraxmaq üçün hansı şərtləri var?
“Qafqazinfo” mövzu ilə bağlı Azərbaycan Televiziyasının sözçüsü Xatirə Qasımova ilə əlaqə saxlayıb.
AzTV-nin rəsmisi bildirib ki, efirə çıxan müğənninin yüksək efir mədəniyyəti olmalıdır:
“AzTV və “Mədəniyyət” telekanalları efirə yalnız ölkənin tanınmış, yüksək imicə malik peşəkar sənətkarlarını və istedadlı gənclərini dəvət edir. Əgər söhbət əsl sənətdən və sənətçidən gedirsə, televiziyanın nə şərti ola bilər? Hamıya bəllidir ki, efirə çıxan müğənninin gözəl səsi və yüksək efir mədəniyyəti olmalıdır. Bütün sənətkarlar da AzTV-nin statusuna hörmətlə yanaşaraq, ona uyğun hərəkət edirlər.
Hər hansı sahə əməkçiləri ilə olduğu kimi, sənətçi ilə söhbətin mövzusu həmin insanın şəxsi həyatı deyil, yaradıcılığıdır. Senzura şərtlərinə işarə olunmasına ehtiyac yoxdur. Digər efir şərtləri isə hamı üçün eynidir: ədəbli görkəm, normativ leksikaya riayət, milli, dini, cinsi və s. ayrıseçkiliyə, ədavətin qızışdırılmasına, müharibənin, zorakılığın təbliqinə yol verilməməsi... Bunlar həm bəşəri prinsiplərdir, həm də dövlətimizin Konstitusiyasında öz əksini tapıb”.
qafqazinfo.az