Dekabrın 8-də Avropa Azərbaycan Məktəbinin şagirdlərinin Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüşü keçirilib.
APA-nın xəbərinə görə, məktəbin 2016-2017-ci dərs ili üzrə illik planlaşdırmasında nəzərdə tutulmuş “Yazıçı ilə görüş” adlı tədbir çərçivəsində baş tutan görüşün təşəbbüsçüsü və təşkilatçısı məktəbin Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri olub. Tədbirə hazırlaşarkən məktəbin şagirdlərinin rəyi də nəzərə alınıb və onların istəyi ilə görüşə xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar dəvət edilib.
Tədbiri giriş sözü ilə məktəbin Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri Hüseyn Şahbəndəyev açaraq görüşün sonrakı axarını məktəblilərə həvalə edib. Yazıçının çoxcəhətli fəaliyyətini əks etdirən filmlərdən fraqmentlər Anarın kinodramatuq və ssenarilər müəllifi kimi yaradıcılığı barədə şagirdlərin təəssüratlarını genişləndirib. Tədbirdə məktəbin musiqi müəllimi Şəfiqə Həsənova tərəfindən yazıçı Anarın sözlərinə yazılmış müğənni İlqar Muradov ifasında “Taksi” mahnısının videoyazısı nümayiş olunmuşdur. Ş. Həsənova yazıçıya mahnının diskini hədiyyə edib.
Daha sonra söz Anara verilib və yazıçı şagird və müəllimlərin suallarına əhatəli cavablar verib.
Açıq dərs təsiri bağışlayan görüşü məktəbin insan resursları və ictimaiyyətlə əlaqələr üzrə direktoru Amalya Sezgin yekunlaşdırıb.
AYB sədri məktəbin “Xalçaçılıq” klubunda şagirdlər tərəfindən toxunmuş xalçalarla tanış olub və xalq yazıçısına şagirdlərin toxuduğu xalçalardan biri hədiyyə edilib.