
Cari ilin 10 ayı ərzində (21 mart 2025 - 20 yanvar 2026) İranın Azərbaycandan məhsul idxalı ötən ilin eyni dövrü ilə (20 mart 2024 - 19 yanvar 2025) müqayisədə dəyər baxımından 58 faiz, çəki baxımından isə 53,7 faiz azalıb.
"İksmedia az" bu məlumatı“Trend”-ə istinadən xəbər verir ki İran Gömrük Xidmətinin statistikasına istinadən yayıb.
Statistikaya əsasən, cənub qonşumuzun 10 ay ərzində Azərbaycandan idxalı təxminən 11,4 milyon dollar dəyərində 5000 ton təşkil edib. Əvvəlki ilin eyni dövründə İran ölkəmizdən 27 milyon dollar dəyərində 10900 ton məhsul idxal etmişdi. Bunlar - müxtəlif avadanlıqlar, preslənmiş soya, müxtəlif növ profillər və digər məhsullardır.
İlk 10 ayda İran və Azərbaycan arasında ticarət dövriyyəsi 724 min ton təşkil edib ki, bu da 496 milyon dollar dəyərindədir. İxrac ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 17,3 faiz, çəki baxımından isə 1,9 faiz azalıb.
Azərbaycan Dövlət Gömrük Komitəsi xarici ticarət statistikasını Miladi təqvimi ilə - yanvar-dekabr ayları üzrə apardığına görə İran tərəfinin açıqlamaları ilə Azərbaycanın rəqəmlərini müzayisə etmək mümkün deyil. Azərbaycanın gömrük statistikasına əsasən, 2025-ci ildə İranla ticarət əməliyyatlarının həcmi 644,1 milyon dollar təşkil edib. Bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 3 milyon dollar və ya 0,5 faiz azdır. Ötən il Azərbaycandan İrana 20 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 6 milyon dollar və ya 42,9 faiz çoxdur. İl ərzində İrandan Azərbaycana ixrac 624,1 milyon dollar olub, bu, 2024-cü illə müqayisədə 9 milyon dollar və ya 1,4 faiz azalma deməkdir.
2026-cı ilin yanvarında isə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 57,1 milyon dollar təşkil edib. Azərbaycan Gömrük Komitəsinin statistikasına əsasən bu, ötən ilin eyni ayı ilə müqayisədə 2,1 faiz çoxdur. Hesabat dövründə İrandan Azərbaycana 56,1 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının İrana ixracı isə 959,8 min dollar təşkil edib. Yanvarda İrana ixracımız 50 faizə yaxın, idxalımız isə 800 min dollar artıb.
Beləliklə, Azərbaycan gömrük statistikası ötən il İrandan idxalın cüzi azaldığını, bu ilin yanvarından isə artmağa başladığını, İran tərəfi isə azalmanın davam etdiyini və daha böyük rəqəmlərlə ifadə olunduğunu deyir..

İranla Azərbaycan arasında ticarətin azalmasında ötən ilin may-iyun aylarında İran-İsrail, İran-ABŞ toqquşması mühüm rol oynayıb. Gömrük statistikasından aydın olur ki, may ayına qədər ticarət həcmləri artıb, maydan sonra müəyyən azalma olub, sentyabrdan bu, dayanıb. Hazırda İranla ABŞ arasında növbəti gərginlik yaşanır. ABŞ prezidenti Donald Trampın yanvar ayında verdiyi qərara əsasən İranla ticarət aparan bütün ölkələr ABŞ-la ticarətində 25 faiz gömrük rüsumu ödəyəcəklər. Qərarın icra mexanizmi hələ açıqlanmayıb.
Lakin analitik mərkəzlərə görə, qərarı onun qəbulundan sonra İranla ticarəti dayandırmayan ölkələrə qarşı tətbiq edəcəklər. Bundan əlavə, ABŞ İran ətrafına böyük hərbi qüvvələr yığmaqdadır. Əksər ekspertlər iki ölkə arasındakı danışıqlara baxmayaraq, yaxın həftələrdə ABŞ-ın İrana zərbə endirəcəyini gözləyirlər.
ABŞ-ın mümkün zərbələrinin əsas məqsədi kimi İranın nüvə silahı yaratmaq, həmçinin ballistik raket istehsalı potensialının məhv edilməsi göstərilir. Lakin real olaraq məqsədin İrandakı rejimin devrilməsi olduğu şübhə doğurmur. ABŞ maliyyə naziri Skott Bessentin açıqladığı məlumata görə, ABŞ ötən ilin sonlarına doğru məqsədyönlü şəkildə İranın dollara çıxışını bağlayıb, ölkənin ən böyük bankının iflasına nail olub ki, bu da İran valyutasının kəskin dəyərsizləşməsi və əhali etirazlarına gətirib çıxarıb.
Hazırda ABŞ İran neftinin ixracına sərt nəzarət tətbiq edib, Tehran neftini daşıyan tanker və şirkətlərə sanksiya tətbiq edir. Eyni zamanda, İran neftinin ən böyük alıcısı olan Çinin bu alışları dayandırması üçün tədbirlər hazırlanır. Bütün bunlar yaxınmüddətli dövrdə İranda iqtisadi problemlərin daha da dərinləşməsinə gətirib çıxaracaq. Bu isə ölkənin ixrac imkanlarını məhdudlaşdıra bilər.
Azərbaycan üçün İranın ixrac potensialının zəifləməsi müəyyən problemlər yarada bilər. Belə ki, İrandan idxalın strukturuna baxdıqda bu ölkə ilə ticarətin dayanmasının, yaxud zəifləməsinin əhalinin aztəminatlı təbəqələri üçün böyük zərər yetirəcəyini görə bilərik. Belə ki, bu halda İrandan idxal edilən və həmin təbəqələr üçün əlçatan olan ərzaq məhsulları, məişət avadanlıqlar, təsərrüfat mallarını daha baha olan digər mənbələrdən tədarük etməli olacağıq. Bir sıra mühüm ərzaq məhsullarının idxalında İranın payı 60-70 faizə, bəzən 90-100 faizə çatır.
Cənub qonşudan idxalın digər əsas komponenti kütləvi istehlak mallarıdır. Bura maye və quru sabundan, qadınlar üçün kosmetik vasitələrdən tutmuş aftafa və dəsmala, uşaq oyuncaqlarından tutmuş, geyimlərə qədər çoxçeşidli məhsullar aiddir. Bunlardan əlavə, İrandan böyük həcmdə müxtəlif tikinti materialları, keramika-qranit məhsulları, divar kağızı və digər materiallar da idxal olunur.
İrandan idxal olunan bütün məhsullar digər bütün bazarladan alınanlardan ən azı 20 faizədək daha ucuzdur. Bu isə o deməkdir ki, bu ölkədən idxalın azalması, yaxud tamam dayanması aşağı büdcəli ailələr üçün böyük problemlər yarada bilər.
