AXTAR

Nigar Arpadarai: Formula-1 Azərbaycan Qran-Prisinə maraq ötən illə müqayisədə daha çoxdur

nigar arpadarai

 

Bu il keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisinə bilet satışı ötən illə müqayisədə daha çoxdur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.
N.Arpadarai bildirib ki, ötən il may ayınadək neçə bilet satılmışdısa, həmin sayda bilet bu il indiki vaxta qədər artıq satılıb. Bu Azərbaycan Qran-Prisinə artan marağı göstərir. Ümumilikdə 30 min bilet satışa çıxarılıb və 40-dan çox ölkədən bilet alınıb. Ötən illə müqayisədə builki Formula-1 yarışına bilet alan Azərbaycan vətəndaşlarının sayı artıb.
Formula-1 Azərbaycan Qran-Prisi ilə bağlı təbliğat işlərinin uğurla davam etdirildiyini deyən BŞH təmsilçisi deyib ki, bununla əlaqədar xarici ölkələrdə avtomobil-idman sərgilərində, digər aksiyalarda geniş iş aparılır.
Vurğulanıb ki, Formula-1 Azərbaycan Qran-Prisində iştirak etmək üçün 10 min könüllü qeydiyyata alınıb. Onların arasından 3 min könüllü seçilir.
Yarışla əlaqədar tikinti işlərinə artıq başlandığını qeyd edən N.Arpadarainin sözlərinə görə, hazırda Azadlıq Meydanının arxasında qarajlar quraşdırılır. Apreldən paytaxtın Niyazi küçəsində qənbər daşların üzərinə asfalt örtüyünün çəkilməsi işlərinə başlanılacaq. May ayında isə tribunalar, baryerlər quraşdırılacaq.

Oxşar məqalələr