“Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu
Xəzər konvensiyası və Nazarbayev-Putin dialoqu işğalçı ölkədə niyə təlaş yaradıb?; erməni şərhçi: “Azərbaycan bundan mütləq bizə qarşı istifadə edəcək...”
Ötən həftəsonu Qazaxıstanın Aktau şəhərində 5 sahilyanı ölkənin başçıları Xəzər dənizinin hüquqi statusu barədə konvensiya imzaladılar. Sənəd, şübhəsiz ki, Rusiya və Azərbaycan da daxil, sahilyanı dövlətlər arasında iki və çoxtərəfli əlaqələrin genişlənməsinə yeni töhfə verəcək. Bu da Ermənistanda əlavə narahatlıq yaradıb.
Sammitdə dənizin hüquqi statusuna dair qəbul edilən konvensiya ilə bağlı erməni tərəfinin şərhlərindən bunu aydın görmək olar. Düşmən ölkədə xüsusən də “məxməri inqilab”dan sonra İrəvan-Moskva münasibətlərində yaşanan gərginlik fonunda Azərbaycan-Rusiya əlaqələrinin bir az da sıxlaşması və daha anlaşıqlı olmasından dolayı əndişə artıb. Söhbət təbii ki, həm də Qarabağ məsələsində Moskva-Bakı əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə keçməsi mümkünlüyündən gedir.
Yalnız iki fakt.
“Rusiya və İran Azərbaycana Xəzər məsələsində güzəştə getdilər”. Bu sözləri özünün facebook səhifəsində Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Armen Aşotyan paylaşıb (axar.az). “Biz əqrəblərlə dolu bankanı xatırladan öz daxili siyasi qazanımızda qaynadığımız vaxtda regionda ciddi geosiyasi dəyişikliklər baş verir. ”Xəzər beşliyi" Aktauda Xəzər dənizinin hüquqi statusu barədə konvensiya imzaladılar. Azərbaycanı maksimal şəkildə qane edən bölünmə baş verdi. İndi o, Xəzərdə hasilat üçün böyük həcmli araşdırmalar apara və böyük həcmdə enerji daşıyıcısı ixrac edə bilər. Faktiki surətdə Rusiya və İran Azərbaycana böyük enerji daşıyıcıları məsələsində güzəştə razı oldular və əvəzində strateji və uzunmüddətli zəmanət aldılar. Bu da de-fakto qonşularımız arasında mövcud əlaqələri gücləndirəcək. Daxili siyasi gündəmi süni şəkildə gücləndirmək bizə çox baha başa gələ bilər", - deyə erməni yetkinlisi qeyd edib.
Parlamentin vitse-spikeri Eduard Şarmazanov isə bildirib ki, Ermənistanın yeni hökuməti müttəfiqləri ilə əlaqələri zəiflətdiyi bir vaxtda Azərbaycanın bu ölkələrlə əlaqələri möhkəmlənir (virtualaz.org). İmzalanmış konvensiyaya görə, Azərbaycanın Xəzər şelfində yeni ərazilərə sahib olması onu da narahat edib. Bakının düşünülmüş xarici siyasətini örnək göstərən Şarmazanov Ermənistanın yeni diplomatik cəhdlərini kəskin tənqid edib: “Buna sübut olaraq Panik kəndində rus hərbi təlimləri zamanı baş vermiş insidenti misal göstərə bilərəm. Paşinyan heç cür əsaslandıra bilməz ki, KTMT-nin və Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistan NATO-nun təlimlərində niyə iştirak edir? Yeni baş nazir bunu belə izah edir ki, vaxtilə Serj Sərkisyan da bu cür təlimlərdə iştirak edib. Bu, bir siyasətçi üçün çox uğursuz cavabdır”.
Bir daha Azərbaycanın diplomatik uğurunu xatırladan Şarmazanov deyib: “Bütün bunların fonunda bizim rəqibimiz Avrasiya İqtisadi Birliyinin iki vacib iştirakçısı ilə - Rusiya və Qazaxıstanla, habelə çox mühüm qonşumuz İranla sənədlər imzalayır”.
*****
Bu da hamısı deyil. Aktau zirvəsi çərçivəsində Xəzərlə bağlı olmayan, lakin İrəvanın narahatlığına səbəb olan daha bir olay baş verib. Xəbər verildiyi kimi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev rusiyalı həmkarı Vladimir Putinlə ayrıca görüşü zamanı Ermənistanda cinayət məsuliyyətinə cəlb edilən KTMT baş katibi Yuri Xaçaturovun məsələsini müzakirə etməyi təklif edib.
“Yeni Müsavat” xatırladır ki, general Xaçaturova qarşı 2008-ci ilin 1 mart hadisələrinə görə cinayət işi açılıb. O, dövlət çevrilişi cəhdində ittiham olunur. Xaçaturovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilsə də, az sonra Rusiyanın təzyiqi ilə Ermənistan hakimiyyəti onun ölkədən çıxmasına və Moskvaya qayıtmasına icazə verib.
Yuri Xaçaturovun məsələsini müzakirə etməyi N.Nazarbayev təklif edib. O bildirib ki, ikitərəfli əməkdaşlığa aid olan və müzakirə edilməli məsələlərdən biri də KTMT-nin baş katibinin məsələsidir. “Hansı ki, indi problemə çevrilib” - qazax prezident deyib. Putin isə cavabında bildirib: “KTMT, Avrasiya İqtisadi Birliyi çərçivəsində daha geniş münasibətlərimizə gəldikdə burada çox böyük proqram, böyük gündəm var. Problem xarakterli məsələlər də var və onlardan birinə Siz indi KTMT ilə bağlı toxundunuz”.
Xatırladaq ki, keçən həftə - avqustun 7-də Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə bu mövzuda telefon danışığı aparıb. Məlumatlara görə, rəsmi İrəvan Yuri Xaçaturovun yerinə yenə məhz Ermənistan nümayəndəsinin təyin edilməsinə nail olmağa çalışır. Çünki bu, ondan ötrü indi həm də imic məsələsidir.
*****
Nazarbayevlə Putin arasında ile ilgili görsel sonucu
Erməni nəşrləri Aktaudakı Nazarbayevlə Putin arasında söhbətdə yer almış bu məqama xüsusi diqqət yönəldib.
“Əslində yeni baş katib məsələsini Xaçaturova qarşı ittiham irəli sürüləndən sonra ilk olaraq Ermənistan qaldırıb. Bu xüsusda bir neçə gün öncə Nursultan Nazarbayevlə telefon danışığı da aparılıb. Maraqlıdır, görəsən, Nazarbayev KTMT baş katibi postu ətrafında yaranan situasiyanı Putinlə hansı kontekstdə müzakirə eləmək niyyətindədir? Paşinyanın gətirdiyi arqumentlər Nazarbayevi inandıra bilibmi, yoxsa KTMT-də Azərbaycanın lobbisti sayılan Astana yaranmış vəziyyətdən Ermənistanı qurumda sədrlikdən məhrum eləmək üçün çalışır?”
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə 1 in.am portalında siyasi şərhçi Sərkis Arsruninin məqaləsində deyilir. Müəllif bu xüsusda narahatlıq üçün ciddi əsas görür. “Sirr deyil ki, Xaçaturov baş katib postuna təyin olunanadək Qazaxıstan və Belarus müxtəlif bəhanələrlə uzun müddət bu vəzifəyə Ermənistan nümayəndəsinin təyinatına mane olub. O zaman yekunda Moskvanın sözü keçmişdi. Məhz elə burada yeni bir intriqa yaranır: əgər Nazarbayev yenə Ermənistanın yeni nümayəndəsinin təyinatına qarşı çıxsa, Putin bu dəfə də Ermənistana kömək edəcəkmi, yoxsa Lavrovun məntiqinə uyğun surətdə nümayişkaranə şəkildə İrəvana qarşı diplomatik demarşa gedəcək? Bir şey demək olar, aydındır ki, Rusiya bu məsələni alver predmetinə çevirəcək. Yəni Kreml bir yandan, Qazaxıstan və Belarusla heç də hamar olmayan münasibətləri aydınlaşdırmaq, digər yandan isə Ermənistana təzyiq məqsədi üçün istifadə edəcək” - yazıda ardınca bildirilir.
Müəllif sonda cavabını özü də bilmədiyi sual qoyur: “KTMT-nin baş katibi postuna yenə Ermənistan nümayəndəsinin təyin edilməsi qarşılığında Moskva Ermənistandan nə tələb edəcək və İrəvan bu postun özündə saxlanması üçün hansısa qiymət ödəməyə hazırdırmı? Sual birmənalı cavaba malik deyil. İş ondadır ki, bir yandan, KTMT baş katibi postu Ermənistan üçün ciddi önəm daşımırsa, başqa yandan, 2020-ci ilədək bu vəzifə Ermənistana məxsusdur və ən azından, reputasiya itkisi problemi yaranacaq - əgər bizim hakimiyyət Xaçaturovun başqa erməni ilə əvəzlənməsi məsələsində uğursuzluğa uğrasa. Bu isə diplomatik fiasko demək olacaq və ondan şəksiz ki, Azərbaycan istifadə eləməyə çalışacaq. Bundan əlavə, əgər Ermənistan başqa ölkənin nümayəndəsinin baş katib postuna təyinatına razılıq verməsə, Ermənistan-Rusiya əlaqələrində böhranın dərinləşməsi üçün daha bir səbəb ortaya çıxacaq”.
Göründüyü kimi, Ermənistanda Rusiyanın İrəvana qarşı mümkün sürprizlərindən dolayı ciddi əndişələr qalır və artmaqdadır...
Siyasət şöbəsi,
“Yeni Müsavat”
Ankara və Vaşinqtonun “arasına girən” rahib - Branson kimdir?
Vaşinqtonun Türkiyə hökumətinə azad edilməsi üçün 5 gün vaxt verdiyi rahib Bronson kimdir?
Ankara və Vaşinqton arasında gərginlik səngiyənə bənzəmir. Məlum olub ki, Vaşinqtona gedən Ankara heyətinin də danışıqları nəticəsiz bitib. Türkiyə mediasının məlumatına görə, danışıqlar zamanı Vaşinqton Türkiyə hökumətinə rahib Bronsonu azad etmək üçün gələn həftənin çərşənbə gününə qədər vaxt verib.
Britaniyanın “Financial Times” nəşrinin yazdığına görə, Vaşinqtonda yerləşən Yaxın Şərq Araşdırmaları İnstitutunun Türkiyə mütəxəssisi Soner Çağaptay bildirib ki, ABŞ dövlət katibinin müavini Con Sallivan türkiyəli heyətə rahib Bronsonu azad etmək üçün çərşənbə gününə qədər vaxt verildiyini bildirib. Ekspertlər ABŞ hökumətinin bu mövqeyini Ankaraya açıq xəbərdarlıq kimi qiymətləndirir.
Ancaq artıq rahib məsələsi Türkiyə iqtisadiyyatına ciddi zərbə vurmaqda davam edir. Son bir sutkada Türkiyə lirəsi dollarla müqayisədə daha 12 faiz ucuzlaşaraq 1 dollar 6,30 lirəyə yüksəlib. Avro isə 7 lirəni keçib. “Financial Times” nəşri artıq lirədəki ucuzlaşmanın Avropa Birliyi və Avropa Mərkəzi Bankını narahat etməyə başladığını yazıb. Ümumilikdə Türkiyə iqtisadiyyatında geriləmə tendensiyası son zamanlar daha da sürətlənib. Məsələn, son 18 ayda Türkiyədə 20 600 iş yeri bağlanıb. Yəni gündə orta hesabla 38 iş yeri bağlanır.
rahip brunson ile ilgili görsel sonucu
Ən ciddi problem isə təbii ki, maliyyə sahəsindədir. Daha dəqiqi, Türkiyənin milli valyutasının dollar və avro qarşısında sürətlə ucuzlaşmasıdır. Bir çox mütəxəssislərə görə, lirənin dəyər itirməsi məhz Vaşinqton və Ankara arasında yaşanan rahib böhranı ilə əlaqədardır. Vaşinqton rahibə görə Ankaraya bəzi məhdudiyyətlər tətbiq edib, hətta vitse-prezident Mayk Pens Ankaraya qarşı sanksiyaların ola biləcəyini qeyd edib. Artıq ilkin olaraq Türkiyənin iştirak etdiyi F-35 qırıcılarının alınması ilə bağlı müqavilənin icrası təxirə salınıb. Vaşinqtonun mövqeyindən belə anlaşılır ki, Ankara rahib Bronsonu geri ABŞ-a verməyəcəyi təqdirdə Türkiyə hökumətini daha sərt sanksiyalar gözləyə bilər.
Doğrudur, ABŞ və Türkiyə arasında son bir neçə ildə soyuqluq müşahidə olunub. Ancaq rahib Bronsunun mühakiməsi Türkiyə valyutasına ciddi təsir edib. ABŞ və Türkiyə arasında böhrana səbəb olan rahib kimdir?
Rahib Endryü Kreiq Branson indi Vaşinqton və Ankara arasında münaqişənin əsas səbəbkarıdır. Hansı ki, ABŞ prezidenti Tramp birbaşa Ərdoğana zəng edərək geri qaytarılmasını tələb edib. ABŞ-ın vitse-prezidenti isə Bronsona görə Ankaranı sanksiyalarla hədələyib. Türkiyə prezidenti Ərdoğan isə açıq şəkildə Bronsonun əvəzinə ABŞ-da yaşayan Fətullah Güləni tələb edib.
rahip brunson ile ilgili görsel sonucu
İzmirdə yerləşən protestant Diriliş kilsəsinin keşişi rahib Endryü Kreiq Bronson 2016-cı il dekabrın 9-da həbs olunub. Türkiyə ədliyyəsi onu FETÖ üzvü olmaqda ittiham edir. Türkiyə mediasının iddialarına görə, rahib Bronsonun FETÖ üzvü olması ilə bağlı gizli və açıq şahidlər İzmirdə ifadə veriblər. Təhlükəsizlik səbəbindən rahibin məhkəmə və istintaq prosesi gizli aparılır.
Rəsmi ittihama əsasən, Bronson “dövlətə məxsus, gizli saxlanması lazım olan məlumatları siyasi və hərbi casusuluq məqsədi ilə əldə etmə, Türkiyə Böyük Millət Məclisini ləğv etməyə təşəbbüs, konstitusion sistemi dəyişməyə təşəbbüs” cinayətində ittiham olunur. Bundan başqa, Bronson “Gəzi Parkı” hadisələri zamanı aksiyaları dəstəkləmək və təşkilatçılıqda ittiham olunur. İttiham olunduğu cinayətlərə görə rahib Bronson 35 ilə qədər həbs cəzası ala bilər.
Rahib isə istintaqa ifadəsində bu ittihamları rədd edib. Sadəcə, dini fəaliyyətlər həyata keçirdiyini, xristian kilsəsinə mənsub olduğunu, heç bir islamçı hərəkatı dəstəkləmədi və heç bir FETÖ üzvünü tanımadığını bildirib.
Qeyd edək ki, Bronson 2011-ci ildə kilsədə çıxış edərkən hücuma məruz qalaraq yaralanıb. O, 1968-cı ildə ABŞ-da anadan olub. ABŞ-da dini təhsil alıb, 23 ildən artıqdır ki, Türkiyədə yaşayır. İzmirdə kilsədə dini fəaliyyətlə məşğul olur. Ancaq rahibin PKK üzvləri ilə görüşməsi ilə bağlı iddialar, “Gəzi Olayları”na qarışması və nəhayət, FETÖ ilə bağlantısının olduğu iddia edilir.
rahip brunson ile ilgili görsel sonucu
Yeri gəlmişkən, Fətullah Gülən camaatının ən güclü olduğu yerlərdən biri İzmir olub. Bir zamanlar F.Gülən “Kommunizmə qarşı mübarizə Dərnəyi” adlı dini-siyasi təşkilatını da məhz İzmirdə qurub və buradan tədricən Türkiyə, daha sonra isə bütün dünyaya yayılıb.
Bundan başqa, Türkiyə mediasında rahib Bronson işi ilə bağlı bir sıra maraqlı iddialar var. Hətta Bronsonun həyat yoldaşı ilə ABŞ-ın hazırkı vitse-prezidenti, Tramp üzərində ciddi təsirə malik olan Mayk Pensin həyat yoldaşının rəfiqə olduğu və bu səbəbdən də məsələnin Ağ Evin gündəmində saxlanıldığı iddia olunur. Bir başqa iddiaya görə isə Bronson və Pens eyni dini təriqəti təmsil edir və bu dini bağ səbəbindən Ağ Ev bu mövzuya həddən artıq həssas yanaşır.
Ancaq aydın məsələdir ki, rahibin mövzusu artıq həddən ziyadə böyüyüb və bir mənada Vaşinqton üçün şərəf məsələsinə çevrilib. ABŞ-ın Türkiyədən bəzi məhsulların idxalına vergini artırması lirə üçün əlavə zərbə olub.
Ankaranın isə qarşıda 5 günü var. Doğrudur, indi Ankara rahibi azad etməklə bir qədər vəziyyəti yumşalda, lirədəki sərt enişi dayandıra bilər. Hətta iqtisadiyyatdakı vahiməli həyəcanı da azalda bilər. Lakin Ankara bununla faktiki surətdə siyasi olaraq heç nə əldə etməmiş olur və Vaşinqton qarşısında geri çəkilir. Bu isə Ankara üçün bir qədər çətindir. Çünki növbəti mərhələdə Ankara qarşısında digər tələblər də gələcək. Ona görə də indi Ankara üçün çox çətin mərhələdir. Daha ağıllı və az itki ilə vəziyyətdən çıxara biləcək müdrik qərara ehtiyac var.
Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”
Daha çox məqalə...
56 -dən səhifə 136