
Azərbaycan Prezidenti İlham Əliyevin Münhendə Kiyevdəki səfirliyimizə edilən hücumlarla bağlı açıqlaması Rusiya mediasında hələ də müzakirə olunur. Bu yazıların əksəriyyəti qərəzli və Azərbaycana qarşı böhtan xarakterlidir. Amma bəzi fikirlər gerçəkliyi də əks etdirir.
İksmedia az Musavat.com-a istinadənxəbər verir ki, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikovdan “Svobodnaya Pressa” da Azərbaycan Prezidentinin bu mövzunu niyə gündəmə gətirməsi barədə soruşub.
Solonnikov deyib ki, Azərbaycanla münasibətlərdə gərginlik yaradan əsas problem 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yollarına məxsus təyyarənin vurulmasıdır.
“Otuz səkkiz nəfər həlak olub. Vladimir Putin 2025-ci ilin oktyabr ayında Düşənbədə Azərbaycanlı həmkarı ilə görüşündə təyyarə qəzasının səbəblərini ətraflı izah edib. Putinin sözlərinə görə, səbəb Ukrayna PUA-sının hava üzərində uçuşu və Rusiya hava hücumundan müdafiə sisteminin texniki nasazlığı olub. O, həmçinin Moskvanın təyyarə qəzasında həlak olanların ailələrinə və yaralananlara kompensasiya ödəyəcəyinə söz verib. Rusiya prezidenti İlham Əliyevdən üzr də istəyib” deyə, politoloq vurğulayıb. Amma daha sonra əlavə edib ki, Astanadakı həmin görüş zamanı Rusiya prezidenti həmçinin AZAL təyyarəsi ilə bağlı istintaq materiallarını dərc edəcəyinə və məsul şəxsləri müəyyən edəcəyinə söz verib: “Təəssüf ki, bu, bu günə qədər baş verməyib...”

Yada salaq ki, dövlət başçısı məlum açıqlamasında Ukraynadakı hərbi əməliyyatlar zamanı nəinki Azərbaycanın enerji infrastrukturuna, hətta üç dəfə səfirliyimizə də zərbələr endirildiyini deyib:
“İlk hücum baş verəndə bunun təsadüfi ola biləcəyini düşünürdük. Buna görə də Rusiya tərəfinə diplomatik nümayəndəliklərimizin, o cümlədən konsulluq şöbəsinin, Mədəniyyət Mərkəzinin və səfirliyin dəqiq koordinatlarını təqdim etdik. Lakin buna baxmayaraq, daha iki hücum da baş verdi. Bu, Azərbaycanın diplomatik nümayəndəliklərinə bilərəkdən hücum edildiyini göstərir. Bununla bağlı xüsusi bəyanatımız yayılıb, səfir çağırılaraq ona diplomatik nota təqdim olunub. Biz bütün addımlarımızı diplomatik müstəvidə atmışıq və baş verənləri Azərbaycana qarşı qeyri-dost hərəkəti kimi dəyərləndiririk. Və sizin sualınızı mən anlayıram, mən sadəcə sizə məlumat vermək istəyirəm ki, Azərbaycan hökuməti tərəfindən bütün zəruri diplomatik tədbirlər görülüb”.
Rusiya XİN isə Kiyevdəki Azərbaycan diplomatik nümayəndəlik kompleksinə hücumun "Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin düzgün işləməməsi nəticəsində" yarandığını iddia edib.
"Mülki əhaliyə zərər vurulmasının qarşısını almaq üçün döyüş məlumatlarının diqqətlə monitorinqi aparılır və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi yerlər nəzərə alınır" - Rusiya XİN vurğulayıb.
