2 iyun 2022-ci ildə Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən 28 may – Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib və ziyafət təşkil olunub. Tədbir Berlində yeni istifadəyə verilmiş Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində baş tutub.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov Müstəqillik Gününün Azərbaycan xalqı tərəfindən 104 il əvvəl müstəqil demokratik respublikanın yaradılması ilə bağlı olduğunu dilə gətirib. Bildirib ki, bu tarix hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Səfir Azərbaycan Demokratik Respublikasının cəmi 2 il fəaliyyət göstərməsinə baxmayaraq bir çox nailiyyətlərə imza atdığını, o cümlədən hələ 1918-ci ildə parlamentarizmi tətbiq etdiyini, qadınlar və milli azlıqlar üçün seçki və digər hüquqları tanıdığını vurğulayıb. Həsənov həmçinin, 1991-ci ildə Azərbaycan xalqının öz müstəqilliyini bərpa etdiyini, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yeni inkişaf yoluna qədəm qoyduğunu qeyd edib. Əlavə edib ki, məhz bu dövrdə Azərbaycanın milli dövlət quruculuğuna və cəmiyyətin bütün sahələrini əhatə edən islahatlara başlanılıb və müasir inkişaf strategiyası müəyyən edilib. Səfir bildirib ki, sözügedən uzaqgörən siyasət nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Səfir Həsənov cari ildə qeyd olunan Müstəqillik Gününün daha bir mühüm hadisə ilə əlamətdar olduğunu diqqətə çatdırıb. O, sözügedən tədbirin keçirilməsi ilə Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzinin qapılarının ictimaiyyətin üzünə açıldığını vurğulayıb. Səfir mərkəzin Azərbaycan mədəniyyətinin ölkə daxilində və xaricində fədakar təbliğatçısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü əsasında və Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ildə təsis edildiyini bildirib. Azərbaycan səfiri mərkəzin tikintisində əməyi keçən bütün şəxslərə, o cümlədən binanın memarları Nəriman İmaməliyev və Klaus Noymana öz dərin təşəkkürünü bildirib, Azərbaycan Mədəniyyət Mərkəzinin binasının Berlin şəhərinin arxitekturasına əlavə rəng qatdığını qeyd edib. O, sözügedən mərkəzin yaradılmasının zəngin Azərbaycan mədəniyyətinin Almaniyada təbliğinə və ölkələrimiz arasında mədəniyyət əlaqələrinin inkişafına ölkəmizin rəhbərliyi tərəfindən verilən çox mühüm töhfə olduğunu vurğulayıb.
Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzinin fəaliyyətə başlamasının Şuşa İlinə təsadüf etməsinin də xüsusi əlamətdar hal olduğunu diqqətə çatdırıb. Bildirib ki, Müstəqillik Gününə həsr olunmuş konsertdə çıxış edən Azərbaycanın xalq artisti, dirijor Yalçın Adıgözəlov da Azərbaycanın Mədəniyyət Paytaxtı – Şuşa şəhərindən olan qədim müsiqiçi ailəsinin 3-cü nəslini təmsil edir. Səfir Ramin Həsənov Mədəniyyət Mərkəzinin Şuşa İli ərzində bir çox maraqlı mədəni tədbirlərə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.
Azərbaycan səfiri çıxışında həmçinin, Azərbaycan və Almaniya arasında bütün sahələrdə inkişaf edən əməkdaşlıqdan bəhs edib. Ölkələrimiz arasında ən yüksək səviyyədə qarşılıqlı etimada əsaslanan siyasi dialoq olduğunu diqqətə çatdırıb. Cari ilin mart ayında Azərbaycanın xarici işlər və energetika nazirlərinin Almaniyaya işgüzar səfər etdiklərini, habelə belə səfərlərin yaxın gələcəkdə davam etdirilməsinə hər iki tərəfdə böyük marağın olduğunu dilə gətirib. Səfir Azərbaycanın Almaniya və Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu və Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm rol oynadığını qeyd edib. Həsənov çıxışında post-münaqişə dövründə siyasətimiz və yanaşmalarımız barədə məlumat verib. Azərbaycan tərəfinin regionda sülhün bərqərar olması naminə sülh təşəbbüsü ilə çıxış etdiyini, habelə qarşı tərəfə ərazi bütövlüyü və suverenliyin, eləcə də sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında sülh müqaviləsi bağlamağı təklif etdiyini dilə gətirib.
Tədbirdə çıxış edən Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberq AFR hökuməti adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik nitqi səsləndirib və çıxışında Azərbaycan-Almaniya münasibətlərinə nəzər salıb.
Tədbirin rəsmi hissəsinin başa çatmasından sonra Azərbaycanın xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi altında kamera orkestrinin ifasında Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Vasif Adıgözəlov, Məmməd Quiyev və digər azərbaycanlı bəstəkarların, eləcə də alman klassiklərinin əsərləri səsləndirilib. Azərbaycanlı musiqiçilər Sahib Paşazadə (tar) və Orxan Cəlilov (tenor) konsertin solistləri qismində çıxış ediblər.
Konsertdən sonra 28 may – Müstəqillik Günü münasibətilə təşkil olunmuş ziyafət zamanı iştirakçılara Azərbaycanın mədəniyyətini, mətbəxini, turizm potensialını, ölkəmizdə sərmayə imkanlarını təbliğ və təşviq edən çoxsaylı kliplər nümayiş etdirilib.
Tədbirdə Bundestaq deputatları, Almaniyanın dövlət qurumlarının, ictimai-siyasi, elmi, mədəni dairələrinin, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və Almaniyadakı Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Tədbirdən şəkilləri təqdim edirik: