Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ 2007-ci ildə Litvaya rəsmi səfəri
zamanı ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin bugünkü formatda inkişafı üçün əlverişli
zəmin yaradılmışdı. Belə ki, həmin tarixi səfər çərçivəsində bir çox mühüm sənədlər
imzalanmışdı. Onlardan ən əhəmiyyətlisi isə “Azərbaycan Respublikası Prezidentinin və Litva
Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında” birgə bəyannamə
idi. Ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycan-Litva əlaqələrinin daha da inkişaf
etdirilməsinə zəmin yaratmış və bu münasibətlərə yeni impuls verən hüquqi bazaya çevrildi.
Həmin vaxt dövlət başçılarının geniş tərkibdə görüşündə Prezident İlham Əliyev demişdi:
“Biz Litva ilə münasibətlərə böyük əhəmiyyət veririk və bu münasibətlər son vaxtlar xeyli
inkişaf etmişdir. Litva və Azərbaycan vahid mövqelərdən çıxış edirlər, ölkələrimiz arasında
heç bir problem yoxdur və əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir.” Möhtərəm dövlət
başçımızın dediyi sözlər bu gün gedən proseslərdə öz təsdiqini tam olaraq tapır. O cümlədən
Litva Respublikasının Prezidenti Gitanas Nausedanın mayın 18-də Azərbaycana rəsmi səfərə
gəlişi ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək. Təsadüfi
deyil ki, Prezident İlham Əliyev öz çıxışında bir daha vurğuladı ki, Azərbaycan və Litva uzun
illərdir ki, strateji tərəfdaşdırlar. Həqiqətən də bu gün Azərbaycan və Litva arasında güclü
siyasi əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq
mövcuddur. Təbii ki, dövlət başçılarının müzakirə etdikləri vacib məsələlər arasında Cənubi
Qafqazda münaqişədən sonrakı vəziyyət, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən
sonra yaranmış yeni regional reallıqlar xüsusi yer tutub. Prezident İlham Əliyev bir daha
Azərbaycanın mövqeyini ifadə edərək bildirib ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və
qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Həm də nəzərə almaq lazımdır ki, Vətən
müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün əvvəllər heç zaman mövcud
olmamış geniş imkanlar meydana çıxıb. Təəssüflər olsun ki, yalnız Ermənistan indiyə qədər
hələ də Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına
həvəs göstərmir. Bununla belə dövlətimizin başçısı bu məqamı da qeyd edib ki, Ermənistan
rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi
qəbul edib və bu artıq müəyyən qədər nikbinliyin yaranmasına əsas verir.
Birmənalı olaraq bunu da qeyd etmək lazımdır ki, bu gün həm Azərbaycanın, həm də
Litvanın iş adamları ölkələrimiz arasında biznes əlaqələrinin inkişafında son dərəcə
maraqlıdırlar. Bu baxımdan mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş
Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə
məlumatların mübadiləsi xüsusunda və əlbəttə ki, işgüzar əlaqələrin qurulnası üçün yaxşı
fürsət oldu. Forumdakı çıxışında dövlət başçımız da vurğuladı ki, yaxın zamanlarda bir araya
gələcək birgə hökumətlərarası komissiya işgüzar dairələrin səylərini əlaqələndirəcək və hər iki
ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaq. Məlumdur ki, bu gün Azərbaycanda biznes
mühiti investorlar üçün çox əlverişlidir. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar
qoyulur. Əlbəttə ki, bu baxımdan xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox
vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi, hal-hazırda isə
investisiya bərpaolunan enerji sahəsini də əhatə edir. Dövlət başçımızın da öz çıxışında qeyd
etdiyi kimi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi əsas prioritetdir. Əlbəttə ki, enerji
sektoru ənənəvi olaraq ölkənin iqtisadiyyatında aparıcı sektor olub və bu, davam edəcək.
Həmçinin demək lazımdır ki, hazırda Azərbaycanın inkişaf dinamikasının əsas göstəriciləri
kifayət qədər yüksəkdir. Belə ki, cari ilin dörd ayının nəticələrinə əsasən ölkənin iqtisadiyyatı
7,2 faiz artmışdır. O cümlədən qeyri-neft sektorunda artım 11,4 faizdir. Ümumi ixrac 85 faiz
artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Bu ilin əvvəlində xarici investorlar ilə 470
meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə
imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir. Əminliklə
demək olar ki, bütün bunlar Azərbaycan və Litva arasında da biznes əlaqələrinin inkişafına
güclü təkan verəcək.
Dövlət başçımızın öz çıxışında toxunduğu daha bir vacib məqam bu oldu ki, Litvanın
Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəkləməsi də çox müsbət bir haldır. Qeyd edək
ki, son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf
səviyyəsinə yüksəlməsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham
Əliyev arasında intensiv dialoq və təmasların nəticəsidir. Bu gün Avropa İttifaqı bizim əsas
ticarət tərəfdaşımızdır. Eyni zamanda da Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi
maraqları getdikcə böyüyür. Hazırda Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin
olunması məsələsi bu maraqları daha konkret formalarda ortaya qoyur. Məhz elə bu
maraqların da təmin olunması naminə Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış
yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış bu yeni reallığa əsaslanır. Yeni
reallıq isə ilk növbədə möhkəm və davamlı regional sülhün bərqərar olunmasına əməli
töhfələr verə biləcək yeni, işlək formatın yaradılmasını tələb edir. Belə bir format da məhz
Prezident İlham Əliyevin ötən ilin sonlarından bəri keçirdiyi görüşlərin və apardığı
danışıqların nəticəsi olaraq yaranıb. Dövlət başçısının dediyi kimi, Azərbaycana etibarlı və
uzunmüddətli bazarlar, həm də ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır.
Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır.
Bu baxımdan, əlbəttə ki, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul
edilir.
Rusif KƏRİMOV
Viləşçay SAİİ-nin rəisi